Şrift:
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib
15.05.2021 [13:23] - Xəbərlər, Siyasət, Hərb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif bölgələrdə yerləşən yeni inşa edilmiş bir neçə hərbi hissənin açılışında iştirak edib.

Müdafiə Nazirliyindən bildirilib ki, şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Müdafiə nazirinə məruzə olunub ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət bu komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib. Sonra müdafiə naziri şəxsi heyətlə birgə nahar edib.

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, indiyədək azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed