Şrift:
Cahangir Əsgərov: AZANS hava hərəkətinin təhlükəsizliyinin təminatçısıdır
19.08.2021 [13:56] - Gündəm, Müsahibə
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin 25 yaşı tamam olur

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) aparıcı mütəxəssisləri ölkəmizin hava məkanında hər bir uçuşun təhlükəsiz yerinə yetirilməsinin təminatçılarından biridir. Bu il AZANS-ın 25 yaşı tamam olur.

Əsrin dörddə bir müddəti ərzində ciddi yol keçilib: 1996-cı ildə müəssisə yaradılaraq işçilərin yenidən hazırlanması və peşə ixtisasının artırılması, aeronaviqasiya və müasir innovativ texnologiyalar sahəsində beynəlxalq standartların tətbiqi yolu ilə formalaşıb və müasir standartlara uyğunlaşdırılıb.

AZAL-ın prezidenti Cahangir Əsgərov AZANS-ın təşəkkülü, baş verən dəyişikliklər, inkişaf perspektivləri, həyata keçirilən layihələr, gözəl təsir bağışlayan gələcək planlar, həmçinin işğaldan azad edilmiş Qarabağın hava məkanında aeronaviqasiya xidmətinin bərpası prosesi barədə müsahibə verib.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Sizi və bütün “Azəraeronaviqasiya” kollektivini bu əlamətdar tarix münasibətilə təbrik edirik, uğurlar arzulayırıq. Bu gün “Azəraeronaviqasiya”nın əsas funksiyası barədə danışmağınızı istərdik.

- Çox sağ olun. Mülki aviasiya uçuşları kütləvi xarakter aldıqdan sonra uçuşların yerinə yetirilməsi qaydalarının müəyyən edilməsi zərurəti yaranıb. Uçuşların intensivliyi artdıqca, vahid hava hərəkətini idarəetmə (HHİ) sistemi yarandı. Uçuşların təhlükəsizliyi bu sistemin etibarlılığından asılıdır. İlk baxışdan səmanın boş olduğu görünsə də, əslində hava məkanı olduqca mürəkkəb mexanizmdir.

Aeronaviqasiya xidmətində bir çox müxtəlif mütəxəssislər iştirak edir. 25 il ərzində “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi həyati əhəmiyyətli funksiyanı yerinə yetirir, hava gəmilərinin, müvafiq olaraq sərnişinlərin uçuşlarının təşkili və təhlükəsizliyini etibarlı təmin edir.

Dünyada böyük nüfuza malik olan, Azərbaycanın da üzv olduğu Beynəlxalq Mülki Aviasiya Təşkilatının – ICAO-nun keçirdiyi auditlərin son nəticələri də bizim Xidmət tərəfindən uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu göstərir. Təşkilat uçuşların təmin edilməsi, aviasiya təhlükəsizliyi, səmərəlilik, buraxılış qabiliyyəti, həmçinin ətraf mühitin qorunması üçün zəruri olan standart və qaydaları müəyyən edir.

- Azərbaycanda vahid aeronaviqasiya xidmətinin yaranma tarixi haqqında bir qədər danışın. Bu istiqamətdə nə işlər görülüb, onun gələcək inkişafı ilə bağlı yaxın perspektivdə qarşınıza hansı vəzifələr qoyulub?

- Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmiz öz hava məkanında aeronaviqasiya xidmətinin göstərilməsi ilə bağlı üzərinə öhdəlik götürüb. Sovet İttifaqı dövründən qalmış aeronaviqasiya sistemi aviasiya birliyinin beynəlxalq tələblərinə cavab vermirdi. Müasir aeronaviqasiya sisteminin yaradılması, inkişaf etdirilməsi, ən başlıcası isə istismar edilməsi ciddi vəzifə kimi qarşıya qoyuldu. Azərbaycanın ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycanın mülki aviasiyasının formalaşmasının ilk günlərindən bu sahəyə xüsusi qayğı göstərərək, mülki aviasiyanın inkişafı üçün yüksəkkeyfiyyətli aeronaviqasiya xidmətlərinin yaradılmasının zəruri olduğunu qeyd edirdi. Ulu Öndər bizə - aviatorlara bir sıra vəsiyyətlər edib: “Azərbaycan Hava Yolları”nın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təmin edilməsidir”. Bu nəsihət “Azərbaycan Hava Yolları”nın əsas doktrinasıdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkənin mülki aviasiyasının inkişafına və möhkəmlənməsinə böyük diqqət göstərməyə davam edir.

1996-cı ildə AZAL-ın tərkibində (o zaman – “AZAL” Dövlət Konserni) aeronaviqasiya xidməti göstərən “Azəraeronaviqasiya” müəssisəsi (AZANS) yaradılıb. 25 il ərzində aeronaviqasiya inkişaf edib, texnoloji tərəqqinin ardınca onun məzmunu da ICAO-nun tövsiyələrinə uyğun olaraq müasirləşdirilib.

Bu gün AZANS-ın sabit fəaliyyəti və inamlı inkişafı xarici aviaşirkətlərin Azərbaycanın hava məkanına marağını artırır. Əsrin dörddə biri ərzində ölkənin hava məkanından istifadə səmərəliliyini və xarici istifadəçilər üçün cəlbediciliyini artırmağa nail olmuşuq. Ölkənin hava məkanından keçməklə müntəzəm uçuşlar həyata keçirərək AZANS-ın xidmətlərindən istifadə edənlərin ümumi siyahısına 120-dən çox iri aviaşirkət daxildir.

Azərbaycanın beynəlxalq hava limanlarında beşinci və yeddinci dərəcəli azadlığın tətbiqi gələcəkdə Azərbaycanın hava məkanında uçuşların intensivliyinin artmasına müsbət təkan verəcək. Bu, həmçinin ölkəmizin tranzit potensialının həyata keçirilməsinə müsbət təsir göstərəcək. Bununla əlaqədar, yerüstü xidmətlərin, o cümlədən AZANS-ın vəzifəsi uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin etməkdir.

Müxtəlif ölkələrin və qitələrin hava limanlarını birləşdirən onlarla beynəlxalq hava dəhlizi Azərbaycanın hava məkanından keçir. Xidmət ümumi uzunluğu təxminən 12 min kilometr olan hava dəhlizlərində həyata keçirilir. Hava Hərəkəti İdarəsinin məsuliyyət sahəsi təxminən 165 min 400 kvadrat kilometrdir. Uçuşların aviasiya təhlükəsizliyi ölkəmizin bütün hava məkanında - 7 hava limanında, 6 helikopter aerodromunda və 100-dən artıq helikopter meydançasında təmin edilir.

- Aeronaviqasiya xidmətinin uğurlu işinin təminatı hava axınlarının etibarlı idarə edilməsidir. Bunu təmin etmək üçün hansı tədbirlər görülür?

- Prezident İlham Əliyevin yürütdüyü siyasəti həyata keçirən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Azərbaycanın əlverişli coğrafi mövqeyindən tranzit dövlət kimi hərtərəfli istifadə etməyi hədəfləyir. Regionda hava məkanından istifadəni optimallaşdırmaq məqsədilə hava hərəkəti axınının səmərəli təşkili və cəlb edilməsi üçün Azərbaycan Hava Məkanının İstifadə Səmərəliliyi, Strategiya və İnkişaf Mərkəzi (ASEC) yaradılıb.

Onun açılması hava dəhlizləri şəbəkəsinin inkişafı, ildən-ilə hava nəqliyyatının intensivliyinin artması üçün vacibdir. Yaradılan Mərkəz ölkənin hava məkanının buraxılış qabiliyyətini artırmağa imkan verməklə yanaşı, aviaşirkətlərin aeronaviqasiya xidmətlərinə və hava məkanından istifadəyə olan tələbatını ödəyir, həmçinin iqtisadi itkiləri, ətraf mühitə təsiri azaldır.

- “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqəsi necə baş verir?

- Aviasiyada konstruktiv əməkdaşlıq mülki aviasiyanın uzunmüddətli məqsədlərinə çatmaq, qlobal hava məkanına və aviasiya təcrübəsinə nail olmaq üsuludur.

AZANS ikitərəfli və regional əməkdaşlığın bütün resurslarından istifadə edir, eyni zamanda, bir sıra əsas sahələrdə ICAO, IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası), “EUROCONTROL” (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı), CANSO (Beynəlxalq Aeronaviqasiya Təminatı Təchizatçıları Təşkilatı) və bir çox digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir.

Ölkəmiz hava axınlarının planlaşdırılmasında “EUROCONTROL”un strateji tərəfdaşı rolunu oynayır. Xüsusilə qeyd etmək lazımdır ki, AZANS ilə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı arasında regionda gözlənilməz situasiyalar baş verdiyi hallarda tərəfdaşlıq müqaviləsi mövcuddur. Bu halda, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiya regionlarında hava məkanı və ya onun bir hissəsi bağlandığı təqdirdə AZANS hava axınlarının yönləndirilməsi və əlaqələndirilməsi rolunu oynayacaq.

- Bu günə qədər AZANS inanılmaz səy və enerji tələb edən kifayət qədər genişmiqyaslı planlar həyata keçirib. Onlardan bəziləri haqqında məlumat verməyinizi xahiş edirik.

- AZANS üçün son onilliklər genişmiqyaslı müasirləşmə və artmaqda olan hava hərəkəti həcminin təhlükəsiz idarə edilməsi üçün iri layihələrin həyata keçirilməsi dövrü olub. Köhnəlmiş avadanlıq və keyfiyyətsiz rabitə artıq keçmişdə qalıb. Müasir texnika səmadakı bütün vəziyyətləri avtomatik olaraq hesablaya bilir.

Yeni layihələr hava daşımalarının və xarici aviaşirkətlər tərəfindən aeronaviqasiya xidmətlərinə tələbatın artması, həmçinin ICAO-nun Qlobal Aeronaviqasiya Planının tələblərinin yerinə yetirilməsi ilə bağlı idi.

Həyata keçirilən əlamətdar layihələr arasında, məsələn, Naxçıvan Muxtar Respublikasının və Türkiyənin hava məkanlarını birləşdirən birbaşa hava dəhlizinin (Naxçıvan – İğdır) açılmasını, onun ICAO-nun beynəlxalq marşrutlar kataloquna daxil edilməsini göstərmək olar. Bu dəhliz Naxçıvan ilə Avropa arasında birbaşa hava əlaqəsidir.

Hava naviqasiyası sahəsində müasir texniki həllərə əsaslanan pilotsuz aviasiya seqmentinin inkişafını da qeyd etmək istərdim. Belə ki, AZAL və “Ehang Intelligent Equipment” şirkəti arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin nəzdində Mülki pilotsuz uçuş aparatlarına (dronlara) nəzarət üzrə vahid mərkəzin yaradılması barədə saziş mövcuddur. Onu da əlavə edim ki, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün əsas imkanlardan biri də IATA ilə birgə Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinin idarə edilməsi üzrə üçsəviyyəli sistemin tətbiqi olub.

Genişmiqyaslı və məsuliyyətli layihənin həyata keçirilməsi - ASEC-in açılması barədə məlumat verdim. Bu mərkəz sayəsində ölkəmiz “EUROCONTROL”un və Asiyanın Hava Axınlarını Planlaşdırma Mərkəzinin strateji tərəfdaşı rolunu oynayır. Azərbaycan Asiyadan Avropaya və əks istiqamətdə hava axınlarının əlaqələndirici qovşağına çevrilib.

Habelə onu da qeyd etmək lazımdır ki, yaxın günlərdə AZAL “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin bazasında ATC Data Link Yer-Hava rəqəmsal məlumatların ötürülməsi sistemini tətbiq edib. Xidmətimiz pilot və dispetçer arasında rabitə, habelə meteoroloji və aeronaviqasiya məlumatlarının ötürülməsi sahəsində müasir texnologiyalardan istifadə etməklə regionda rəqəmsal yayıma başlayan ilk təşkilatdır.

Həyata keçirilən digər mühüm layihə - bu yaxınlarda Füzuli Beynəlxalq Hava Limanında VOR/DME yerüstü radionaviqasiya avadanlığının quraşdırılması və Qarabağ səmasında ilk radioçağırış siqnallarının ötürülməsidir. Bu radionaviqasiya sistemi ICAO tərəfindən beynəlxalq naviqasiya sistemi kimi tövsiyə edilib. Qeyd edim ki, ilk radioçağırış siqnallarını AZAL-ın hava gəmiləri qəbul edib.

AZAL-ın aeronaviqasiya ilə bağlı gələcək planları daha da parlaqdır.

AZANS-ın qarşısında aeronaviqasiya təminatının rəqəmsallaşdırılması sahəsində strateji inkişaf hədəfləri qoyulub. Bu, əlbəttə ki, həm hava hərəkətini idarəetmədə süni zəkanın, habelə etibarlılıq baxımından müasir radiolokasiya və naviqasiya komplekslərinin tətbiqi, həm hədəflərin işlənməsi üzrə proqram təminatının inkişafı, həm də insan iştirakı olmadan idarəetmənin avtomatlaşdırılması və bir çox başqa layihələrdir.

“Azəraeronaviqasiya” hava gəmilərinə keyfiyyətli xidmətin göstərilməsi üçün aviasiya sahəsində ən yeni rəqəmsal həlləri tətbiq edir.

- AZANS-ın uğurlu fəaliyyətinin əsas sirri nədədir?

- Mülki aviasiyanın bütün digər sahələrində olduğu kimi, əsas amil insanlardır. Aeronaviqasiya sistemində texnika özü-özlüyündə, şübhəsiz ki, zəruridir, həyati əhəmiyyət kəsb edir, lakin onu insan idarə edir. Hava məkanında ən gərgin iş saatlarında aeronaviqasiya zəncirinin bütün iştirakçılarının hərəkətlərinin ciddi şəkildə uyğunlaşdırılması vacibdir.

Hava Hərəkəti İdarəsi dispetçerləri, mühəndis-texniki heyət, aviasiya meteoroloqları və aeronaviqasiya məlumatlarının təminatı üzrə mütəxəssislər daxil olmaqla, AZANS-ın işçi heyətinin əsas hissəsini Milli Aviasiya Akademiyasının (MAA) məzunları təşkil edir.

AZANS daim əməkdaşlarını Avropanın aparıcı institut və mərkəzlərinə aeronaviqasiya mütəxəssislərinin hazırlanması və təlimi üzrə kurslara göndərməklə onların peşəkarlığının və səriştəliliyinin lazımi səviyyədə saxlanmasını təmin edir. Bu mütəxəssislər xarici ali təhsil müəssisələrində uğurlu fəaliyyət üçün lazım olan peşəkar bilik və bacarıqlar əldə edirlər.

- 2020-ci il koronavirus pandemiyasına qarşı mübarizə, uçuşların dayandırılması ilə başlayıb. Ölkənin aeronaviqasiya sahəsinə COVID-19 nə dərəcədə ağır zərbə vurdu?

- Bu gün aviasiya birliyi mülki aviasiya tarixində ən arzuedilməz günlərini yaşamaqda davam edir. COVID-19-un yayılması ilə əlaqədar ölkələrin həyata keçirdikləri zəruri tədbirlər ilk növbədə aviaşirkətlərə və ümumilikdə mülki aviasiyaya sarsıdıcı zərbə vurub. Aviaşirkətlər hazırda olduqca çətin vəziyyətdədir, bununla əlaqədar aviadaşıyıcıların ağırlaşmış vəziyyətinin yüngülləşdirilməsi məqsədilə hökumət tərəfindən atılan addımlar olduqca əhəmiyyətlidir. Biz çətin böhran vəziyyətindən ləyaqətlə və peşəkarlıqla çıxmaq üçün obyektiv imkan tapmalıyıq. Biz yaranmış vəziyyətin qlobal problem olduğunu, bu səbəbdən də situasiyaya dərrakəli yanaşmaq lazım gəldiyini anlayırıq. Bu gün heç vaxt olmadığı kimi, ümumi mülki aviasiya işimizdə həmrəy olmaq, biri-birinin probleminə həssaslıqla yanaşmaq və kömək göstərməyə hazır olmaq vacibdir.

Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq aeronaviqasiya mülki aviasiya uçuşlarını təmin etməkdə davam edir. Azərbaycanın hava məkanında və hava limanlarında uçuşlar bir gün də olsun dayanmayıb. Ölkə regional miqyasda aviasiya nəqliyyat-logistika mərkəzi kimi çıxış etməyə davam edir.

Təəssüf ki, dünyada yayılmış koronavirus infeksiyası ilə əlaqədar, CANSO təşkilatının “Global ATM Summit 2020” Ümumdünya aeronaviqasiya sammitinin Bakıda keçirilmə müddətini təxirə salmalı olduq.

2018-ci ildə Banqkokda CANSO-nun baş toplantısında 2020-ci ilin iyun ayında sammitin keçirilməsi üçün Bakının namizədliyi seçilib. Azərbaycan paytaxtının yekdilliklə seçilməsi ölkəmizin Ümumdünya aeronaviqasiya cəmiyyətində beynəlxalq nüfuzunun parlaq göstəricisidir.

2005-ci ildən Azərbaycanın üzv olduğu CANSO bilavasitə aeronaviqasiya xidmətləri təchizatçılarını və operatorları birləşdirir. Təşkilat ümumdünya aeronaviqasiya cəmiyyəti üçün mühüm rol oynayır.

Biz ümid edirik ki, 2022-ci ildə CANSO tədbirini çox yüksək səviyyədə keçirəcəyik, həmkarlarımızı ölkəmizin gözəllikləri, Azərbaycan xalqının qonaqpərvərliyi ilə tanış edəcəyik və milli aeronaviqasiyanın uğurlu inkişafını nümayiş etdirəcəyik.

- İşğaldan azad edilmiş ərazilərimizdə aeronaviqasiyanın yaradılması ilə bağlı hansı addımlar atılır?

- Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində Azərbaycan xalqı böyük qələbə qazandı. Müharibə dövründə “Azəraeronaviqasiya” əsas funksiyasını yerinə yetirməyə - uçuşların təhlükəsizliyini təmin etməyə davam edirdi.

İşğal edilmiş ərazilər üzərində Azərbaycanın hava məkanı üç onilliklər ərzində beynəlxalq və daxili uçuşlar üçün bağlı qalıb. Bu müddətdə həmin ərazidə bütün mülki aviasiya infrastrukturu dağıdılıb və tənəzzülə uğrayıb. Bu gün “Azəraeronaviqasiya”nın çiyinləri üzərinə azad edilmiş Qarabağda ən ciddi beynəlxalq standartlara uyğun aeronaviqasiya təminatının bərpa edilməsi kimi məsul vəzifə düşür. Biz azad edilmiş ərazilər üzərində səmanı beynəlxalq mülki aviasiya üçün yenidən açırıq. Hesab edirəm ki, biz bu ərazidə dayanaqlı və etibarlı aeronaviqasiya xidməti sistemini tətbiq edəcəyik. Bizim çoxillik və əməli iş təcrübəmiz dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan bütün məsələləri həll etməyə imkan verir.

Qarabağ üzərindəki hava məkanı ilə bağlı AZANS qarşısında olduqca ciddi və genişmiqyaslı vəzifələr durur. Mütəxəssislərimiz tərəfindən aeronaviqasiya sisteminin tətbiqi, ICAO və “EUROCONTROL” təşkilatlarının tələblərinə əsasən, sertifikatlaşdırmadan keçmək, beynəlxalq hava dəhlizlərinin hazırlanması və müvafiq aeronaviqasiya məlumatlarının beynəlxalq aviasiya məlumatları bazasında dərc edilməsi üzrə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.

Sadalananlar azad edilmiş ərazilərdə hava nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi üçün zəruri olan mühüm ilkin addımlardır.

Xatırladım ki, dövlətimizin başçısının tapşırığı ilə Qarabağda – Füzuli, Zəngilan və Laçın rayonlarında üç beynəlxalq hava limanının tikintisi işləri aparılır. Yeni hava limanlarının əlverişli coğrafi mövqeyi ölkəyə beynəlxalq nəqliyyat logistikası və turizm potensialının açılması üçün geniş imkanlar yaradır.

Hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən, uçuşların aeronaviqasiya təminatı üçün radiotexniki avadanlığın, bütün ərazi üzərindəki səmada mülki hava gəmilərini müşahidə etmək üçün ilkin və təkrar radiolokasiya sistemlərinin fəal tətbiqi həyata keçirilir. Füzulidəki beynəlxalq hava limanında ICAO standartlarına uyğun olaraq hava hərəkətini idarəetmə qülləsinin tikintisi, uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya avadanlıqlarının və aviasiya meteoroloji sistemlərin quraşdırılması başa çatdırılıb.

İşğaldan azad edilmiş Qarabağda “Azəraeronaviqasiya”nın fəaliyyətinin növbəti mərhələsi Zəngilan və Laçındakı hava limanlarında naviqasiya sistemlərinin inşası və tətbiqi olacaq.

Biz sadalanan plan və layihələri həyata keçirməklə azad edilmiş ərazilərin inkişafı proqramında iştirak etməkdən böyük qürur hissi keçiririk. Yaxın gələcəkdə nüfuzlu aviasiya peşələrinə yiyələnmək və təlim keçmək üçün tarixi yaşayış yerlərinə qayıdan əhalini cəlb etmək niyyətindəyik. Bu, həmçinin yaxın vaxtlarda bizim prioritet istiqamətlərimizin siyahısında yer alır.

- Müsahibəmizi sizin arzularınızla bitirmək istərdik.

- 25 il təşkilatın həyatında səy və qətiyyət dolu ciddi müddətdir. 25 il ərzində AZANS əhəmiyyətli təcrübə qazanıb, müasir texnologiyalar və iş üsullarını mənimsəyərək tətbiq edib.

“Azəraeronaviqasiya”nın bütün mehriban komandasına yeni nailiyyətlər, tərəqqi və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini, parlaq perspektivlər açan ən cəsarətli ideyaların həyata keçirilməsini arzulayıram.

- Müsahibə üçün təşəkkür edirik!
Bu xəbər oxucular tərəfindən 31012 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed