Şrift:
Fərəc Quliyev: Diplomatik nümayəndələrin Şuşaya səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri mühüm əhəmiyyət kəsb edir
19.07.2021 [10:02] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Ölkəmizdəki diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinin, o cümlədən xarici dövlətlərin səfirlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri önəmli hadisədir. Belə ki, bu kimi səfərlərin əsas məqsədlərindən biri ermənilərin törətdikləri vandalizm aktları, həmçinin ciddi dağıntılara məruz qalan ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə bağlı xarici diplomatları tanış etməkdir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədrinin sözlərinə görə, diplomatik nümayəndələrin Şuşaya səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri mühüm əhəmiyyət kəsb edir: "Çünki bu səfərlər zamanı onlar uzun illər ərzində Azərbaycanın şəhər və kəndlərinin, tarixi-mədəniyyət abidlərinin dağıntlara məruz qaldığının, ekoloji baxımdan ölkəmizə çox ciddi ziyan vurulduğunun, kifayət qədər geniş ərazilərin minalanması faktlarının şahidi olurlar. Bununla da Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyəti açılır. Çünki həmin diplomatların səfərlərlə bağlı təəssüratları və hesabatları Azərbaycan barədə öz dövlətlərində ictimai rəyin formalaşmasında mühüm rol oynaya bilər".

Ermənilərin işğal illərində törətdikləri dağıntıların və vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması baxımından bu səfərlərin əhəmiyyətini qeyd edən F.Quliyev onu da əlavə edib ki, vaxtilə münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərin diplomatik təmsilçilərinin Şuşaya səfərdən imtina etməsi Azərbaycan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanıb: "Bununla biz bir daha şahidi olduq ki, bəzi beynəlxalq təşkilatlar kimi ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər də ikli standartlardan əl çəkmək istəmirlər. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bundan sonra da tutduğu siyasi xətti davam etdirməli, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə törədilən cinayətlərin bütün dünyaya çatdırılması üçün Şuşa başda olmaqla bütün işğaldan azad edilən ərazilərimizə diplomatların səfərlərini təşkil etməlidir".

Qaşqay ZİYƏDDİNOĞLU/YeniAzərbaycan
Bu xəbər oxucular tərəfindən 293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed