Şrift:
Cəbhədə yeni lokal toqquşmalar gözlənir
29.08.2014 [14:16] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Üzeyir Cəfərov: "Müharibə bölgəsində istənilən hadisənin baş verməsi mümkündür"

Fərəc Quliyev: "Hesab edirəm ki, cəbhə xəttində atəşkəsin pozulması kimi məsələlər köklü şəkildə həll olunmalıdır"

Cəbhə bölgəsində atəşkəsin pozulması halları davam edir. Düzdür, avqustun əvvəllərində olduğu kimi atəşkəsin pozulması halı intensiv şəkil almasa da, hər halda, erməni tərəfi yenə də öz ampluasındadır. Qeyd edək ki, avqustun əvvəlində bir neçə gün ərzində atəşkəs rejiminin hətta yüz dəfədən də artıq şəkildə pozulması halları qeydə alınmışdı. Bu zaman erməni qəsbkarları uğursuz nəticələnsə də, hətta hücuma keçmək cəhdində bulundular. Həmin vaxt intensiv xarakter alan atışmalar xeyli sayda insan itkisinə də gətirib çıxarmışdı.
Hazırda da atəşkəsin ermənilər tərəfindən pozulması halları davam edir. İndi maraq doğuran odur ki, bu fonda yenidən cəbhə bölgəsində çoxsaylı insan itkisi qeydə alınarsa, bu, intensiv hərbi əməliyyatların başlamasına rəvac verə bilərmi?
Hərbçi-ekspert Üzeyir Cəfərov cəbhə xəttində intensiv atışmaların olub və olacağını dedi. Amma ekspert yaxın 3 il ərzində genişmiqyaslı hərbi əməliyyatların olacağını proqnozlaşdırmır: "Müharibə bölgəsində əslində, istənilən hadisənin baş verməsi mümkündür və bundan sonra da cəbhə xəttində atəşkəsin avqustun əvvəlində baş verən formada pozulması kimi hadisələr olacaq. Bunu bir neçə səbəbə görə əsaslandırıram. Uzun illərdir, yəni 1994-cü ilin mayın 12-də imzalanan məlum atəşkəs rejimindən bu yana dəfələrlə şahidi olmuşuq ki, cəbhə zonasında hadisələr gah artan xətlə, gah da səngimək istiqamətində gedib. Amma bu hallar daimi olaraq deyil, hansısa mühüm siyasi görüşlər, prezidentlərin görüşü, ATƏT-in Minsk qrupu həmsədrlərin regiona səfərləri ərəfəsi və yaxud sonradan baş qaldırır. Son Soçi görüşündən əvvəl baş verən olaylar da, hesab edirəm ki, dediyim bu məsələlərin davamı və təsdiqidir. Genişmiqyaslı əməliyyatların yaxın 3 ildə baş verəcəyini proqnozlaşdırmıram. Müvəqqəti, lokal xarakterli toqquşmalar var və bundan sonra da olacaq. Bu fonda hər iki tərəfdən itkilər olub və bundan sonra da olacaq. Ona görə də beynəlxalq qurumlar, xüsusən də Minsk qrupunun həmsədrləri məsələnin kökündən həll olunmasına çalışmalıdır. Məsələ nə qədər tez həll olunarsa, bir o qədər hər iki tərəf üçün təskinlik olar. Hər iki dövlətin son illər verdiyi qeyri-döyüş itkiləri, göstəricilərə görə, demək olar Qarabağ savaşının ilk illərində verilən itkilərə uyğun olan itkilərdir. Rusiyanın siyasi ambissiyaları kənara qoyub Dağlıq Qarabağ məsələsində iradə nümayiş etdirməsi və Ermənistana təsir göstərməsi lazım və vacibdir. Hesab edirəm ki, bu çoxdan olmalı idi. Amma təəssüf ki, Rusiya bu məsələdə hələ də passiv və ədalətsiz mövqe tutmaqda davam edir. Bunun da nəticəsində zaman-zaman cəbhədə gah artan, gah da azalan xətlə hadisələr baş verir".
Millət vəkili Fərəc Quliyev məsələnin köklü şəkildə həllinə tərəfdar olduğunu söylədi: "Hesab edirəm ki, cəbhə xəttində atəşkəsin pozulması kimi məsələlər köklü şəkildə həll olunmalıdır. Yəni atəşkəs rejiminin pozulması hardasa simvolik bir məsələdir. Atəşkəs əslində, yoxdur. Bu barədə müqavilə bağlanandan üzü bəri həmişə atəş səsləri eşidilib. Sadəcə, müharibə total xarakter almayıb və aktiv fazaya keçməyib. Amma məsələ ondadır ki, Azərbaycana hər cür pressinq edilib, mənfi cavab alan düşmənlərimiz erməni kartından istifadə etməyə çalışır. Hesab edirəm ki, bu məsələdə erməni oyuncağı birdəfəlik susdurulmalı və Azərbaycan torpaqları işğaldan azd olunmalıdır. Yoxsa, mütəmadi olaraq, atəşkəs rejiminin pozulması kimi alətdən bizə qarşı istifadə olunacaq. Bu gözləniləndir və məni atəşkəsin pozulması təəssüfləndirmir".


Səməd CƏFƏROV
Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed