Şrift:
Fərəc Quliyevin 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ilə baglı Milli Məclisdə çıxışı.-tam mətn
19.11.2014 [12:46] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: .Neft gəlirləri yalnız qarşıdakı dövrdə ya işğal olunmuş torpaqlarımızın azad olunması üçün savaşa, ya da dinc yolla torpaqlarımızın azad olunmasına nail olunarsa ,dağıdılmış ərazilərimizin bərpası üçün saxlanılmalıdır.

Milli Məclisin deputatı Fərəc Quliyevin 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ilə baglı Milli Məclisdə çıxışı.

Hörmətli sədarət,cənab Baş Nazir,Hökumət üzvləri,kolleqalar!
2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ilə baglı fikirlərimi hörmətli hökumət üzvləri ilə bölüşmək və büdcədəki bəzi düşündürücü məsələlərə hökumətin münasibətini bilmək istəyirəm.
Büdcə həm də davamlı inkişaf üzrə Dövlət proqramıdır.Bu sənəddə prinsipcə cox əhəmiyyətli məsələlər nəzərdə tutulsa da bir çox məsələ narahatlıq doğurmaya bilməz.
Düşünürəm ki,ölkə iqtisadiyyatının diversifikasiyası qaneedici həddə deyil. Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri zəifləyib. Vergi daxil olmalarında qeyri-neft sektorunun payı isə cəmi 34 faizdir.
Bu onun nəticəsidir ki, daxildə istehsal lazım olan səviyyədə stimullaşdırılmır, beləliklə, xarici bazara çıxarılan mallarda azalma müşahidə olunması gələn il də davam edəcəyi qaçılmazdır. Etiraf olunmalıdır ki,keçən dövrdə İxrac-idxal əməliyyatları üzrə müsbət saldonu qeyri-neft məhsulları hesabına əldə etmək üçün hökumət yerli və yeni məhsullarla ixracat hücumu təşkil edə bilmədi. Aqrar sektora üstünlük verməklə daha cox rayon və şəhərlərin mərkəzi xərclərdən azad olunması siyasəti yetərincə aparılmayıb və qaneedici sayıla bilməz.Amma əyalət siyasətini kompleks tədbirlərlə stumllaşdırmaqla, daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilərdi.
Amma bu yanaşma qarşıdakı ildə mütləq reallaşdırılmalıdır.
Dövlət-sahibkar münasibəti real həyatda sahibkarliğın inkişafına xidmət etməlidir. Əlbəttə müsbət işlər görülübdür.Məsələn,Sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat vəsait nəzərdə tutulub.Bu sahibkarlığın inkişafı üçün əhəmiyyətli addımdır. Milli Məclis də öz növbəsində sahibkarlığın inkişafı üçün qanunvericilikdə dəyişikliklər edib.Dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə, vəzifəli şəxslərə cərimə nəzərdə tutulur. Muvafiq icra hakimiyyəti orqanlarının bu qanuna ciddi əməl etməsi vəziyyəti yaxşıya xeyli dəyişər.

-Qeyri neft sektorunda müəyyən irəliləyişlər olmasına baxmayaraq ,büdcəmizin hələ də neftdən asılılığı bizi narahat etməlidir. Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Keçən il Dövlət Neft Fondundan cəmi 9,5 milyard manat transfert olmuşdu. Bu il isə bu rəqəm 10,3 milyard manat olub. 2015-ci ilin neft gəlirləri xam neftin 1 barreli üçün 90,0 ABŞ dolları ilə hesablanıb. Ekspertlər hesab edirlər ki, neftin qiyməti 2015-ci ildə əvvəlcə 80 dollara, daha sonra isə 70 dollara qədər düşə bilər.Üstəlik neftin qiymət səviyyəsinə başqa çoxsaylı amillər də təsir edir və bu amillər artmaqdadır. Dünya bazarında neftin qiymətinin 80 dollarlıq psixoloji baryerə yaxınlaşmasına rəğmən isə büdcədə neftin qiymətinin 90 dollar götürülməsi düşündürücüdür. Bütün bu məqamlar, heç şübhəsiz, büdcə ilə bağlı müəyyən problemlər vəd edir.

Başqa bir məsələ rus rublu ilə bağlıdır. Dövlət Neft Fondunun İnvestisiya portfeli 1 oktyabr 2014-cü il üçün $37 mlrd 265,7 mln təşkil edib. Bunun 0,01%-i və ya $39,6 mln Azərbaycan manatı, qalanı xarici valyuta ilədir.Neft Fondu 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Bu il rus valyutası dollara nisbətdə əhəmiyyətli dərəcədə dəyər itirib və əgər rublun kursu bundan sonra da aşağı düşməkdə davam edərsə, buna heç kim təccüblənməz.Eyni zamanda Neft Fondu Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində səhmlərinin nominal dəyəri xeyli ucuzlaşıb. Həm VTB bankının səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin əhəmiyyətli dərəcədə “əriməsinə” gətirib çıxaracaq. Ona görə Neft Fondu rus rubluna münasibətdə siyasətinə redaktə etməlidr.Bizə təqdim olunan Büdcə zərfində təəsüf ki bu yoxdur.


Neftin qiymət dəyişməsi Azərbaycan iqtisadiyyatına nələr vəd edir?Bunu hokumət həm bu ilki büdcə siyasətində həm də yaxın və uzaq planlamalarda nəzərə almalıdır. Ən azı ÜDM-nin böyüməsi və iqtisadi artımların davamlı və proporsional formada bütün sektorlardakı inkişaf hesabına əldə olunması istiqamətində ciddi reseptlər tapilmalıdır.Təqdim olunan sənəddə bu öz əksini tapmır.

Dövlətin siyasətinin reallaşması büdcə siyasətində əksini tapmalıdır.İşğal altında olan ərazilərimizin azad olunması istiqamətində büdcə siyasətini formalaşdırmaq hökumətin fəaliyyət prioriteti olmalıdır.Azərbaycanı neft gəlirlərindən asılı olmayan ölkəyə çevirmək,neftdən gələn gəlirləri əlavə qazanc kimi nəzərdə tutmaqla, sanki neft yoxmuş kimi digər resurslar,imkanlar səfərbər olunmaqla Büdcənin formalaşdırılması yolu düşünülməlidir.Neft gəlirləri yalnız qarşıdakı dövrdə ya işğal olunmuş torpaqlarımızın azad olunması üçün savaşa, ya da dinc yolla torpaqlarımızın azad olunmasına nail olunarsa ,dağıdılmış ərazilərimizin bərpası üçün saxlanılmalıdır.

-Əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün , yoxsulluqla mübarizə siyasəti həyata keçirilməsi əməldə nəzərdə tutulursa ,ehtiyac meyarı,yaşayış minimumuna yanaşma dəyişməlidir. Ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq siyasəti əvəzinə , nisbi yoxsulluq siyasəti yürüdülməsi vacibdir ,hökumət bu haqda nə düşünür?Büdcənin sosiyalyönümlüyü əhalinin həyat tərzində görünməlidir.Bunun üçün minimum əmək haqqı,pensiyaların minimum məbləği,yaşayış minimumunun həddinin artırılması vacibdir.İstehlak səbətinə münasibətdə bu hədlər adekvat deyil. 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat olacaq.
ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulub.
Yaşayış minimumu İqtisadiyyat və Sənaye Nazirliyinin hesablamaları, bazarın monitorinqi və Statistika Komitəsinin rəqəmləri əsasında hesablanır. Doğrudanmı bu qurumlar bazarın monitorinqini aparıb və bu rəqəmi real sayıblar?

- Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün, bir çox amillərlə yanaşı Dövlət-Bazar- Mülki cəmiyyət münasibətlərində kölgə iqtisadiyyatına yer olmamalıdır.
Kölgə iqtisadiyyatına yönəli siyasət hazırlanmayınca , bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznes aktivliyini saxlayacaq, vergidən yayınanları vergiyə cəlb etmək mümkün olmadıqca isə dövlət büdcəsi ağır itkilərə məruz qalacaqdır .Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir;


-Hökumət Kommunal sektorun idarəetməyə verilməsini təmin edən siyasət hazırlamaqdansa ,asan yol seçdi və bu istiqamətə büdcədən yuz milyonlarla manat vəsait ayrilmalı oldu. Söhbət istilik təchizatı, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət, mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl idarəetməyə verməlidir.

Büdcə hazırlandıqda millət vəkillərinin də təklifləri nəzərə alınmalıdır.

1. Mən kecən il Sizin qarşınızda çıxış edib Milli Məclisin ehtiyat fondunun yaradılması məsələsini qaldırmışdım, bir başqa formada başqa deputatlar da bu məsələyə toxunmuşdurlar. Hesab edirəm ki,bu məsələ aktuallığını saxlayır. Milli Məclisin əvvəldən nəzərdə tutulmayan tədbirlərinin keçirilməsi,xüsusən parlamentlərarası dostluq qrupları ilə işində daha da üstün fəaliyyəti,Deputatlara bu fonddan limitin ayrılması və yerlərdəhesabata söykənən fəaliyyət üçün bu vacibdir.
Beynəlxalq təşkilatlarla görüşlər, səfərlərin tərkibinə diqqət etsək görərik ki, bu istiqamətdə ən böyük işləri Milli Məclis görüb. Biz burda məsələ qaldırdıq ki, Milli Məclisin indiki vəsaiti ilə bu işləri effektli görmək mümkün deyil. Bu vəsaitlə, Milli Məclis potensialının 10 faizini belə istifadə edə bilmir. Bugün Azərbaycana qonşu olan və bizi sevməyən dövlətlər, hər tərəfdən -din pərdəsi altında,başqa maskalarda üzərimizə düşübdürlər,müəyyən işlər görürlər. Deputatlar cəmiyyətlə hakimiyyət orqanları arasında ən ciddi körpüdür. Beynəlxalq arenada ,rayonlarda işləmək lazımdır. Şərait yaratmaq lazımdır ki, Deputatlar dünyada söz sahibi olan ictimai rəy liderlərini Azərbaycana dəvət edə bilsinlər və.s. Ona görə Milli Məclisin Ehtiyat Fondunun formalaşdırılması mühim bir məsələ kimi Nazirlər Kabineti tərəfindən nəzərə alınmalıdır.



2. Milli Məclisin iclaslarında , keçən ilin büdcə müzakirələrində etdiyim təklifi yenə də hörmətli hökumət üzvlərinin nəzərinə çatdırmaq istəyirəm. Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsini Azərbaycana gətirmək lazımdır. Bu vəsaitdən gənclərə 2-3 faizlə kredit verməklə onların yerlərdə iş qurmasını və müvafiq olaraq torpaq sahələri verməklə mənzil təminatını qaydaya salmaq olar.Rusiyadakı vəziyyətdən dolayı orada çalışanların gəliri 20 dəfədən çox azalıb.Ölkəyə qayıtmalı olan belə gənclər üçün də bu kredit siyasəti münasib olar.

Bu da 2014-cü illə müqayisədə 10 mln. manat və yaxud 25,0 faiz çoxdur.Amma hesab edirəm ki, bu artırma təqdirəlayiq olsa da rəqəm qaneedici sayıla bilməz.

3. -Bakı şəhərinin yollarının təmiri yeni yol qovşaqlarının tikilməsi təqdirəlayiq haldır.Amma görülən tədbirlərlə tıxac problemi aradan qalxmayıb.Hesab edirəm ki,bu problemin aradan qalxmasına yardım kimi Bakı-Sumqayıt metro xəttinin çəkilməsi ,Aeroport metrostansiyasının tikilməsi vacibdir.



4. Gələn ilin dövlət büdcəsində təhsil xərcləri 3,5 faiz artıb. Dövlət büdcəsinin 2015-ci il üçün proqnozlaşdırılan gəliri 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz çoxdur.Təhsil sistemində aparılan islahatlara stimul vermək vacibdir.Ona görə dövlət büdcəsində təhsil xərclərinin 3,5 faiz artırılması qənaətbəxş sayıla bilməz.
Ölkədə təhsil və səhiyyə işçilərinin maaşları acınacaqlı vəziyyətdədir.Bu sahədə çalışanların maaşları əhəmiyyətli dərəcədə artırılmalıdır. Təklif edirəm ki, qarşıdakı yeni təhsil ili Azərbaycan ali məktəblərinə qəbul üçün Azərbaycan hökuməti Gürcüstan doğumlu soydaşlarımız üçün bir limit ayırsın – bu, 50 yer və ya başqa rəqəmlə ifadə oluna bilər. Amma hər halda biz Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı yerlərin kadr təminatı üçün addım atmalıyıq. Azərbaycan ali məktəblərinə qəbul üçün məhz onların arasında bir testin keçirilməsi və limitdə nəzərdə tutulan sayda ən yaxşılarının seçib, Azərbaycan dövləti hesabına təhsil verib, təyinatla yalnız oraya göndərilməsini təmin etməliyik.



5. -2015-ci il ermənilərin Türklərə qarşı soyqırımı törətməsinin 100 ili kimi diqqətdə olacaq.Hərçəndi bunu ermənilər tam tərsinə təqdim etmək istəyirlər. Dövlət Diaspora komitəsinin qənaətbəxş fəaliyyəti diasporamızın inkişaf dinamikasında öz əksini tapıb.Bu il diasporamızı daha da koordinasiyalı aktivləşdirmək üçün Dövlət Diaspora komitəsinə əlavə vəsait ayrılması dogru olar.

6. -Hökumətin məcburi köçkünlərin mənzillə təminatını yüksək qiymətləndirmək lazımdır.Məqsədəuyğun olar ki,qovulduqları vaxt hərbiçilərin mənzillərində məskunlaşmış məcburi köçkünlərin mənzillə təminatı ön plana keçirilsin.Beləliklə hərbiçilərimizin öz mənzillərinə köçməsi tezləşdirilər.

Hörmətli hökumət üzvləri hamınıza fəaliyyətinizdə uğurlar arzulayır,diqqətiniz üçün təşəkkür edirəm.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 987 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed