Şrift:
Nazirlik əlilləri istirahətə yolladı
16.05.2014 [11:37] - Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 40 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 40 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunan tədbir əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkilinə xidmət edir. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə təşkil olunacaq.

İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil olunacaq.

Qeyd olunan Proqrama əsasən, 2014-cü il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed