Şrift:
Sərt tənqid: “Araiklə qucaqlaşmaq Muradovun funksiyasına daxil deyil”
21.12.2020 [11:22] - Xəbərlər, Siyasət, Türkün şanlı tarixi, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanın suverenliyi şərtsizdir və bütün ərazilərimizə şamil edilir”

“Qarabağın bizim torpaqlarımız olduğunu Putin də dəfələrlə vurğulayıb"

"Rüstəm Muradov da məhz Rusiya dövlət başçısının məmurudur”

“Türk hərbçilərinin regionda olması rus sülhməramlıları üçün çəkindirici qüvvədir”


Qarabağdakı rus sülhməramlıların komandiri Rüstəm Muradovla qondarma respublikanın “başçısı” Araik Arutunyanın bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılmış fotosu geniş müzakirələrrə səbəb olub. Onların bir-birini qucaqlaması birmənalı qarşılanmayıb.

Doğrudan da, haradandır bu səmimilik? Əgər onlar, həqiqətən, ədalətin, haqqın tərəfindədirlərsə, onda gərək şübhələrə yer qalmasın. Amma məsələ ondan ibarətdir ki, yayılan görüntünün fonunda son günlər Hadrutda baş verən təxibatlar nigaranlığımızı daha da artırır. Niyə sülhməramlılar təxribatın qarşısını almadılar? Bacarmadılar, ya istəmədilər? Bax, bu sual çoxlarını narahat edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev bu barədə “Sherg.az”a münasibət bildirərkən sülhməramlıların funksiyalarını xatırladıb:

“Əvvəla, bildirim ki, heç kim onları dəvət etməyib. Bu, situativ, yəni real şərtlərə uyğun verilən qərar idi. Amma sülhməramlılar öz statuslarını bilməlidirlər.

Arutunyunla qucaqlaşmaq Muradovun şəxsi işi olsa da, bu vəzifəsinə, yerinə yetirməli olduğu funksiyasına daxil deyil.
Azərbaycanın müstəqillik haqqında aktında göstərilir ki, Azərbaycanın suverenliyi şərtsizdir və bütün ərazilərimizə şamil edilir.

Qarabağın bizim torpaqlarımız olduğunu Putin də dəfələrlə vurğulayıb. Rüstəm Muradov da məhz Rusiya dövlət başçısının məmurudur.
Ona görə bizim suverən hüquqlarımıza müdaxilə etmədən, o cümlədən rus pasportları paylamadan, təmir işləri görmədən sadəcə vəzifələrini yerinə yetirməlidirlər.

Həmçinin erməni silahlılarını ərazidən çıxarmalıdırlar. Əks halda Azərbaycan ictimaiyyətinin kəskin reaksiyası ilə qarşılaşmalı olacaqlar”.

F.Quliyevin fikrincə, türk hərbçilərinin regionda olması rus sülhməramlıları üçün çəkindirici qüvvədir:

“Türklər hər şeyi qanun çərçivəsində edirlər. Bizim aramızda bir neçə dəfə imzalanmış müqavilələrin şərtləri imkan verir ki, Türkiyə nəinki sülhməramlı kimi, bütün formalarda, iradəmizə uyğun şəkildə Azərbaycanda olsun.

Qardaş ölkə rəsmiləri, o cümlədən xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzin biz harda istəsək, orada da yerləşəcəyini dəfələrlə bildirib. Bu, bizim öz işimizdir. Əlbəttə, harada yerləşməsindən asılı olmayaraq türk hərbçiləri həm də rus sülhməramlılarının işinə nəzarət edəcəklər”.

Kənan Novruzov/sherg.az
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed