Şrift:
Əlirza Amanbəyli: Düşmənlərimiz bizim təşkilatların bir araya gəlməsinə qarşı ciddi iş aparırlar
19.12.2013 [11:12] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Elman Cəfərli: «Güney Azərbaycan məsələsi ilə məşğul olacaq qurumlar da olmayacaq»
Əli Orucov: «Güneydəki Milli oyanış hərəkatına dəstək Quzeydən olmalıdır»
Əlirza Amanbəyli: «Düşmənlərimiz bizim təşkilatların bir araya gəlməsinə qarşı ciddi iş aparırlar»
Mərdan Seyidbəyli: «Avropada Güney Azərbaycanla bağlı forumlarımız və seminarlarımız olacaq»

Son zamanlar Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların fəaliyyətində bir susqunluq müşahidə olunur. Son bir neçə tədbir istisna olmaqla güney istiqamətində çalışan təşkilatlar aktiv deyillər. Bunun səbəblərinin nə ilə bağlı olması ilə maraqlandıq.
Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli bildirdi ki, Güney Azərbaycanla bağlı olan təşkilatların fəaliyyətində müşahidə olunan durğunluq Quzey Azərbaycanda özünü daha çox göstərir: «Bunun əsas səbəbi İran rejimi ilə Azərbaycan hakimiyyəti arasında əldə olunan anlaşmadır. Anlaşmaya görə, Bakıda İran rejimi əleyhinə fəaliyyətlərin qarşısı alınmalıdır və bu istiqamətdə müəyyən addımlar atılıb. Məlum olduqu kimi İstiqlaliyyət küçəsində yerləşən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və DAK-ın mərkəzi ofisi professor Səbri Təbrizinin əlindən alındı və həmin ofis 3-4 aydır kı bağlanıb. Amma Güney Azərbaycnla bağlı olan təşkilatların fəaliyyəti tam dayanıb demək olmaz. Bir ofisi bağlamaqla milli azadlıq hərəkatını dayandırmaq mümkün deyil. Son zamanlar Qərblə İran arasında zahirdə yumuşalma hiss olunur. Qərb mətbuatı və beynəlxalq insan haqları qurumları Güney Azərbaycan məsələsinə diqəti bir az azalıb. Amma xaricdə olan Güney təşkilatları öz fəaliyyətini davam etdirirlər. Son günlərdə Güney Azərbaycan Demokrat Prtiyasının rəhbərliyi Amerikada bəzi senatlarla Güney Azərbaycanda insan haqlarının durmu haqda geniş görüşlər və müzakirələr aparıblar. Güney Azərbaycanda 1945-ci ildə qurulan milli hökumətin 68-ci ildönümü münasibətilə həm Güney Azərbaycanda həm Quzey Azərbaycanda və həm də xaricdə silsilə tədbir keçirilib. Həmin tədbirlərdə iran rejiminin Güney Azərbaycan türklərinə qarşı yürütdüyü siyasət və milli fəallara qarşı təzyiqlərin daha da aktivləşməsi əsas müzakirə olunan məsələlər olub. Belə tədbirlər Türkiyə və Avropa ölkələrindədə soydaşlarımız tərəfindən keçirilir. Güney azərbaycanla bağlı olan təşkilatların əsas problemi ondan ibarətdir ki, bu təşkilatlar arasında işbirliyi çox zəifdir. Mən hesab edirəm ki, Güney Azərbaycan təşkilatları ümummilli məsələlərdə iş birliyinə getməli və şəxsi münasibətləri Milli Hərəkata daşımamalıdırlar. Belə olan halda çox səmərəli fəaliyyət göstərmək olar. Güney Azərbaycanda olan milli fəallar və ağsaqqallar xaricdəki soydaşlarımızdan və təşkilatlardan istəkləri yanlız bir yumuruq kimi birləşmələridir. Amma görünür düşmənlərimiz bizim təşkilatların bir araya gəlməsinə qarşı ciddi iş aparırlar və öz adamları vasitəsilə təşkilatlar arasında ixtilaflar yaradır və nəticədə insanlarımız enerjilərini biri birinə qarşı yönəldir».


Siyasi icmalçı Elman Cəfərli bildirdi ki, İranın təzyiqləri, bizim də diqqətsizliyimiz güneyli siyasi fəalları Bakıdan perik saldı. Onun fikrincə, Güney Azərbaycanla bağlı təşkilatların fəaliyyətlərində yaranmış sükutun səbəbi İranın molla rejiminin ciddi müdaxiləsidir: «90-cı illərdə, 2000-ci illərin əvvəllərində Bakıda güneyli siyasi fəallar çox idi. Güneylə bağlı təşkilatların nüvəsini də onlar təşkil edirdilər. Böyük Rəsuloğlunun rəhbərliyi ilə Dünya Azərbaycanlılarının Hüquqlarını Müdafiə Komitəsi, Aslan Xalidinin başçılığı ilə Cənubi Azərbaycan Parlamenti, Hüseyn Türkellinin rəhdbərlik etdiyi GAMOH-un Bakı bürosu və digər təşkilatlar vardı. BAB-da güneylilər fəallıq göstərirdilər. İranın ciddi təzyiqləri ilə Bakıda yaşayan güneyli fəallar Güney cəbhəsinin əsas səngəri hdesab olunan Bakını tərk etdilər. Onları buradan qaçıran təzyiqlər, hədələr, bəzən fiziki işgəncələr, maddi sıxıntılar olmuşdu. Hüseyn Türkellinin qardaşı Məhəmmədi İran adamları ölümcül döymüşdülər. Hüseynin özünə təzyiqlər vardı. Ağrı Qaradağlı maddi sıxıntı çəkirdi. Fəal güneylilərin əksəriyyəti ölkəni tərk etdi. Qalanlar isə kölgəyə çəkiliblər. Bəzilər müğənni kimi toylara gedirlər, bizneslə məşğul olurlar. Güneylə məşğul olan yeganə təşkilat Bütöv Azərbaycan Ocaqlarıdır ki, onun da fəalliyyəti qabarıq nəzərə çarpmır. Şənbə günü qurumun toplantısında iştirak etdim. 90-cı illərin formatı olduğu kimi qalıb. Yenə eyni adamlar, eyni mövzu. Bu təşkilat üzvlərinin fədakarlığı ilə ayaqda qalırlar. Hanı bu ölkənin iş adamları? Dinəndə hamı «Təbriz sevdalısı» olur… Kürdlərin dövləti yoxdu, amma İraqda aparıcı etnosa çevrildilər. Sabah İran da parçalanarsa, orada da öndə olacaqlar. Bu, bizi düşündürməlidir. Azərbaycan dövləti güneyli kadrlar hazırlamalıdır. Güneylilərin Bakıda təhsil almasına şərait yaratmalıdır. Güneylilər Bakıda işlə, mənzillə təmin olunmalıdır ki, sıxıntı çəkib Avropaya getmək düşüncəsində olmasınlar. Nə qədər ki, diqqətsiz və laqeydik, Güney Azərbaycan məsələsi ilə məşğul olacaq qurumlar da olmayacaq».
Azərbaycan Milli İsmtiqlal Partiyasının (AMİP) sədri Əli Orucov isə «mən buna süküt deməzdim»,- deyə vurğuladı: «Çünki güneydə rejim əleyhinə və milli özünütəsdiq istiqamətində hər gün mübarizə aparılır. Siz götürün elə Təbrizin «Traxtursazi» futbol komandasının keçirdiyi oyunlardakı izdihamı və bu izdihamın təlatümlü çağrışlarını. Bu gün güneyin hər güncü-bucağı mücadilə meydanıdır. Sadəcə İran çox qapalı dövlət olduğundan bu informasiyalar beynəlxalıq ictimaiyyətə o qədər də çatmır. Eyni zamanda daha kütləvi və izdiamlı aksiyaların keçirilmısi üçün münasib şərtlər yoxdur. Soydaşlarımız rejimin total basqısı altındadır. Hesab edirəm ki, Güneydəki Milli oyanış hərəkatına dəstək Quzeydən olmalıdır. Ən azından prosesləri beynəlxalq ictimaiyyətin nəzrəni çatdırmaq, orda pozulan insan hüquqlarını diqqəti yönəltməklə xeyli işlər görmüş olarıq».
Bütöv Azərbaycan Konseyinin təşkilat məsulu Mərdan Seyidbəyli diqqətə çatdırdı ki, Güneylə bağlı təşkilatların hamısı fəaliyyətsiz deyil. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat — dekabrın 15-də Bütöv Azərbaycan Konseyi Təşəbbüs Qrupu tərəfindən Güney Azərbaycanda baş vermiş «21 Azər» hərəkatının 68-ci ildönümü münasibəti ilə Beynəlxalq Konfrans keçirilib: «Tədbir Fəxri xiyabanda «21 Azər» hərəkatının ölməz lideri Seyid Cəfər Pişəvərinin məzarına əklil qoyulması ilə başlandı. Tədbirin ikinci hissəsi elmi konfrans xarakterli olaraq Abbasador otelində davam etdirildi. Konfransda millət vəkilləri, tanınmış ziyalılar, müxtəlif partiya və QHT məsulları, incəsənət xadimləri, KİV və Konsey üzvləri, fəal gənclər iştirak etdilər». Onnu sözlərinə görə, konfransda məruzə və çıxış edənlər Güney Azərbaycanın iki əsr boyunca yaşadığı olaylar nəticəsində düşdüyü sosial-iqtisadi və siyası durumu üzərində dayanıblar: «Eyni zamanda məruzələrdə İran adlanan ölkədə sayı 35 milyon olan Azərbaycan türklərinin öncə şah, sonra da dini pərdə altında hakimiyyətə gələn şovinist fars rejimi tərəfindən milli və insani haqların əllərindən alınması, ana dilində təhsilə yasaq qoyulması, yer adlarının farslaşdırılması kimi gerçəkliklər də qeyd olunub».
Mərdan Seyidbəyli əlavə etdi ki, 2014-cü ildə də bir sıra təldbirlər gerçəkləşdirməyi düşünürlər: «Azərbaycanda, Türkiyədə, Türk dövlətlərində və Avropada Güney Azərbaycanla bağlı forumlarımız və seminarlarımız olacaq. Avropa Parlamentində, BMT və digər Beynəlxalq qurumlarda görüşlərimiz gözlənilir»
Dünya Azərbaycanlıları Konqresindən (DAK) isə bildirdilər ki, təşkilat ənənəvi olaraq anım günlərində tədbirlər keçirir: «20 yanvar, 31 mart soyqırımı, Xocalı faciəsi, Güney Azərbaycanda milli hökumətin qurulması və digər tarixi gündər anılır. Bəzz qalasına simvolik yürüşlər təşkil olunur. Avropada Güneylə və digər məsələlərlə bağlı görüşlər keçirilir. Gələn il üçün də tədbirlərimiz var və bu tədbirlər mütəmadi olaraq keçiriləcək».

Əli
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed