Şrift:
ƏLİ TƏBRİZLİ
31.07.2013 [11:07] - Güney Azərbaycan xəbərləri, Türkün şanlı tarixi, Güney Azərbaycan-Təbriz
İran adlanan ölkədə türkün varlığını yox sayan, onu aşağılayan paniranizmə və irqçiliyə qarşı sistemli mübarizə aparmış böyük şəxsiyyətlərin içində Əli Təbrizli (1929, Təbriz – 1998, Tehran) özəl yeri ilə seçilir. Görkəmli fikir və əməl adamı olan Əli Təbrizli Güney Azərbaycanda milli dirəniş hərəkatının simvollardan biri olmuşdur. Özəlliklə onun “Ədəbiyyat və milliyyət” kitabı<!--[if !supportFootnotes]-->[2]<!--[endif]--> mürtəce-irqçi suçlamalara Güney türklüyünün ilk ümumiləşdirici cavabı idi. İlk təşəbbüs olmasına baxmayaraq, həmin kitab bu gün də Güneydə türk millətçiliyinin möhtəşəm abidəsi sayılmaqdadır.
Əli Təbrizlinin həyatından
O, 1929-cu ilin iyun ayının 25-də Təbrizin Münəccim məhəlləsində anadan olub. İbtidai və orta təhsilıni Təbrizdə alıb. 1945-ci ildə ona Milli Hökumət dönəmində ana dilində təhsil almaq qismət olur. On beş yaşında olarkən ailəsi ilə birgə Tehrana köçür. Tehranda özünü qərib hiss edən Əli meylini kitablara salır, böyük səy və həvəslə mütaliə edir. Ana dilinə böyük maraq və sayğısı da o illərdən başlayır. Ana dilinə olan sevgisi onu bu dildə yazıb-yaratmağa ruhlandırır, ilk sevdasını şeirlə əks etdirir. Aradan çox keçməmiş ”Əli Təbrizinin qəzəlləri” kitabı nəşr edilir.
Gənc ikən çeşidli işlərlə məşğul olur və nəhayət, “Atropat” yayınevini açır. Ayrı-ayrı dövrlərdə ədəbi dərnəklər adı altında milli məsələləri müzakirə edən və milli işlərlə məşğul olan siyasi-mədəni qruplar yaradır. Dəfələrlə Pəhləvi rejiminin zindanlarında dustaq olur. Şah rejiminin bütün təzyiqlərinə baxmayaraq türk folklor nümunələrini toplamağa başlayır. ”Kərəm ilə Əsli” dastanını xalqdan, ağızlardan toplayıb yazıya köçürərək nəşr edir. Daha sonra Şah İsmayılın həyatı və şeirlərini əhatə edən iki cildlik “Şah İsmayıl” kitabını yayınlayır.
1955-ci ildən sonra şair Həsən Məcidzadə Savalanla birlikdə çalışmağa başlayır. Bu işbirliyinin qözəl nəticəsi olaraq 4 ildən sonra “Əliağa Vahidin külliyyatı” kitabı ərsəyə qəlir. Daha sonra isə “Azərbaycan nəğmələri və bayatıları” (iki cilddə), ”Koroğlu” dastanı işıq üzü qörür. Savalan ilə birlikdə “Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri”, “Füzuli divanı”, Salman Mümtazın şeirləri, Azərbaycan türkcəsi, Əziz Nesinin bir neçə hekayəsi və b. daha bir neçə başqa kitabları hazırlayaraq nəşr edir.
Əli Təbrizli naşir olmaqla yanaşı, həm də özünü bir şair, araşdırıcı, publisist kimi tanıtdırır. Ən önəmlisi isə, o, milli hərəkatın həm görkəmli nümayəndəsi, həm də ideoloqudur. Onu Güneydə türkçülüyün banisi kimi tanıtdıran əsas əsəri “Ədəbiyyat və milliyyət”dir.
“Ədəbiyyat və milliyyət” hadisəsi
Kitabın içəriyindən də göründüyü kimi, Əli Təbrizli fars şovinizmi və arya (ari) iqrçiliyinin bitərəf sistemli akademik, elmi tənqidini qarşısına məqsəd qoymamışdır. Yazar millətinin tanınmış şairi və haqsızlığa dözə bilməyən mübariz oğlu idi,<!--[if !supportFootnotes]-->[3]<!--[endif]--> odur ki, kitabın bəzi bölümlərindəki fikirlər hissiyyata dayanır, müəllif fikrini əsaslandırmaq üçün yetərli dəlil gətirməyi gərəkli bilmir. Əyər-əksikliyi, mənfisi-müsbəti ilə birlikdə bu kitab özünü dərk etmək istəyən türklüyün XX yüzilin 60-70-ci illərində haray səsi olması baxımından əvəzsiz qaynaqdır.
Yazar başlarkən kitabın amacına aydınlıq gətirir. İranın siyasi tarixində həmişə ən fəal rol oynamış soydaşlarının sağ, ya sol ideologiyalara ifrat bağlılığından (“sola vurğun, sağa məftun” olmasından) və özünü unutmasından heyrətlənən müəllif milli problemlərin araşdırılması və ortaya qoyulmasını milli görəv bilir. Əli Təbrizli fars şovinistindən daha çox türk manqurdunun əlindən qəzəblidir: “Yüz illərcə milyonlarca qoyun kimi doğulub, qoyun kimi yeyib və qoyun kimi qığılayıb və sonra qoyun kimi ölüb gedənlərimiz və onların yerini dutanlarımız, hər işə qırp qoyub, hər oyuna baş vurub və tarix və coğrafiya oxuyub və yazıb, hər cürə özgə dillər ögrənib və ögrədib, hakim və məhkum olub, varlı-varsız olub, dünya millətlərin və dillərin tanıyıb və hər cürə boyağa bulaşıb, ancaq özün və millətin və kim imiş və kimdir və kim olacağın tanımayıb və hələ də tanımaq istəmir”.<!--[if !supportFootnotes]-->[4]<!--[endif]-->
Milli özünüdərk prosesinin ilk mərhələsinin “Kim imiş və kimdir” sualına cavabdan keçdiyindən, müəllif tarixi keçmiş məsələlərinə özəl yer verir. Əli Təbrizli və özünü axtaran hər bir Azərbaycan türkü üçün “Millət olaraq nədə yanlışlığımız oldu ki, indi bu günə qalmışıq?” sualına cavab tapmaq fövqəladə böyük önəmli işdir.
Niyə bu günə qaldıq?
Bu suala cavab vermək üçün Əli Təbrizli tarixi keçmişin bəlli həqiqətlərini xatırladır. O bildirir ki, islamaqədərki dövrdə fars ədəbiyyatı yalnız bir neçə əsərdən ibarət idi: “İslamdan öncə əcəmlərin [farsların] heç bir ədəbi, nəzmi, roman kitabları yoxdur və hələ bir neçə cırıq- mırıq yer altından tapılan Sanskrit, Avesta, Mozdesna, Yəşt adlı kitabcıqlar varsa da xürafat və mövhumat üçün yazılıbdır”.<!--[if !supportFootnotes]-->[5]<!--[endif]--> O kitabların dili ilə çağdaş fars dili arasında əlaqə yoxdur, ya da ayrı-ayrı sözlər oxşasa da indiki farslar onları anlamırlar. Paniranistlərin islamaqədərki İran/fars tarixini göylərə qaldırıb, yalan-yamalaq nəzəriyyələr uydurmasını Əli Təbrizli qəzəblə rədd edir: “...bugünkü yalağ əcəm o günün, o çirkin və qanlı günün milli dil və milli ədəbiyyatından danışanda və sarsaqlayanda özün gülüncə qoyur və bütün dünyanı, hətta özünü güldürür”.<!--[if !supportFootnotes]-->[6]<!--[endif]-->
Əli Təbrizli ərəb və türkləri “zalım, yırtıcı və dilbilməz” kimi təqdim edənlərin irqçiliyinə etiraz edir. O yazır: “Bəs Firdovsi ərəb əlifbası ilə nə üçün türk şahı Mahmud Qəznəviyə “Şahnamə”sin yazıb? Bu uzun çağlar boyu Həkim Fərruxi Sistani, Ünsüri, Ənvəri, Qəani Şirazi, Hafiz Şirazi, Vüsal Şirazi, Sədi Şirazi, [...] Kəmaləddin İsmayıl İsfəhani, məliküşşüəra Bahar Xorasani və yüzlərcə və minlərcə şairlər və məddahlar hünərlərin və bacarıqların ərəb, məxsusən türk üçün nəsar [qurban, hədiyyə] və təqdim ediblər”. O, türk hökmdarlarının fars dili və ədəbiyyatına qəyyumluğunu görməyən və bu hökmdarları yeri gəldi-gəlmədi aşağılayan, türk dilinə ikrahla yanaşan irqçi müəllifləri insaflı olmağa çağırır.
Əli Təbrizli irqçi müəlliflərə qızdığı kimi, türk hökmdarlarının milli dil və ədəbiyyata biganəliyinə də içdən yanır. “Şimaldan-cənuba, şərqdən-qərbə kimi böyük-böyük imperator[luq]lar quran”, “özgə millətlərə dil və milliyyət təhmil etməyən” türk sülalərinin siyasətinin bədəlini (“cəriməsini”) çağdaş soydaşları ödəməkdədir. Əli Təbrizli həmin türk sülalələrini qınayır: “Qulluqlarında yüzlərcə balaca şahlar, hökumətlər, tarix yazanlar, ədiblər və şairlər, memarlar və təbiblər olan ata və babalarımız gələcək nəsil üçün, yəni biz[lər] üçün heç bir gözəl milli miras, milli dil və ədəbiyyat, milli tarix qoymayıblar. Fəqət günün nəğd olan qüdrət və gücünə qane olub, zamanı və dünyanı kiçik və qısa düşünüblər.”<!--[if !supportFootnotes]-->[7]<!--[endif]-->
Orta yüzillərdə türk eliti içində etnik təəssübün olmaması (Nəvai heyrətləndirici istisnalardan biridir ) XX yüzildə ağır sonuclar verdi. Əli Təbrizli yazır: “Vara və sərvətə, qüdrətə və gücə, yaxşı yeyib və içməyə, habelə ev bəzəklərinə və yüzlərcə belə şeylərə və işlərə qiymət və dəyər qoyulurdu, ancaq dilə, ədəbiyyata, milli fərhəngə, milli vicdana, özün və millətin tanımağa elə bir könül və əlaqə göstərilmirdi. Və indi budur ki, bugünkü nəslin əlində bir öylə milli fərhəng yoxdur və olub-qalan varsa da ya gözlərdən itkindir və ya zaman pası və tozu ilə örtülüdür”.<!--[if !supportFootnotes]-->[8]<!--[endif]-->
Əli Təbrizli orta çağlardakı türk – fars münasibətlərinə aydınlıq gətirmək üçün Mahmud Qəznəvi – Firdovsi hekayəsini örnək olaraq ələ alır. O xatırladır ki, əldə olan seyrək qaynaqları, özəlliklə şair Əsədinin artıq yazmış olduğu şeirləri bir yerə yığıb, “Sultan Mahmud Qəznəvinin imperator[luğ]unda olan millətləri vəhdətə və birliyə çağırması” şair Firdovsiyə tövsiyə olunub. Ancaq hazırladığı “Şahnamə” ilə “Firdovsi vəhdət və birlik yerinə, milli ixtilaflar və qövmi kinələr törətmişdir”.<!--[if !supportFootnotes]-->[9]<!--[endif]--> Firdovsi dilsiz (əcəm) farsları yaşatmaq üçün “başdan-başa buynuzlu yalanlarla dolu bir çuval” yaratdı, fars olmayanları aşağıladı. Məhz buna görə də Firdovsiyə vəd edilmiş ənam ödənilmədi. Sonralar farslar Firdovsinin Mahmud Qəznəviyə yazdığı həcvə dayanaraq yalan nağıllar uydurub yaydılar.<!--[if !supportFootnotes]-->[10]<!--[endif]--> Bu tarixi olaya aydınlıq gətirən Əli Təbrizli farsların ana kitabı sayılan “Şahnamə” haqqında fikirlərini özətləyərək yazır ki, 1) bu əsərdə əsas mövzular Balkan Albaniyasının milli dastanlarından götürülüb; 2) onu bir neçə adam, özəlliklə şair Əsədi yazıb; 3) Firdovsi yazılmış hazır işləri dəyişdirərək ona ədavət qatıb; 4) Firdovsi “təyid edibdir ki, farslar, haman dilsiz əcəmlər imişlər ki, o, onları dirildibdir (Əcəm zende kərdəm)”; 5) “o, şahı yer üzünün Tanrısı və millətləri onun bəndələri sayıbdır”.<!--[if !supportFootnotes]-->[11]<!--[endif]-->
Əli Təbrizlinin bu əsərində diqqəti çəkən başqa bir özəllik də Güneydə ilk dəfə türkçü tarix konseptinin yer almasıdır.
Milli tarix konsepti
Əli Təbrizli əsərinin bir neçə bölümünü tarixi keçmişə həsr etmişdir. Bu bölümlərin ana qayəsi fars şovinizmi və arya (ari) irqçiliyinin tarixlə bağlı qurama tezislərini çürütmək, soydaşlarına doğru-dürüst, inandırıcı tarix şüuru verməkdir. “Türk kimdir?” başlıqlı bölümdə yazar insanlığın yaranma arealının Orta Asiya, Quzey Çin, Altay dağları, Aral gölü sahilləri olduğunu iddia edir. Oddan və çaxmaqdan ilk dəfə məhz buralarda istifadə edildiyi fikrini irəli sürür. Dünya elminin onillərlə müzakirə və münaqişə etdiyi bu məsələdən sonra indiki türklərin və onların əcdadlarının yaşayış arealı, onların sayı məsələlərinə keçir. Bizim fikrimizcə, müəllif bu məsələlərə hissi yanaşır, bir sıra inanılmaz şişirtmələrə yol verir.
Bununla belə, türk törəyiş əfsanəsinin, əski türk tarixinin izahı türkologiya elminə dayanır. Bu, İran şərtlərində cürət tələb edən iş olmaqdan başqa, həm də soydaşlarına gərəkli akademik bilgi çatdırmaq baxımından diqqəti çəkir. Əski türk tarixinin hunlar, Teoman, Mete, Attila kimi mövzularının incələnməsi aşağılıq kompleksi keçirən soydaşlarının bilgi əskikliyini qapamaq baxımından çox önəmlidir. Burada diqqəti çəkən özəlliklərdən birisi də yazarın moğol mövzusundan yan keçməməsidir. Bəllidir ki, rəsmi İran tarixşünaslığında ən çox nifrət təlqin edilən moğollar İrana bədbəxtliklər gətirən əsas amil hesab edilməkdədirlər. Əli Təbrizli türk-tatar və moğolları eyni qövm hesab edir və onların qəhrəmanlıqlarla dolu keçmişini, etnoqrafik özəlliklərini qürurla təsvir edir. Yazarın oxucusuna və soydaşına verdiyi məsaj budur: rəsmi İran tarixşünaslığının iddialarının əksinə, sənin iftixar edəcəyin bir milli tarixin vardır; bu tarix iranşünaslığın bir hissəsi deyil, ümumtürk tarixinin bir bölümüdür.
Millət nədir?
Əli Təbrizli bütün çoxmillətli dövlətlərdə böyük önəm daşıyan millət anlayışına da münasibətini bildirmədən keçə bilməzdi. O, milləti təşkil edən ənənəvi ünsürləri (coğrafiya, iqtisadiyyat, siyasət, mədəniyyət, habelə qanun və mədəni hüquq birliyi)<!--[if !supportFootnotes]-->[12]<!--[endif]--> sadaladıqdan sonra onların ölkədən-ölkəyə, yerli şərtlərə görə dəyişdiyini qeyd edir: “Milliyyət hər kimin baxımında və düşüncəsində və özünə məxsus olan məram və əqidənin təsiri altında olaraq fərq edər”.<!--[if !supportFootnotes]-->[13]<!--[endif]--> Bu ünsürlərin hamısı olsa belə onlar ölkə əhalisini vahid millətə çevirmək üçün yetərli deyildir, çünki “dil və ona bağlı olan ədəbiyyat, folklor, adab və rüsum, milli əvatif [hisslər] və milli vicdan [şüur] və bunların başında milli fərhəng”i gözardı etmək mümkün deyildir. Elə buna görə də “fars fərhəngi içində həzm olan qeyrətsiz türklər bu fərhəngi əlli il olaraq zalımanə və istimari bilmədikləri halda və özlərin kamilən farslığa vurub gözdən itənləri də az bir diqqət ilə fars qövmündən olmadıqları gözə şarpar”.<!--[if !supportFootnotes]-->[14]<!--[endif]--> Farslar və türklər arasında bu sahədə ciddi fərqlər onların ayrı-ayrı millətlər olmasını şərtləndirir. Əli Təbrizli yazır: “Türklər ilə farsların din birliyi, rejim birliyi, coğrafi birliyi, iqtisad birliyi icbarən olursa da, hərgiz milli hüviyyət [kimlik] və milli fərhəng birliyi, milli xüsusiyyat və milli vicdan birliyi olamaz, çünki topraq (coğrafi) və iqtisad və rejim bir ola-ola milli psixoloji, milli fərhəng və dil və ruhiyyat bir deyil və ola da bilməz. Çünki hərəsinin öz-özünə məxsus xasiyyət, dəb, ruhiyyat, əxlaq, əsəb və hətta jeni vardır. Budur ki, bütün qövmi xüsusiyyatı ayrı-ayrı olan iki millətin toprağı, iqtisadı, rejimi, ictiması bir olsa da, ancaq bu iki ayrı-ayrı olan millətləri bir millət edə bilməz və son mərhələdə hər ünsür öz əslinə qayıdar”.<!--[if !supportFootnotes]-->[15]<!--[endif]-->
Elmi baxımdan ümumiyyətlə obyektiv olan bu baxış kitabın növbəti bölümündə (“Milliyyət ilə qövmiyyət fərqi”) dolaşdırılır, yeni ziddiyyətli fikirlər irəli sürülür. Yazar burada qövm (etnos, etnik birlik) anlayışına tərif verərək bildirir ki, “hər qövm başqa bir qövmdən ayrı dil, ədəbiyyat, tarix və fərhəngi” ilə fərqlənir.<!--[if !supportFootnotes]-->[16]<!--[endif]-->
Təbrizliyə görə, “İran” kəlməsi bəlli bir qövmə aid deyildir; İranda ərəblər, türklər, bəluclar, kürdlər, türkmənlər və farslar yaşayırlar və “bunların cəminə İran milləti və İran dövləti deyirlər”.<!--[if !supportFootnotes]-->[17]<!--[endif]--> Ancaq birisinə (farslara) ev sahibi, başqasına (məsələn, türklərə) kirayəçi statusu verilməsini yazar rədd edir, İranı bütün millətlərin müştərək vətəni sayır. Göründüyü kimi, Əli Təbrizlinin millət və qövm anlayışları, uyğun olaraq “türk milləti” və “İran milləti” anlayışları bir-birinə qarışır və konkret mənasını itirir.
Yazar Azərbaycan əhalisini (daha doğrusu, onun əksəriyyətini) “azərbaycanlı”, ya “azəri” adlandırmağın doğru olmadığını bildirir: “İran türklərini yalnız Azərbaycan adlı qəfəsdə dustaq edənlərin hiyləsin hələlik bütün İranda olan türk qardaşlarımız aydınca göz evinə almayıblar və bu gün Rusiyada [SSRİ-də], Avropada, İranda bizə türk yerinə azərbaycanlı adın güc və səmacət ilə [israrla] təhmil edənlərin hədəfi budur ki, bizə təlqin eləsinlər ki, türk fəqət Azərbaycanda ola bilər, yalnız o yerdə olan zaman hələ türk yox, bəlkə azəri adın ala bilər”.<!--[if !supportFootnotes]-->[18]<!--[endif]-->
Kitabın başqa bir yerində yenidən bu mövzuya qayıdan Əli Təbrizli içi yana-yana yazır: “Özgələri bizə türk deməkdən çəkinmirlər, vəli özümüzünkülər cin bismillahdan qorxan kimi üşünürlər, çünki ya özlərinə etimad nəfsləri yoxdur və ya başqa yerlərdən dəstur və ya diktə belədir”.<!--[if !supportFootnotes]-->[19]<!--[endif]-->
Yazarın bu dəyərli qeydlərinə onu da əlavə edək ki, türk etnoniminin unutdurulmasına çalışmaq Quzeydə olduğu kimi, Güneydə də etnosun milli şüurunu qarışdırmaq, onu keçmişindən, türk dünyasından qoparıb yalqızlaşdırmaq, beləliklə, assimilyasiya prosesinə yol açmaq məqsədi daşımış və daşımaqdadır.
Əli Təbrizlinin bu kitabda üstündə durduğu əsas ideyalardan birisi də milli şüura sahib soydaşlarını keçmiş siyasi təcrübələrdən dərs almağa səsləməkdir.
Siyasi fədakarlıq, milli biganəlik
Yuxarıda deyildiyi kimi, Əli Təbrizlini bu kitabı yazmağa vadar edən səbəblərdən birisi soydaşlarının dəbdə olan ideologiyalara aludəliyi və öz milli problemlərini unutmasıdır. Yazar bununla belə sağ, ya sol partiyaların fəaliyyətinə qatılmamaq kimi bir tələb irəli sürmür: “Hər kim hər nə əqidə və məzhəbdə və hər yolda olmağa muxtardır və bir kimsənin haqqı yoxdur ki, filan məram və filan əqidə adına sxolastik dövrəsində olan kilisa istibdadın yenidən qursun”.<!--[if !supportFootnotes]-->[20]<!--[endif]--> Ancaq “əqidələr, məsləklər və qanunlar millətin xidmətindədir, nə ki milliyyət məramların və qanunların xidmətində”. Məhz bu aludəlik və milli şüurun olmaması səbəbindən yüzillərlə İran türklüyü millətlər yarışında uduzmaqdadır. Əli Təbrizli haray çəkir: bu qədər faciələrdən sonra heç olmasa indi tarixi təcrübəmizdən və səhvlərimizdən dərs alaq!
Əli Təbrizliyə görə, məhz milli şüurun olmaması üzündən inqilablar və qiyamlar dövründə millət olaraq çox səhvlərimiz oldu. “Məşrutə dövründə öz əlimizlə türk törəsi olan Qacarı yıxdıq, habelə firqədə milli adla üzərimizə rus qiyafəsində kommunistlər çıxdı və sonra ruslar bizim üstümüzdə amerikalılar ilə müamilə edib, bizi köhnə düşmənimizin əlinə tapşırdılar”.<!--[if !supportFootnotes]-->[21]<!--[endif]-->
Təbrizli başqa bir ifadəsi ilə məsələnin dramatikliyini gözəl ifadə edir:”Məşrutiyyətdə biz yorğa getdik, onlar mindilər, hizblərdə və ittihadiyyələrdə bizlər ə’za olduq, onlar rüəsa”.<!--[if !supportFootnotes]-->[22]<!--[endif]-->
Türkçü şairin mövzuları
Əli Təbrizli tarixi və siyasi əsərlərində olduğu kimi, bədii yaradıcılığında da türkçüdür, türklüyün haqqını qorumağı özünə vəzifə bilir. Onun türkiyəli türklərə həsr etdiyi “Türkiyə milləti” şeiri böyük sevgi ilə yazılıb. Şeirdə Mustafa Kamal Atatürk yad olunur, onun xidmətləri qeyd olunur:
Ucaltdı türkləri Kamal Atatürk,
Qoymadı qəflətdə daha yata türk.
Yeridir ucaya yenə çata türk.
Yarana birliklə gözəl səadət,
Ey Türkiyə milləti, ey qəhrəman millət! Şair eyni soykökdən, azacıq fərqlə eyni dilə, kültürə malik iki qardaş xalqı birliyə, ülfətə səsləyir:
Ürəyimiz birdir, birdir sözümüz,
Yaxından görüsmək istər gözümüz,
Bir fikir etməliyik indi özümüz,
Çoxalsın ortada günbəgün ülfət,
Ey Türkiyə milləti, ey qəhrəman millət!<!--[if !supportFootnotes]-->[24]<!--[endif]-->
Çox diqqətçəkicidir ki, Əli Təbrizli o dövrdə bizdə bir çoxlarının bilmədiyi gizlin mətləblərə də toxunur. 1918-ci ilin sentyabrında Bakının qurtuluşunu, bu sıradan qəhrəman Türk Ordusunun Bakını bolşevik və daşnaklardan azad etməsini xatırladır:
Təkcə yollamırı salam Təbrizi,
Bəlkə bütün ellər yad edir sizi.
Bakıda siz idiz qurtaran bizi,
Ölümdən, zillətdən göstərən qeyrət,
Ey Türkiyə milləti, ey qəhrəman millət! Əli Təbrizli “Ərdəbil” şeirində Səfəvilər dövründə dövlətin paytaxtı olmuş, İranı dünyaya tanıtmış, Azərbaycanın fəxri şəhəri Ərdəbili anır. Onun indi gözdən iraq salınmasına kədərlənir:
Ey olan tarixlərə zinət, gülüstan, Ərdəbil,
İftixar olsun ol canım da qurban, Ərdəbil.
Tarixi tutmus ayaqdan-başa şanü söhrətin,
Sən ilə məşhur idi dünyada İran, Ərdəbil.


İndi bilməm nə oldu ki, gözdən, nəzərdən düsmüsən,
Olmusan itgin bu İran içrə viran, Ərdəbil.
Sən idin çesmi-çırağı ölkənin, ey şəhrimiz,
Fəxr edərdi sən ilə Azərbaycan, Ərdəbil.Türkçü şair “Ərdəbil” şeirində eyni soykökə, azacıq fərqləri olan dilə, ortaq abidələrə malik olan türk xalqlarını birliyə və birləşməyə səsləyir:
Birləşə türkiyə və dünyada hər nə türk var:
Qırğızıstanü bu türkü Özbəkistan, Ərdəbil!
Ölmərəm görsəm ki, olmuş cümlə bu millətləri
Bir-birinə mehribanü canü canan, Ərdəbil![28]<!--[endif]-->
Son söz yerinə
Biz Əli Təbrizlini belə oxuduq, belə dəyərləndirdik. Şayəd kimlərsə, özəlliklə fars kültür orbitində vurnuxanlar onu irqçi sayacaq ki, bununla razılaşmaq mümkün deyil.<!--[if !supportFootnotes]-->[29]<!--[endif]--> Önəmli olan budur ki, indiki nəsil Güneydə türk millətçiliyinin bu möhtəşəm nümayəndəsini düzgün dərk edərək ustad Əli Təbrizliyə rəhmət diləyir və Təbrizdə, Urmuda, Zənganda, Ərdəbildə, Tehranda “haray, haray, mən türkəm!” hayqırır.


--------------------------------------------------------------------------------
<!--[endif]-->
<!--[if !supportFootnotes]-->[1]<!--[endif]--> Şeirlərini və kitablarını əvvəllər “Təbrizi Əli” imzası ilə, son yazılarını, o sıradan əsas kitabını (“Ədəbiyyat və milliyyət”) isə əski türk qaydasında “Təbrizli Əli” imzası ilə nəşr etdirmişdir.
<!--[if !supportFootnotes]-->[2]<!--[endif]--> Təbrizli Əli. Ədəbiyyat və milliyyət. Tehran: Atropat Kitabevi, [ilsiz]. Bu kitabın İranda son nəşri 2010-cu ildə “Dil və ədəbiyyat” adıyla, “Günəş” dərgisi əməkdaşlarının çalışmaları sonucunda Səid Muğanlının redaktorluğu ilə gerçəkləşib. Kitabın ilk çapındakı qapağında “Dil və ədəbiyyat”, titul vərəqində isə “Ədəbiyyat və milliyyət. Birinci cild” yazılmışdır. Müəllif, görünür, “Dil və ədəbiyyat”ı iki cilddə çap etdirməyi planlaşdırıb, ancaq yalnız birini çap etdirə bilib. Biz ilk nəşrin titul vərəqindəki adı daha uyğun gördük.
Baxın: Abdullah Ağcaköylü. Bilinmeyen Büyük Bir Türkçü ve Türkçeci Tebrizli Ali. – “Türk Kültürü”, sayı 1, yıl 1, Kasım 1962, ss. 41-45; Abdullah Ağcaköylü. Tebrizli Aliden Seçme Şiirler. – “Türk Kültürü”, sayı 2, yıl 1, Aralık 1962, ss. 29-34; Н.Л.Насибзаде, А.Р.Набдель и А.Табризли. Два уклона в идеологии национально-освободительного движения азербайджанцев в Иране. – Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1988, № 2, ss. 60-66; P.Məmmədli. İranda türkçülüyün ideoloqu – Əli Təbrizli. – “Güneyin səsi”, 2012, № 6, ss. 24-27.
Təbrizli Əli. Ədəbiyyat və milliyyət, s.3. Alıntılarda orijinalın üslubunu mümkün qədər qorumağa çalışdıq.
Yenə orada, s. 18.
Yenə orada.
Yenə orada, s. 101.
Yenə orada. türk sülalələrinin fars kültürünü himayə etməsi, ancaq türk dil və ədəbiyyatına biganə qalmaları mövzusunu Əhməd Ağaoğlu və Məhəmmədəmin Rəsulzadə də incələmişlər. Baxın: Nəsib Nəsibli. Əhməd Ağaoğlu İran haqqında, http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2260-RESULZADENIN-CAGDAS-NIZAMI-SI.html/inner/1; Nəsib Nəsibli. Rəsulzadənin çağdaş “Nizamisi”, http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2260-RESULZADENIN-CAGDAS-NIZAMI-SI.html/inner/1
<!--[if !supportFootnotes]-->[9]<!--[endif]--> Təbrizli Əli. Ədəbiyyat və milliyyət, s.137.
<!--[if !supportFootnotes]-->[10]<!--[endif]--> Bu nağıllar Quzey Azərbaycanda çap olunmuş ədəbiyyat tarixi kitablarında da yer almaqdadır. Baxın: http://www.gunaz.tv/?id=4&vmode=1&sID=2308&lang=1.
<!--[if !supportFootnotes]-->[11]<!--[endif]--> Təbrizli Əli. Ədəbiyyat və milliyyət, s. 135. Fədai təşkilatının görkəmli nümayəndələrindən Əlirza Nabdil (Oxtay) Şüubiyyə hərəkatını və “Şahnamə”ni islamdansonrakı İranda “qövmgərai” (etnikçilik) nümunəsi sayır. (Əlireza Nabdel. Azərbaycan və məs’əle-ye melli. Tehran: İldırım, [ilsiz], s. 6). Görkəmli tarixçi alim Nasir Purpirar, Şüubiyyə hərəkatı, “Şahnamə”nin yazılması prosesi və Firdovsi mövzusuna özünün məşhur əsərində tam bir fəsil həsr etmişdir (bax: Naser Purpirar. Poli bər qozəşte. Tehran: Kousər, 1380, ss. 229-292).
<!--[if !supportFootnotes]-->[12]<!--[endif]--> Müasir etnologiya elmi millətin yaranması üçün iki şərtin üzərində durmağa meyllənmişdir: 1) etnik birliyin tarixi keçmişi haqqında ortaq təsəvvürlər; 2) etnosun gələcəyi haqqında vətəndaşların paylaşdığı ortaq ideyalar.
Təbrizli Əli. Ədəbiyyat və milliyyət, s. 87.
Yenə orada, s. 90.
Yenə orada, s. 89.
Yenə orada, s. 91.
Yenə orada, s. 92.
Yenə orada, s. 88.
Yenə orada, s. 130.
Yenə orada, s. 95.
Yenə orada, s. 104.
Yenə orada, s. 54.


Abdullah Ağcaköylü. Tebrizli Aliden Seçme Şiirler, s. 32.
Yenə orada.
Yenə orada.
Yenə orada, s. 33.
Yenə orada, s. 32.
Əli Təbrizli, Səhənd üçün, Varlıq (Tehran), 2-ci sayı, 1979, s.27.
Ədəbiyyat və milliyyət’ in heç olmasa 51-ci səhifəsinə baxılsın.



Pərvanə MƏMMƏDLİ,
filologiya üzrə fəlsəfə doktoru


Nəsib NƏSİBLİ,

tarix elmləri doktoru, professor
Bu xəbər oxucular tərəfindən 1132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed