Şrift:
"Ermənistan Rusiyanın əyaləti olduğundan tək qərar verə bilməz" Münasibət
16.11.2013 [19:45] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycan və Türkiyə prezidentlərinin görüşü çoxdan baş verməli idi. Hər zaman tərəfdarı olmuşam ki, Azərbaycanla Türkiyə arasında siyasi, mədəni, iqtisadi və hərbi münasibətlər cəm şəklində birləşərək ortaq bir hal olsun. Xoşdur ki, görüşdən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, ortaq hərbi sənayenin inkişafı ilə bağlı bir sıra geniş tədbirlər həyata keçiriləcək”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Fərəc Quliyev Prezident İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, görüşdə viza rejiminin aradan qaldırılması ilə bağlı İlham Əliyev bəyanat da səsləndirib: “Dağlıq Qarabağ məsələsi ilə bağlı ortaya aydın mövqeyimizi qoyduq. Hesab edirəm ki, xarici siyasətdə bundan sonra koordinasiya olunmuş davranış nümayiş olunacaq. Bütövlükdə qardaş ölkə ilə münasibətlərin bundan sonra bu istiqamətdə inkişaf etməyini arzulayıram. Ona görə də prezidentlərin görüşü olduqca əhəmiyyətli xarakter daşıyır”.

Millət vəkili, həmçinin noyabrın 19-da baş tutması planlaşdırılan Azərbaycan Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağla bağlı hər hansı bir irəliləyişin olması məsələsinə də toxunub: “Düşünmürəm ki, Ermənistan hər hansı bir məsələdə tək başına qərar verər bilsin. Ora daha çox Rusiyanın əyalətidir. Ermənistan əksər hallarda Rusiyanın xarici siyasətinə uyğun hərəkət edir. Hazırda bölgədə soyuq müharibə gedir”.

“Bu gün Azərbaycanın Türkiyə ilə müttəfiq münasibətlərini yaxşılaşdırması və digər beynəlxalq təşkilatların ölkəmiz haqqında vacib qərarları qəbul etməsi əsas mövqeləri nümayiş etdirmiş oldu. Bu səbəbdən də savaş tək Azərbaycanın üzərinə atılmayacaq. Təbii ki, bu savaşda Azərbaycan qalib gələcək. Bütün dünya dövlətlərinin ölkəmizin yanında olduğu hər kəsə məlumdur. Prezident İlham Əliyev də andiçmə mərasimində ortaya kəskin mövqe qoydu. O, çıxışı zamanı bildirdi ki, Azərbaycan itirdiyi torpaqları geri qaytarmağı əsas hədəf kimi götürüb. Düşünmürəm ki, Azərbaycan Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir irəliləyişə nail olunacaq. Günün birində münaqişə ya diplomatik, ya da hərbi üsulla həll olunacaq” – deyə, millət vəkili mövzu ilə bağlı fikirlərinə əlavə edib.

"sia.az" saytı, Səs İnformasiya Agentliyi Samirə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 1015 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed