Şrift:
Fərəc Quliyev: “Rusiya bitərəf mövqe tutmaq əvəzinə Ermənistanın tərəfini saxlayır” AÇIQLAMA
05.02.2014 [11:38] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun problemin həlli üçün təsir mexanizmi yoxdur. Ona görə də mən Milli Məclisdə təklif eləmişdim ki, problemlə BMT özü birbaşa məşğul olmalıdır. BMT qəbul etdiyi 4 qətnaməsini həyata keçirmək üçün Ermənistan tərəfinə ya hərbi, ya da qeyri-hərbi sanksiyalarla təzyiq göstərməlidir”. Bunu SİA-ya millət vəkili Fərəc Quliyev ATƏT-in Minsk qrupunun 22 illik fəaliyyətinə münasibət bildirərkən deyib.

Fərəc Quliyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunun təsir mexanizmləri mövcud deyil: “Mən ATƏT-in Minsk qrupunun hansısa uğurlu işə imza atacağına nə indi, nə də ki, bundan əvvəl heç bir zaman inanmamışam. Çünki Dağlıq Qarabağın statusu ilə bağlı danışan bu qurum birmənalı olaraq bilməlidir ki, ATƏT-in ilkin mandatına görə işğalçı ordu Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonları tərk etməyincə Dağlıq Qarabağın statusundan söhbət açmaq olmaz. Bu gün hər kəsə də məlumdur ki, Rusiya bitərəf mövqe tutmaq əvəzinə Ermənstanın tərəfindən çıxış edir. Hətta, rəsmi Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın mövqelərini müdafiə edir. Təbii ki, belə bir vəziyyətdə həmsədrlərin fəaliyyətində hansısa uğurlu nəticə gözləməyə dəyməz”.

Millət vəkili bəzi jurnalistlər tərəfindən özbaşına olaraq cəbhə xəttindən məlumatların yayılmasına da toxunub: “Hesab edirəm ki, müharibənin davam etdiyi ölkədə bu kimi məsələlər Azərbaycanın Müdafiə Nazirliyi (MN) ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir. Bir sözlə, bu məsələlərə diqqət yetirilməlidir. Düşünürəm ki, rəsmi qaydada MN-nın açıqladığı məlumatlar yayılmalıdır”.

Ceyhun Rasimoğlu. sia.az saytı
Bu xəbər oxucular tərəfindən 2065 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed