Şrift:
Bu il Cəlilabadın badam bağlarından ilk məhsul yığılacaq
14.05.2021 [11:07] - Xəbərlər, İqtisadiyyat
Cəlilabadda ilk dəfə salınan badam bağlarından bu il məhsul toplanılması gözlənilir. Üç il əvvəl salınan 2 hektarlıq bağ, bu il Amerika mənşəli “Guara” tinglərindən istifadə olunmaqla, 3 hektara qədər artırılıb.

İqlim şəraiti və torpaq xüsusiyyətləri Cəlilabad rayonunda qədim meyvəçilik növlərindən olan badamçılığın inkişafına və bu sahə üzrə məhsul istehsalına imkan verir. 2018-ci ildən rayonun ucqar dağ kəndində badam bağının salınmasında böyük təcrübəyə malik mütəxəssislər də iştirak ediblər. Müasir əkin sxeminə uyğun salınan bağın hər hektarında 600-dən çox ting basdırılıb.

Fermer Rafiq Salayev deyib: “Sınaq məqsədilə Cəlilabad rayonunun Moranlı kəndində 2 hektara yaxın ərazidə badam bağları saldıq. Bu il isə badam bağlarını əlavə olaraq 1 hektar artırmışıq. Hazırda badam ləpəsinə ehtiyac çoxdur. Azərbaycanda və xaricdə tələbat yüksək olduğu üçün çalışırıq ki, məhsulumuzu artıraq. Badam bağları effektiv olarsa, gələcəkdə sahələri genişləndirib, bol məhsul götürməyi qarşıya məqsəd qoymuşuq”.

Üç il əvvəl əkilən badam ağaclarından bu ilin sentyabr ayında ilk məhsul toplanacaq. Ərazidə salınan 3 hektarlıq bağdan ilkin olaraq, təxminən 20 tona yaxın badam ləpəsi götürülməsi proqnozlaşdırılır.

Fermer Bəşir Bəşirov isə bildirib ki, mövsüm başlayandan bəri bağda ikinci dəfədir dərmanlama işi aparılır. “Bu gün vurduğumuz dərman gənə əleyhinə dərmandır. Bu dərmanı ondan ötrü vururuq ki, həm ağacların yarpaqlarını, həm də kolları ziyanverici həşəratlardan qoruyaq. Əsas məqsədimiz odur ki, vaxtında bol məhsul götürək və meyvələrimiz sağlam olsun, itkiyə getməsin”, - deyə o əlavə edib.

Bağda əkilən “Guara” sortunun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 35 faizdir. Hər hektara görə 6-10 ton arasında məhsul verir.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, badamçılığın inkişafı ilə bağlı təsərrüfatçılar arasında da mütəmadi maarifləndirmə işləri aparılır. Bölgələrdə kütləvi əkinlər çoxalarsa, gələcəkdə Azərbaycan badama olan tələbatı yerli istehsal hesabına ödəyə bilər.

Mərkəzin bitkiçilik sektorunun baş məsləhətçisi Mübariz Nadirov deyib: “Respublikamızda meyvəçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı rayonumuzda da müəyyən işlər görülür. Hazırda rayonumuzda 6 hektar sahədə badam əkilib. Dünya bazarında badam məhsulunun qiymətinin yuxarı olması şübhəsiz ki, bu sahəyə marağı artırır. Rayonumuzda da bu sahənin genişləndirilməsi qarşıda duran mühüm planlardan biridir. Əlbəttə biz də istərdik ki, gəlirli sahə kimi badam bağları genişləndirilsin. Fermerlərimiz yüksək gəlir əldə etsinlər”.

Qeyd edək ki, dünya bazarında badama böyük tələbat var və bir çox ölkədə əsas valyuta gətirən məhsullardan sayılır.
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed