Şrift:
Baş nazirin səfəri erməni lobbisini də ciddi narahat edib
20.05.2013 [18:50] - Gündəm, Siyasət
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu dəfəki səfəri xüsusilə diqqət mərkəzində olub. Belə demək mümkünsə, heç Amerika rəhbərliyi tərəfindən də Ərdoğanın heç bir səfərinə bu qədər önəm verilməyib. Qeyd edək bundan əvvəl Ərdoğan ABŞ-a 14 dəfə səfər edib. Türkiyənin baş nazirini əvvəlkilərdən fərqli olaraq bu dəfə ABŞ prezidentinin xüsusi qonaqlarının qaldığı «Blair Hause»də yerləşdiriblər. həmin bina Ağ Evlə üzbəüz yerləşir və buraya Obamanın ən yaxın dostları yerləşdirilir. İndiyə qədər misal üçün, İsrailin dövlət başçısı, Britaniya hökumətinin rəhbər şəxsləri burada yerləşdiriliblər.
Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə müzakirə etdiyi mövzuların siyahısına baxdıqda isə bu səfərə yaranmış xüsusi maraq heç də təəcübləndirici görünmür. Ərdoğan Obama ilə əsasən Suriya, Fələstin və Şimali İraqdakı vəziyyəti müzakirə edib. Suriya mövuzusunda demək olar ki, münaqişə başlanandan bəri eyni mövqedən çıxış edən iki müttəfiq ölkə lideri görünür, yaxın gələcəkdə bu mövzuda ciddi qərarlar verəcəklər. Söhbət elə bir qərardan gedir ki, Ağ Ev sahibi Ərdoğanı ölkəsinə çağırmadan onları verə bilməyib. Ekspertlər bu qərarların çox ciddi olacağını ehtimal edir.
Ərdoğan artıq ABŞ səfərindən öncə Qərbin Suriyaya hərbi müdaxiləsini dəstəkləyəcəyini bəyan edib və bu mövqe regiondakı proseslərlə bağlı ciddi tədbirlərin alındığını göstərir. İki saatlıq görüşün bir saatı elə bu mövzunu əhatə edib.
Digər tərəfdən ABŞ prezidenti ilə Türkiyənin baş naziri Fələstin məsələsilə bağlı da müzakirələr aparıb. Çox güman ki, Obama Netanyahunu Türkiyə ilə kompromisə getməyə vadar etdiyi kimi, indi Ərdoğandan da müəyyən güzəştlərə getməyi tələb edəcək. Necə deyərlər, Ərdoğan Obamaya bu məsələdə borclu qalıb. Ərdoğanın Fələstinlə bağlı öz müttəfiqinə kompromisə gedib-getməyəcəyini isə onun bu səfərdən sonra Qəzza səfərini gerçəkdən reallaşdırıb-reallaşdırmayacağından, yaxud bu səfər baş tutacağı təqdirdə verəcəyi bəyanatların mahiyyətindən bəlli olacaq.
Şimali İraq mövzusuna gəlincə, çox güman ki, Ərdoğan bu məsələdə Türkiyənin çıxarlarını müdafiə etmək üçün ABŞ-dan dəstək istəyəcək. PKK terror təşkilatının ölkədən çıxarılması prosesini uğurla davam etdirmək üçün Ərdoğanın ABŞ-ın dəstəyinə böyük ehtiyacı yaranıb. PKK terrorçularının ölkədən çıxarılması planını həyata keçirməyə nail olan Ərdoğan bunun cavabsız qalmayacağını diqqətə almamış deyildi.
Hər halda Ağ Evdə aparılan danışıqların mahiyyəti regionda bundan sonra cərəyan edəcək proseslərdən bəlli olacaq.
Suriyada Bəşər Əsəd hökumətinə qarşı çıxan, müxalifətə dəstək verən «Suriyanın dostları» adlı qrupa daxil olan ölkələr mayın 22-də İordaniyanın paytaxtı Əmmanda növbəti konfransa hazırlaşırlar. Obama-Ərdoğan görüşündə bu konfransa xüsusi diqqət ayrıldığı da şübhə doğurmur. Görüşdə İordaniya, Qətər, ABŞ, Misir, Böyük Britaniya, Fransa, Türkiyə, Almaniya, Səudiyyə Ərəbistan, BƏƏ və İtaliya xarici işlər nazirləri bir araya gələcək. Onların ABŞ və Rusiyanın təşəbbüsü ilə keçirilməsi planlaşdırılan Suriya konfransı barədə də qərar verəcəkləri gözlənilir.
Xatırladaq ki, bundan öncə «Suriyanın dostları» qrupunun iclası aprelin 20-də İstanbulda keçirilib. Onu da qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı maraqlı hadisələr yaşanıb. Ərdoğanın səfəri hələ bitməmiş respublikaçı senatorlar təəccüblü bir addım atıblar. 1915-ci il hadisələrindən bəhs edən, qondarma «erməni soyqırımı»nı tanımağı nəzərdə tutan qanun layihəsi Nümayəndələr Palatasına təqdim edilib.
«Erməni soyqırımı həqiqəti və ədalət» adlı qanun layihəsində respublikaçı senatorlar Maykl Qrim və Devid Valadao, eləcə də demokratlardan Adam Skif və Frank Pallone imza atıblar. Qanun layihəsi ABŞ prezidenti Barak Obamanı «erməni soyqırımı»nı tanımağa çağırır.
Yeri gəlmişkən, ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.
Görüşdən sonra Ağ Evdə keçirilən birgə mətbuat konfransında baş nazir Ərdoğan prezident Obama ilə Yaxın Şərq sülh prosesi, həmçinin beynəlxalq və regional məsələlərin müzakirə edildiyini bildirib. O, regional məsələlər arasında Kipr problemi, eləcə də Azərbaycan, Ermənistan, İran və Əfqanıstanla bağlı müzakirələrin aparıldığını deyib.
Politoloq Elşən Həsənovun fikrincə Ərdoğanın Yaxın və Orta Şərqdə cəryan edən hadisələr fonunda ABŞ-a səfəri böyük əhəmiyyət daşıyır: «Bu görüşdə bir sıra regional məsələlər müzakirə edildi. ABŞ müttəfiqi ilə bu məsələlərdə həmişə razılıq əldə edib. ABŞ-Türkiyə münasibətləri həmişə isti olub, bu istilik Ermənistan-Rusiya-İran üçbucağını ciddi narahat edir. Düzdür, İsrailin də müəyyən narahatlıqları var. Amma rəsmi Təl-Əviv ABŞ-Türkiyə münasibətlərinin İsrailin maraqları baxımından hansısa problem yaratmayacağına da arxayındır. Üstəlik qarşıda İran faktoru var».
Politoloq onu da deyib ki, Ərdoğanın ABŞ səfəri ermənilərin ovqatını bərk təlx etdiyindən qondarma erməni soyqırımı məsələsini yenidən Hümayəndələr Palatasında gündəmə çıxarıblar: «Bu bir təzyiq olsa da əhəmiyyətsizdir. Ərdoğan əvvəlki səfərlərinə nisbətən bu dəfə ABŞ-da daha yüksək səviyyədə qəbul edilib. Onun keçirdiyi görüşlər, müzakirə etdiyi məsələlərin ağırlığı Ermənistan və Rusiyanın diqqətindən qaçmadığından belə təxribata əl atılıb. Amma Ərdoğanın səfəri bu təxribatların səmərəsiz olduğunu bir daha ortaya qoydu. ABŞ heç vaxt regional məsələlərin həllində müttəfiqini ermənilərin yalan iddialarına qurban verməyəcək. Qondarma erməni soyqırımını yenidən gündəmə gətirmək ABŞ-da fəaliyyət göstərən erməni diasporasının növbəti şousudur. Bundan başqa Qarabağ məsələsi də bu görüşdə müzakirə olunub».
Cavid
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed