Şrift:
Şəhid İntiqam Əsgərlinin ailəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı təqdim olunub
09.07.2021 [13:45] - Xəbərlər, Hərb
Masallı Rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış şəhid İntiqam Əsgərlinin ailəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, təhsil işçiləri, ictimai və dini təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, gənclər, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid İntiqam Əsgərlinin göstərdiyi igidlikdən, qəhrəmanlıqdan danışıblar.

Qeyd olunub ki, Vətən müharibəsində Masallı rayonu 61 şəhid verib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. Onlardan iki nəfəri - polkovnik-leytenant Ramiz Cəfərov və Viləş kəndindən olan gizir İntiqam Əsgərli Masallı rayonundandır.

Şəhid İntiqam Əsgərlinin ölümündən sonra layiq görüldüyü yüksək dövlət mükafatı - “Vətən Müharibəsi Qəhrəmanı” medalı atasının adını daşıyan oğlu İntiqam Əsgərliyə təqdim olunub.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, rayon prokuroru Vəli Mustafayev, rayon məhkəməsinin sədri Firdovsi Əliyev, rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov və başqaları çıxış ediblər.

İki şəhid - Nurlan və İntiqam Əsgərlinin valideynləri - Ziba və Bayram Əsgərovlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed