Şrift:
Mədəniyyət kanalında İdrak verlişi haqqında
22.04.2014 [15:13] - Mədəniyyət
Mədəniyyət kanalında “İdrak” tok-shou verlişində hörmətli alim Rauf Məmmədov Azərbaycanın qədim mədəniyyət məkanlarından olan Şəki bölgəsindən mövzu açaraq görkəmli alim və ziyalılara söz verdi. Çıxış edənlər Şəki mədəniyyətinin ümumilikdə Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açaraq müasir mədəniyyətimizin inkişafında da özünəməxsus rolunu qeyd etdilər. Verliş önəmli olaraq milli mədəniyyətimizin spesifik keyfiyyətlərini bir daha xalqın nəzərinə çatdırmaqda, eyni zamanda gənclərin maariflənməsində alim və ziyalı açıqlamalarının əhəmiyyətini səciyyələndirməklə təqdirə layiq bir hadisıdir. Mən də Şəki rayonunda mədəniyyət sahəsində işləyən bir ziyalı kimi bir neçə qeydlər etmək istəyirəm.
Əslən Qərbi Azərbaycanlıyam və uzun müddət Şəki rayonunda 1976-cı ildən 1987-ci ilə qədərki dövrdə kənd mədəniyyət evinin direktorundan başlayıb S. Vurğun adına rayon mədəniyyət evinin direktoru vəzifəsinə yüksəlməklə on iki il mədəniyyət sahəsində işləmişəm. Fəaliyyətimlə bağlı qısa olaraq, Şəki bölgəsinin qədim folklor rəqs növü olan “Zorxana” xalq rəqsi haqqında məlumat vermək də bu mövzuya əsasən yerinə düşər.
“Zorxana” rəqsinin təxmini araşdırmaya əsasən üç min il tarixə malik olması rəqsin kompazisiyası və geyim formasıdan irəli gələn nəticəyə görə müəyyənləşmişdir. Mən kənd mədəniyyət evinin direktoru işlədiyim zaman kənd orta məktəbinin rus dili müəllimi Aydın Hüseynovun yuxarı sinif şagirlərindən ibarət qurduğu “qala” rəqsi rayon tədbirlərində çıxış edirdi və yüksək alqışlarla qarşılanırdı. Bir dəfə baletmeystr Əminə Dilbazi və Kamil Dadaşov rəqsin sorağı ilə baxış məqsədilə mədəniyyət evinə qonaq gəldilər. Rəqsin kompozisiyasına baxdıqdan sonra süzetlər barəsində Əminə xanım müəyyən göstərişlər verdi. Söhbət əsasında “Zorxana” rəqsinin 1950-ci illərdə bir dəfə Bakıda dekadada (on günlük mədəniyyət tədbiri) çıxış etdiyi və sonradan unudulduğu məlum oldu... O vaxtdan mənim işlədiyim dövr arasında otuz il zaman keşmişdi. Rəqs barəsində Şəki rayon mədəniyyət şöbəsinin müdiri Aydın müəllimlə söhbət əsasında məsləhət gördü ki, Şəkidə fəaliyyət göstərən rus dili üzrə orta məktəbdə əmək təlimi müəllimi işləyən və vaxtı ilə gənc yaşlarında müxtəlif rəqs ansambllarında çıxış edən Cahangir Zeynalovla əlaqə yaradıb rəqsi bərpa edək. Cahangir müəllimlə tanış olduq və məşqlərə başladıq.
Üzümçülük savxozu mədəniyyət evində gənc müəllimlərdən, təsərrüfat fəhlələrindən ibarət dərnək üzvlərinin iştirakı ilə həftədə iki dəfə nağara taktları əsasında məşqlər keçirilirdi. Sonradan ayda bir dəfə zurnaçıların müşayətilə kompozisiya bütövlükdə iki-üç dəfə təkrar olunmaqla tamamlanırdı... Məşqlərdən sonra Şəki toylarında gördüklərimiz ayaq hərəkətlərini müzakirə edərək bəzilərini rəqsin süjetlərinə tətbiq etmək qərarına gəlirdik və elə də edirdik. Ümumiyyətlə, bir il müddətinə rəqsin qədim geyimini və kompazisiyasını respublikanın nazirlik səviyyəsində işləyən mədəniyyət mütəxəsislərinin rəyi əsasında tamamlaya bildik.
“Zorxana” folklor xalq rəqsi hazır olandan sonra bütün rayon tədbirlərində çıxış etməyə başladı və rayona gələn tədbirlərdə iştirak edən respublika dövlət işçilərinin, partiya işçilərinin də nəzər-diqqətini cəlb edirdi. Onlar “Zorxana” rəqsinə münasibət bildirib qədim mədəniyyətimizin üzə çıxarılması baxımından yüksək qiymətləndirirdilər.
Rəqsin ən böyük uğuru Azərbayca Respublikası KP XXXI qurultayının yekunu və bəddi hissəsindəki çıxışı ilə bağlıdır. Konsertin bədii rəhbəri maestro Niyazi xoreoqrafik suita hazırlamışdı. İyirmi gün (o zaman) Lenin adına Azərbaycan dövlət sarayında əlli rayon folklor ansambllarının iştirakı ilə məşqlər keçirildi və qurultayın yekununda ansambllar çox yüksək alqışlarla çıxış etdikdən sonra Heydər Əliyev səhnəyə qalxıb hamını bir daha təbrik edərək ruhverici münasibət bildirdi. Dövlət başçısının sərancamı ilə hər bir rayon ansamblına “Folklor rəqs” adı verildi və ansambllara büdcədən malliyyələşən baletmeystr, asisent ştatları ayrıldı. Sonrakı illərdə həmin folklor ansamblların soraqları SSRİ məkanın çox yerlərində və xarici dövlətlərdə folklor incəsənət nümünələrimizi təbliğ etməklə xoş təəssüratlarla gəlirdi.
Şəki Azərbaycan mədəniyyətinə dəyərsiz töhfələr verən ən ulu diyarlarımızdan biri olmaqla o məkan haqqında tükənməyən fərəhli sözlər söyləmək olar. Rauf müəllimin bu mövzularla mavi ekranda çıxış etməsi ən aktual tələblərdən biridir və hörməti alimə özümün və ünsiyyətdə olduöum ziyalılar adından təşəkkürlərimi bildirirəm.

Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed