Şrift:
Deputatlarımızın AvroNest-ə etirazında ciddi əsaslar var
22.09.2014 [16:20] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Qurumun Ermənistanda keçiriləcək sesiyasında iştirak edib-etməmək təkcə Ermənistana olan münasibətə görə yox, həm də Avropa təsisatlarının Azərbaycana mövqeyində qərəzli olmasına görədir"
"Həmin qurumları tərk etmək bizim üçün çıxış yolu sayıla bilməz"


Bu il oktyabrın 16-da Brüsseldə AvroNest PA-nın Büro iclası keçiriləcək. İclasda digər məsələlərlə yanaşı, qurumun növbəti sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək. Bu barədə Azərbaycanın AvroNest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.
O bildirib ki, qurumun sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı AvroNest PA-nın həmsədrləri və AvroNest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlanıb.
Həmin məktubu olduğu kimi təqdim edirik:
"AvroNest PA həmsədrlərinə,
AvroNest PA Büro üzvlərinə,
Hörmətli həmsədrlər, hörmətli həmkarlar!
Azərbaycan nümayəndə heyəti 2011, 2012 və 2013-cü illərdə davamlı şəkildə Büro iclaslarında AvroNest PA-da Ermənistanın həmsədrliyinə və AvroNest PA-nın növbəti sessiyalarının Ermənistanda keçirilməsinə öz qəti etirazını bildirmişdir. Azərbaycan nümayəndə heyəti Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun əraziləri işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 22 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək AvroNest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə qəti etiraz edir, həmin sessiyaların və iclasların işində iştirakdan imtina edəcəyini bir daha bildirir".
Göründüyü kimi, artıq neçənci dəfədir ki, Azərbaycan nümayəndə heyətinin təklifləri nəzərə alınmır və qurumun Büro iclaslarının Ermənistanda keçirilməsi davam edir.
Bu vəziyyət Azərbaycanın AvroNest PA-dan birdəfəlik imtinası ilə nəticələnə bilərmi?
Azərbaycanı AvroNest-də təmsil edən nümayəndə heyətinin üzvü, millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistanla münasibətlərə görə biz Avropa institutları ilə əlaqələrimizi kəsməməliyik":Biz bir ölkə olaraq hər zaman Avropa institutları ilə əməkdaşlıqda maraqlı olmalıyıq. Bununla bərabər Avropa təsisatlarından da adekvat reaksiyanı gözləyirik. AvroNest-də "Şərq Tərəfdaşlığı" Proqramında yaxından iştirak etməyimizi buna misal göstərə bilərik. Təəssüflər olsun ki, Avropa Parlamentinin və bəzi qurumların bizə münasibəti adekvat deyil. Avropa Parlamentinin son qətnaməsini buna misal göstərə bilərik. Bu səbəbdən də Avropa institutlarına qarşı ölkəmizdə təzadlı münasibət yaranır. Buna baxmayaraq, hesab edirəm ki, Azərbaycan həmin qurumlardakı fəaliyyətini bir qədər də fəallaşdırmalıdır, Azərbaycan həqiqətlərini həmin qurumlara tam təfsilatı ilə çatdırmalıdır. Həmin qurumları tərk etmək bizim üçün çıxış yolu sayıla bilməz. Çalışmalıyıq ki, Ermənistan Avropa təşkilatlarında sıxışdırılsın. Qurumun Ermənistanda keçiriləcək sesiyasında iştirak edib-etməmək təkcə Ermənistana olan münasibətə görə yox, həm də Avropa təsisatlarının Azərbaycana mövqeyində qərəzli olmasına görədir. Azərbaycanın xarici siyasət kursunda Avropaya inteqrasiyadan başqa yol yoxdur".
Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed