Şrift:
Gənclərin inklüziv qanunvericiliyin təmin olunmasında rolu: DİM üzrə gənc səfirlərin əməkdaşlıq perspektivləri
23.06.2021 [13:47] - Gündəm, Sosial
Azərbaycan tarixi, geostrateji mövqeyi və dinamik inkişafı ilə qlobal arenaya hər zaman mühüm töhfələr verməkdədir. Bu baxımdan Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrasında ölkəmizin daim ön sıralarda olması təsadüfi deyil. “Dayanıqlı İnkişaf Məqsədləri indeksi” üzrə göstəricilərə əsasən, ölkəmiz 165 ölkə sırasında 55-ci, Cənubi Qafqaz regionunda isə ilk sıradadır. BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) üçün regionda ilk ölkə olaraq 2017-ci və 2019-cu illərdə iki Könüllü Milli Hesabat təqdim edən Azərbaycan artıq növbəti - 3-cü Hesabatını təqdim etməyə hazırlaşır.

Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev açıqlamasında deyib.

Deputat bildirib ki, bu gün heç kəsin kənarda qalmaması prinsipi ilə 17 məqsəd və 169 hədəfdən ibarət mürəkkəb gündəliyin həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin iştirakı, sektorlar arası əməkdaşlıq, innovativ yanaşmaya əsaslanan dayanıqlı həll yollarının tətbiqi və sosial qruplar arasında dialoqun təmini labüddür. Dayanıqlılığın təşviqi üçün isə gələcək nəsillərin maraqlarının müdafiəsi, habelə gənclərin qlobal dəyişikliklərə öz töhfəsini verə biləcəyi platformaların mövcudluğu mühümdür.

“2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” bəyannaməsi, universal hesab olunan sənəd (DİM) dövlətin bütün institutlarının iştirakını nəzərdə tutur və ölkə gündəliyində təxirə salınmaz tədbirlərin həyata keçirilməsində bütün cəmiyyətin iştirakını vacib edir. Qanunvericilik sahəsində qəbul olunan qanunların effektiv icrasının, habelə maliyyə hesabatlılığının nəzarətini həyata keçirən milli parlamentlərin qlobal məqsədlərə çatılmasında rolu və əhəmiyyəti yüksəkdir. Belə ki, parlament üzvlərinin Dayanıqlı İnkişaf Məqsədlərinin uğurla yerinə yetirilməsini dəstəkləmək və monitorinqini həyata keçirmək üçün konstitusiyaya əsaslanan məsuliyyətləri və imkanları vardır.

Deputatlar xalqla dövlət qurumları arasında unikal bir əlaqəyə sahib olaraq “heç kəsin kənarda qalmaması” prinsipini təmin etmək məqsədilə insanların ehtiyaclarına və tələblərinə uyğun qanunvericiliyin təkmilləşdirilməsi vəzifəsini yerinə yetirirlər. Onlar bütövlükdə DİM-lərin 17 məqsədi çərçivəsində hər birinin icrasına dəstək verməli və “2030 Gündəliyi”nin bütövlüyünü qorumalı olan məsuliyyət sahibləridir.

Azərbaycan dövlətinin də 17 DİM-in təkmilləşməsini və icrasını əlaqələndirmək üçün yeni nəslin (gənclərin) üzvlərinin iştirakının (könüllülük prinsipi üzrə) faydalılığı da nəzərə alınmalıdır. Gənclərin ölkə səviyyəsində və beynəlxalq səviyyədə inteqrasiyasının və iştirakçılığının gücləndirilməsini təmin edən yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması, eləcə də Azərbaycanda gənclərin inkişafı ilə əlaqədar reallaşdırılan proseslərə töhfə vermək məqsədi ilə həyata keçirilən layihələr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yeni nəfəs qazanıb.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərin seçilməsi gənclərin qlobal məsələlərdə aktiv iştirakını təmin edən əsas təşəbbüslərdən biridir. 2018-ci ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq DİM üzrə 17 gənc səfir seçilib.

2018-2020-ci illər ərzində 17 Gənc səfir könüllü əsaslarla Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təbliğinə, DİM-lərə nail olmaq üçün gənclərin iştirakının təşviqinə, yerli, milli və beynəlxalq səviyyələrdə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılması ilə yanaşı, ölkədə DİM-lərlə bağlı təşəbbüslərin həyata keçirilməsinə böyük töhfələr veriblər. Məhz onların fəaliyyətlərinin nəticəsi olaraq Azərbaycanda minlərlə gənc DİM-lərdən xəbərdar olub və qlobal məqsədlər üçün fəaliyyətə başlayıblar.

Hazırda isə 2021-2023-cü illəri əhatə edəcək gənc səfirlər 300-ə yaxın gənc arasından seçilib və Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun, BMT İnkişaf Proqramının, Gənclər və İdman Nazirliyinin rəhbərlərinin iştirakı ilə rəsmi təqdimat mərasimində ictimaiyyətə təqdim olunub.

“Deputatların Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında DİM üzrə gənc səfirlərlə əməkdaşlığı və gənclərə olan dəstəyi parlamentin iştirakçılığını təmin etməklə onun ikitərəfli beynəlxalq əlaqələrinə, beynəlxalq təşkilatlardakı fəaliyyətinə, eyni zamanda, dövlət və fərd münasibətlərinin daha etibarlı və şəffaf idarəçiliyinə əlavə bir vasitə olacaq. Gənc ekspertlərin (səfirlərin) səyləri və vəkilliyi ilə ölkə qanunvericiliyinin təkmilləşməsində daha inklüziv və davamlı həll yolları təmin edilə bilər. Bu ilk növbədə regionlarımızı təmsil edən deputatların gənc səfirlərin işinin şaxələndirilməsi və regionların inkişafına cəlb olunmasına dəstəyi ilə baş tuta bilər.

DİM üzrə gənc səfirlər, eyni zamanda, ölkənin bir çox dövlət qurumları ilə birgə fəaliyyət göstərir və BMT tərəfindən rəsmi formada qeyd olunan günlərdə aktiv proqram və layihələr həyata keçirirlər. Milli Məclisin Gənclər və idman komitəsi də daxil olmaqla digər komitələr bu fəaliyyətə fəal cəlb edilərək gənclərin işinə dəstək ola bilər.

Əminəm ki, bu əməkdaşlıq sayəsində ulu öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin həyata keçirilməsində hər zaman vurğuladığı azərbaycançılıq ideyasının daha da güclənməsi və ölkədə kadr potensialının gənc peşəkarların yetişdirilməsi ilə inkişaf etməsində Milli Məclisin rolu böyük olacaq”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed