Şrift:
Bu seçkidə radikal və konstruktiv müxalifət namizədlərinin mübarizəsi necə gedəcək?
23.08.2013 [10:45] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Bir düşərgə ki, Rusiya prezidentinin qol çəkməsinin girovuna çevrilib, onlar nədən danışa bilər?"
"Lazım gəlsə, bu fikirləri istənilən tribunadan deyə bilərəm"

Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesi davam edir. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilər.

Son məlumatlara görə, daha iki prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bunlar öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Elşən Həsənov və İsmayıl Yusifovdur.

Qeyd edək ki, bundan öncə prezidentliyə 12 namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Məmməd oğlu Orucludur.

Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.

Artıq Ədalət Partiyası da İlyas İsmayılovun prezidentliyə namizədliyini irəli sürüb. Partiyanın qurultayında bu qərara gəlinib.

Qurultayda seçkilərin boykot olunması və ya başqa namizədin dəstəklənməsi təklifləri qəbul olunmayıb. Yığıncaqda Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədliyi irəli sürülüb və təsdiqlənib.

Namizədliyi irəli sürülən adamların adından da görünür ki, keçiriləcək seçkinin əsas konturları artıq bəllidir.

Hakimiyyətin dəstəkləyəcəyi namizəd bəllidir. İddialı olanların sırasında müxalifətçilərin də adına rast gəlinir. Ancaq bu daha çox parlamentdə təmsil olunan konstruktiv müxalifətin nümayəndələridir. Radikal müxalifət isə hələ də namizəd axtarışındadır. Müxalifətin bu kəsimindən də namizədlərin olacağına heç kim şübhə etmir. Biz əvvəlki seçki praktikasından da görmüşük ki, əsas mübarizə ideologiyalardan çox şəxsiyyətlər arasında gedir və konstruktiv müxalifət nümayəndələri ilə ənənəvi müxalifətin nümayəndələri əsl tərəf müqabillərinə çevrilir. Budəfəki seçkidə müxalifətin fərqli kəsimləri arasındakı mübarizə hansı mövzular ətrafında aparılacaq və platformalardakı fərq nədən ibarət olacaq?

Prezidentliyə namizəd olan millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycanda olan müxalif qüvvələrin arasındakı fərqi cərəyan edən son proseslər açıq ortaya qoydu":Bir var Azərbaycanda hakimiyyətə müxalif olan və öz millətinə söykənən bizlər, bir də var xarici qüvvələrin əlində olan, öz dövlətinə qarşı müxalifətçilik edənlər. Milli-demokratik düşərgənin təmsilçisi olaraq biz hakimiyyəti idarə etməyə olan iddiamızı ortaya qoyacağıq. Hazırda hakimiyyətin buraxdığı bütün səhvlərə tənqidi yanaşacağıq və alternativ planlarımız haqda danışacağıq. Xaricdən maliyyələşərək, onlara uşaqlıq etmək istəyənlərlə polemika aparmaq fikrində deyiləm. Çünki həmin seçkinin mahiyyəti başqadır. Ancaq bu heç də o demək deyil ki, onların qabağından qaçmaq fikrimiz var".

Fərəc Quliyev radikal müxalifət təmsilçiləri ilə istənilən yerdə, istənilən mövzu ətrafında fikir mübadiləsi aparmağa hazır olduğunu da bildirdi":Mən seçki marafonunda daha çox rəhbəri olduğum partiyanın dövləti necə idarə edəcəyi haqda danışmağı planlaşdırıram. Çünki onlara deyiləsi söz qalmayıb. Bir düşərgə ki, Rusiya prezidentinin qol çəkməsinin girovuna çevrilib, onlar nədən danışa bilər? Artıq Azərbaycan xalqı bizim milli maraqlarımızı kreslo və "Milyarderlər ittifaqı"nın pulu naminə başqalarına satanların yanında olmayacaq. Lazım gəlsə, bu fikirləri istənilən tribunadan deyə bilərəm".


Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 1299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed