Şrift:
Həbib Ələkbərsoy: Türkiyənin hətta milliyətçi kəsimi belə Türk Birliyi istiqamətində qəti mövqe nümayiş etdirmir- Müsahibə
17.07.2013 [10:46] - Türk dünyası-Turan, Müsahibə
Müsahibimiz, Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərsoydur.

-Həbib bəy, cəmiyyətdə milli ideologiyanın rolunu necə görürsünüz?
-Bu bizim yaralı yerimizdi da… Millət öz milli dəyərləri ilə millətdir. Milli ideologiya millətin mövcüdluğunun zəmanətidir. Milli fəlsəfənin olmaması aşınma və mənəvi xaosun(qarışıqlığın) yaranmasına səbəb olur. Hazırkı dünyamızda milli ideologiyanın azacıq zəifləməsi artıq həmin topluma qarşı mənəvi terrorun olacağını şübhəsiz edir. Xüsusən də türk xalqlarına. Bu gün biz bu mənəvi terroru elmdə, sənətdə, kulinariyada(mətbəxdə), geyimdə, münasibətdə və digər mədəniyyətimizdə açıq şəkildə görürük. Birinci milli gücün ortaya qoyulması millətin inkişafının tərk şərtidir. Heç bir millət miili iradə nümayiş etdirmədən inkişaf etməyib. Bu inkişaf, həm bir millətə, həm hər hansı bir milli dövlətə, həm də ayrılıqda fərdlərə şamil edilir. Buna misal olaraq dünyanın istənilən inkişaf etmiş milli dövlətini və onun xalqını, eləcə də vətəndaşını göstərmək olar. Dünyanın hər cür təzyiqləri qarşısında həm bir dövlət, həm bir millət, həm də bir insan kimi durmadan inkişaf edən yaponların bugünkü çatdıqları səviyyə hər kəsə məlumdur ki, bu, onların yürütdüyü milli siyasətlə bağlıdı. Yaxud da, hər iki dünya müharibəsində ən ağır zərbəyə məruz qalmış və tam çökdürülmüş almanlar milli gücü ortaya qoymaqla yenə öz dövlətlərini dünyanın aparıcı dövlətlərindən, güc mərkəzlərindən birinə çeviriblər.
Birdə ki, cəmiyyətdə bu sözün çəkisi tam anlamı ilə ifadə olunmur. Milli ideologiya həm də milli düşüncə tərzinin qorunub saxlanması deməkdi. Mənəvi terrorla milli düşüncə tərzinin dəyişməsi, bayaq qeyd etdiyimiz kimi mənəvi xaosun meydana gəlməsinə səbəb olur. Məsələn, Türkiyədə ailə inistitutlarının araşdırmalarına görə, Avropadan gələn separat(bölücü) ideologiyanın nəticəsi olaraq, bir ildə bu ölkədə 80000-90000 boşanma qeydə alınır və bu rəqəm ilbəil artır. Azərbaycanda belə araşdırmalar aparan mərkəzlər yoxdur deyə, cəmiyyət yad ideologiyanın bizi sürüklədiyi faciələrdən xəbərsizdir. Qeyd etdiyimiz ailə institunun dağılması ilə bərabər gənclərimizin avropalıya, rusiyalıya yaxud bir başqa əcnəbiyə oxşamaq hərisliyi, nəticə etibarilə bir çox mənəvi xaosa səbəb olur. Belə ki, bu gəncin seçdiyi həyat tərzi ilə mental şüur arasında olan kəskin ziddiyət şəxsin özündə psixoloji gərginlik yaradır. Onun mühitə uyğun olmayan davranışları milli tərbiyə sisteminə uyğun olmadığı üçün özünü təcrid vəziyyətinə salır və ətrafdan ona qarşı yönəlmiş pis münasibət nəticəsində onda da ətrafına qarşı aqressivliyi(mühacimlik, sərtlik) artır və adam daha da şiddət nümayiş etdirir. Bir tərəfdən də, yad yaşama meyillilik insanın səhhətinə də olduqca mənfi təsiri olur. Belə ki, qeyd etdiyimiz vəziyyətlə bağlı, onda yaranmış stressvə sarsıntı ilə yanaşı, orqanizmi üçün xeyirli olan və mühitə uyğun formalaşmış qidalardan imtina edib, orqanizmə zərərli olan və mühitə yad olan əcnəbi qidalarına meyillənmək son nəticədə orqanizmdə ciddi fəsadlara səbəb olur. Bu sıraya mühitimizə, iqlimimizə və coğrafiyamıza uyğun olmayan geyimlərdən və digar yad yaşam tərzindən yaranan saysız fəsadları da əlavə edə bilərik. Ona görə deyirik ki, milli ideologiya bir millətin və o millətin dövlətinin inkişafı ilə bərabər, həm də ayrılıqda bir fərdin inkişafının əsas şərtidir. Fərd üçün yad yaşam tərzini seçmək bir bitkinin çıxarılıb yad mühitdə yetişdirilmə cəhdi ilə müqayisə olunur həmişə. Yad mühitdə bitkilər necə cılızlaşıb öz mahiyyətini itirirsə, insan da elə. Yad yaşam tərzini insanı sadəcə cılızlaşdırır ki, bunun zərbəsini o özü ilə bərabər cəmiyyətə də vurmuş olur.
-Bəzən belə fikir eşidirik ki, milli ideologiya cəmiyyətə lazım deyil. Qlobollaşan (kürəsəlləşən) dünyada bunun heç bir əhəmiyyəti yoxdur. Bu haqda nə deyə bilərsiniz?
-İkimiz də bilirik ki, bu dünyanın yeni güc mərkəzlərinin başqa xalqlar üzərində yürütdüyü təxribat təbliğatıdır. Qloballaşma ilə milli ideologiya ziddiyyətli məqamlar deyil axı. Hər bir toplum öz milli ideologiyasını qoruyub saxlasa, milli gücünü ortaya qoya bilsə, bərabərhüquqlu qloballaşmaya nail olmaq olar. Qloballaşma adı altında imperialistlərin öz müstəmləkə siyasətinin yürütmələrində bəyəm görünməyən tərəf var ki?! Ona görə, Azərbaycan, Avropa Şurasına daxil olanda ölkəmizin o vaxtkı prezidenti Heydər Əliyev AŞ PA-da (Avropa Şurasi Parlament Assambelyası) tarixi bir çıxış etdi. Prezidentimiz çıxışında bu dediyimiz məqamları net olaraq ortaya qoydu ki, “Azərbaycan Avropaya inteqrasiya(qaynayıb qarışma, həmgərayi) edir, lakin öz milli dəyərləri ilə inteqrasiya edir”.
Bir dəfə televiziya kanallarının birində bu istiqamətdə debat gedirdi. Mən öz fikirlərimi ifadə edirdim ki, inkişaf etmək Avropa dəyərləri demək deyil da, inkişaf etmiş birinin təcrübəsindən yararlanmaq üçün onun milli dəyərlərini də mənimsəməyə, qəbul etməyə borclu deyilik axı. Mövzünü müzakirəyə çıxarmış aparıcının mənə verdiyi növbəti suala baxın: “Onda biz univerisitetləri mədrəsəyə çevirək?” Kanalın rəhbəri çəkilişi izləyirmiş, otağa daxil olub, çəkilişi dayandırdı və aparıcını başa salmağa çalışdı ki, özünün ortaya qoyduğu mövzü barədə bu qədər cahilcə düşünməsin. İnanırsız, adam yenə başa düşmədi ki, Avropa standartı ilə, Avropa dəyərləri başqa anlayışlardı.
Bir neçə misal sadalayım sizə: baxın, almanlar öz dövlətləri üçün bir saat əlavə ödənişsiz çalışırlar. Hər bir yəhudi harada yaşamasından asılı olmayaraq, ancaq yəhudi banklarının xidmətindən yararlanır, ingilis ingilisin, italyan italyanın və s. Hətta müşahidə olunur ki, bu xalqlar dünyanın hər yerində ancaq öz restoranlarından istifadə edirlər. Fransalı millət vəkili ingilis dilində çıxış etdiyi üçün mandatdan məhrum edilir, İngilislər bütün dünyada eyni iş müqabilində min bir bəhanə ilə ingilislərə başqa millətlərdən daha çox məvacib ödəyirlər və s. bu kimi misalları saymaqla bitən deyil ki, buna bənzər faşist düşüncə tərzində yaşayırlar, amma inkişaf etməkdə olan ölkələrə milli ideologiya gərksizdi deyirlər?! Nəzərə almaq lazımdır ki, Türk millətçiliyi ən kritik(həssas) dönəmlərdə belə nə faşizmə, nə də şovinizmə çevrilməyib. Bu da türkün ruhu və mental düşüncə tərziylə bağlıdır. Hansı Avropa dövlətində həmin dövlətin mənsub olduğu xalqı təhqir etmək olar?! Bunun bir şəkildə cəzası vardır. Amma AB Türkiyədən tələb edir ki, Birliyə qoşulmaq üçün Anayasandakı “Türkə və türkçülüyə həqarət” maddəsini dəyiş, elə “Başqa xalqlara həqarət”. Deməli istəyirlər ki, Türkiyədə türkü təhqir etmək suç olmasın, amma başqa milləti-yunanı, ermənini, ingilisi və s. təhqir suç sayılsın.
Bilirsiz, indi söhbəti tək Avropa üzərində qurmaq da düzgün deyil da. Digər güc mərkəzləri də eyni təbliğatı yürüdürlər. Bayaq Almaniya ilə yanaşı Yaponiyanı da misal kimi göstərdik. Bura bütün inkişaf etmiş milli dövlətləri daxil etmək olar. Milli ideologiya olmadan qloballaşan dünyanın bir parçasına çevrilmək mümkün deyil. Olsa-olsa imperialistlərdən birinə sığınaraq hərbi təhlükədən qorunmaq üçün müstəmləkəyə çevrilmək olar ki, bu halda da mənəvi terror milləti millət olaraq məhvə aparacaq.
Türk milli ideologiyasına gəlincə isə, türk milləti böyük millətdir! Həm zəka, həm mədəniyyət, həm də güc nümayişi baxımından heç bir toplum bizimlə müqayisə oluna bilməz. Bəs nəyə görə biz dünyanın aparıcı güclərindən olmayaq?! Axı tarixin ədaləti məhz bizlərlə bağlı olub. Əgər hər hansı bir bəşərilikdən, bərabər hüquqlu qloballaşmadan və ədalətdən söhbət gedirsə, bunun tək yolunu biz, türkün söz sahibinə çevrilməsində görürük ki, bu da türkün birliyinə bağlıdır.
-Bu gün Türk dünyasının birliyi və bütövləşməsində türk milli ideologiyası yetərincə rol oynayırmı?
-Bildiyiniz ki, sovet imperiyası (Şürəvi) dağılandan sonra millətçilik və milli ideologiyanın parlaqlığı türk birliyini reallaşdırmışdı. Mustafa Kamal Paşa Atatürk 1924-cü ildə qurduğu cümhuriyyətinin adını ona görə, Türkiyə qoydu ki, bu dövlət bütün türk millətinin dövlətidir. Bütün türk xalqları əsarətdə olduğu üçün bir müstəqil dövlətlərinin olduğunu görsünlər. O başqa mövzudur ki, bu sevginin və yönəlmənin qarşısını almaq üçün sovet imperiyası millətin adını dəyişdirmək siyasətinə start verdi və bununla birgə parçalanmaya da nail oldu. Əlbəttə ki, imperiyanın əsas hissəsinin türklərə məxsus olması onun gələcəkdə türkləşməsini qaçılmaz etdiyindən, yeni adlar altında parçalama siyasəti həyata keçirildi. Atatürk isə demişdi ki, “SSRİ (Şurəvi) tez və ya gec dağılacaq, biz orada olan türklərə sahib çıxmağa hazır olmalıyıq”. Belə bir şüar da yaranmışdi: “kommunistlər dağılıb viran olacaqdır, Türkiyə böyüyüb Turan olacaqdır”. Sovet imperiyası süqut etdikdə bu vəsiyyət və bu ideologiyaya uyğun olaraq Türkiyənin həmin dönəmdəki prezidenti Turqut Özal diplomatik korpusla və aparıcı iş adamları ilə birgə Türk dünyasını ziyarətə çıxdı. Açıq şəkildə Türkiyənin yönünü Türk dünyasına yönəltdi, Türk ölkələrinin zirvəsi yarandı, Türk dünyasının iqtisadi birlik platformalarına start verildi, hətta Türk dünyasının mənəvi mərkəzi hesab ediləcək yeni simvolik Turan dövlətinin yaranması istiqamətində danışıqlar başladı. Lakin, yeni güc mərkəzinin formalaşmasını görən dünyanın bütün gücləri türklərə qarşı birləşdilər. Hətta tarixi düşmənlər belə türklərin birləşməsinə qarşı birgə addımlamağa başladılar. Nəticə göz önündədir ki, sonradan Turqut Özal kimi dünyaca tanınmış böyük siyasətçidən bu uğursuzluğunun səbəbini soruşanda o, təxminən belə cavablandırmışdı ki, “türk xalqlarında o qədər yüksək milli ideologiya formalaşmışdı ki, artıq bunun qarşısını heç bir qüvvənin ala bilməyəcəyi qənaətinə gəldiyim üçün açıq şəkildə birlik ideyasına start verdim”. Bax, dünyanın o vaxt düşdüyü təlaş bu gün də davam etməkdədir. Bu gün də Türk Birliyinin yaranmasının qarşısnı almaq üçün bütün rıçaklar tam gücü ilə işləyir. Amma görürsünüz ki, artıq öz Parlament Assambleyamızı yaratmışıq, Türk Zirvəsi olduqca mühim qərarlar alır, ictimai səviyyədə yaxınlaşma və birləşmə işləri gedir. Bütün bu işlərin zəif getməsini isə mən kənar təzyiqlərdə yox, türk milli ideologiyasının, milli gücün tam ortaya qoyulmamasında görürəm. Əgər, biz Türk Birliyi yolunda milli iradə nümayiş etdirsək, qələbəmiz qaçılmaz olacaq. Anlamalıyıq ki, türklük və Türk Birliyi bizim millətin həm nicatı, həm də inkişafı deməkdir. Bu birlik altında kimsə bizə nə Qarabağ problemi yarada bilər, nə PKK, nə də bu kimi digər problemlər. Güney Azərbaycanda, Doğu Türküstanda bu gün baş verən qətliam və represiyaların sonu və bütün türk xalqlarının azadlığı deməkdir Türk Birliyi! Türk Birliyi türk xalqlarının yenilməz hərbi qüdrəti və iqtisadi inkişafı deməkdir. Bunlar geniş auditoruyaya (muxatəblərə) mahiyyət etibariylə aydın olduqca, Türk Birliyi ideologiyası cəmiyyətdə dəstəyini genişlədir. Lakin, biz zamanı itiririk.
-Gəncliyin bu sürəcdə rolunu necə dəyərləndirirsiniz?
-Zatən bu yola ürək qoyan elə gənclik təbəqəsidir. Ama biz o qədər azıq ki, görülən işlərin arxasında belə az insanın olması inanılmazdır. Üzdə görünənlərin də bir hissəsi qaraguruhcu, bir hissəsi isə saxta türkçülərdi... Bu da bizim işimizi biraz da çətinləşdirir. Məlum məsələdir ki, gənclik toplumun aparıcı qüvvəsidir. Əgər bu gün gəncliyin bu sürəcdə rolu qənaətbəxş olsaydı, nəticəyə nail olmaq çox asan olardı. Həm də, siz təkcə Azərbaycan çərçivəsində yanaşmayın ki, məsələyə. Orta Asiya türklərində və Sibir türklərində gənclik Rusiyaya nə qədər maraqlı görünürsə, Türkiyə gəncləri də bir o qədər Avropaya meyillidirlər. Türkiyənin hətta milliyətçi kəsimi belə Türk Birliyi istiqamətində qəti mövqe nümayiş etdirmir.
Söhbətləşdi: Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed