Şrift:
“Milli maraqlara qarşı radikaldırlar, ona görə də cəmiyyətin boykotuna məruz qalırlar” II hisse
06.07.2013 [19:03] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “İnsanlarımız hər hansı bir kiçik məsələdən istifadə edib, müstəqil inkişaf edən Azərbaycanı xarici qüvvələrin boyunduruğuna keçirməyə çalışan qrupların “mitinq” çağırışlarını boykot edirlər”

(Əvvəli ötən sayımızda)

-Sizin əsas siyasi fəaliyyət istiqamətiniz və prinsipləriniz necə xarakterizə oluna bilər?

- Biz milli maraqlara əsaslanan siyasət yürüdürük, məqsədimiz millətin özgür inkişafı və rifahıdır. İndiki situasiyada qısaca onu deyə bilərəm ki, hər hansı bir xarici ölkə Azərbaycan milli maraqlarını tapdalamaqla öz maraqlarını bu bölgədə təmin etmək istəyirsə, biz bir müxalif siyasi güc olaraq tamamilə bunun əleyhinəyik və buna qarşı mübarizə aparırıq. Bu niyyətlə kimsə Azərbaycan vətəndaşlarından yararlanmaq istəyirsə, bizi öz qarşısında görəcək. Tələbimiz və xoş niyyətimiz budur ki, hər bir xarici tərəf Azərbaycanla münasibətlərində Azərbaycanın maraqlarına uyğun davranmalıdır. Eləcə də Azərbaycanın hər bir vətəndaşı xarici səfərlərində, xarici qurum və tərəflərlə, diplomatik nümayəndələrlə münasibətlərində sırf Azərbaycan maraqlarından çıxış etməlidir və Azərbaycanın mənafeyini hər addımda qorumalı, irəli çəkməlidir. Siyasətçi və partiya mənsubları isə bu məsələdə daha böyük məsuliyyət daşıyır. Elektorat toparlayıb arxasınca aparmaq iddiasında olan adamlar bu məsələdə daha böyük məsuliyyət və cavabdehlik üzərlərinə götürmüş olurlar. Onlar hansı situasiyada, hansı ölkədə olmalarından asılı olmayaraq, Azərbaycanın maraqlarına uyğun bir məsələ ilə qarşılaşacaqlarsa, bunu özlərindən dərhal kənara itələməlidirlər. Mən məsələlərə və siyasi fəaliyyətə yalnız bu prizmadan yanaşıram. Kimsə xarici qüvvələrlə təmasda olarkən Azərbaycanın maraqlarını bir kənara atmaqla, xalqın mənafeyini satmaqla məşğuldursa, onların qarşısı yerindəcə alınmalıdır. Hazırda Azərbaycanı zəif salmaq, etnik bölücülüyə rəvac vermək, daxili vətəndaş qarşıdurması yaratmaq istəyən xarici qüvvələr var ki, onlar Azərbaycana bu məsələlərlə bağlı müxtəlif pressinqlər tətbiq etməyə çalışırlar. Bu işdə onların dəyirmanına su tökməyə çalışanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə, iqtidarına, eləcə də milli təəssübkeş müxalifətinə təzyiq üçün alət kimi istifadə olunurlar ki, bu da təqdir oluna bilməz. Gücümüz çatan qədər müxalifət olaraq düşmənlərimiz və düşmənlərimizin əlində oyuncaq olan bəzi qrupların qarşısında dayanmaq ən ümdə vəzifəmizdir. Bizim üçün hakimiyyət məqsəd deyil, vasitədir ki, milli məqsədlərə bununla nail ola bilək. Bütün imkanlarımızı Azərbaycan maraqlarına qarşı dayanan qüvvələrə qarşı səfərbər etməliyik, bu, ən azından vətəndaş mövqeyidir.


“Həmin radikal qruplara lap Azadlıq meydanını da versələr, kimsə onların çağırışlarına görə ora getməz, xalq heç vaxt onların hər hansı aksiyasına maraq göstərməz. Çünki onlar milli maraqlara və dövlətə qarşı radikaldırlar”


-Ənənəvi müxalifət qüvvələri hər seçki öncəsi mitinqlər, müxtəlif aksiyalar təşkil etməyə səy göstərirdilər. Bu seçki ərəfəsində isə müxalifətin mitinq cəhdləri müşahidə edilmir. Bu, müxalifətin sosial bazasının zəifliyi və ya olmaması ilə əlaqələndirilir. Siz bu barədə nə düşünürsünüz?

-Birincisi, Azərbaycan cəmiyyətini aldatmaq, onu fərqli bir səmtə sürükləmək mümkün deyil. Azərbaycan cəmiyyəti kifayət qədər məlumatlıdır və ağı qaradan seçməyi bacarır. İnsanlarımız kifayət qədər ayıq-sayıqdırlar. Eləcə də onu da qeyd etməyə dəyər ki, heç bir dövlətdə ideal vəziyyət olmadığı kimi, bizdə də müəyyən məsələlərdə islahatlara ehtiyac var. Bunu biz də görürük. Bununla belə, insanlarımız həmin islahatları görə-görə həm də mövcud vəziyyəti, stabilliyi və vətənini hər an qorumağa hazırdırlar. Onlar vətənin sabit və etibarlı vəziyyətdə olmasını istəyirlər. Ona görə də avantüralara getmirlər. İnsanlarımız hər hansı bir kiçik məsələdən istifadə edib, müstəqil inkişaf edən Azərbaycanı xarici qüvvələrin boyunduruğuna keçirməyə çalışan qrupların “mitinq” çağırışlarını boykot edirlər. Mən özüm həmişə xalqın arasında oluram, kabinet siyasətçisi deyiləm. Cəmiyyətimizin davranış xarakterini, xüsusiyyətlərini yaxşı bilirəm. İnsanlarımız mövsümi olaraq meydana gedib, kiminsə əlində oyuncağa çevrilməkdən hazırda tamam vaz keçib. Bütün bunlardan nəticə çıxarmayan bəziləri dövlətə qarşı radikallığı “qəhrəmanlıq” kimi təqdim etməyə çalışırlar. Halbuki bu radikallığı xalq və cəmiyyət rədd edir. Mən həmişə tərəfdarı olmuşam ki, söz azadlığı, toplaşmaq azadlığı hər yerdə təmin edilməlidir. Həmin radikal qruplara isə lap Azadlıq meydanını da versələr, kimsə onların çağırışlarına görə ora getməz, xalq heç vaxt onların hər hansı aksiyasına maraq göstərməz. Çünki onlar milli maraqlara və dövlətə qarşı radikaldırlar, ona görə də bu cəmiyyətin boykotuna məruz qalırlar. Çünki təqdim edəcəkləri bir şey də yoxdur. Hansı nailiyyətlərini təqdim edəcəklər? Hansı fəaliyyətlərini, keçmişdə etdiklərini, hazırda hər hansı bir platforma və proqramları üzə çıxara bilərlər? Təbii ki, heç birini... Cəmiyyət isə artıq başqa şeylər istəyir, radikal və ənənəvi müxalif düşüncədən fərqli olaraq, proseslərə yeni baxış, yeni düşüncəyə ehtiyac var. Onlar isə bir vərəqlik də olsa, konseptual yazı ilə çıxış edə, əsaslandırma apara bilmirlər. Ortaya intellektual düşüncə məhsulu olan heç nə qoya bilməyə-bilməyə hakimiyyət iddiası ilə çıxış edirlər ki, bu da olduqca qeyri-ciddidir və cəmiyyətdə gülüş doğurur. Təbii ki, belə halda heç bir siyasi nailiyyətə çatmaq olmaz, ancaq fiaskoya uğramaq və məğlubiyyətin “simvol”una çevrilmək olar...

İlkin AĞAYEV "Palitra" qəzeti
Bu xəbər oxucular tərəfindən 1341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed