Şrift:
ABŞ-ın əli ilə Azərbaycana düşmən kəsilən QHT-lər
05.12.2014 [12:28] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Zahid Oruc: “Faktiki olaraq, ABŞ özünün beynəlxalq münasibətlər sistemində hegemon rolunu bir sıra hallarda təcavüzkar dairələri stimullaşdırmaqla həyata keçirir”

Fərəc Quliyev: “Bəzi QHT-lərin bu ağılsız hərəkəti onların şəxsi və qrup maraqlarını dövlət və milli maraqlardan üstün tutmalarından qaynaqlanır”

Akademik Ramiz Mehdiyev "İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsində yazır ki, hələ də bəzi qeyri-hökumət təşkilatları (QHT) yeni nəsil "beşinci kolon” rolunda çıxış edirlər: "Bu sahədə spesifik meyil ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə qarşılıqlı asılılığın qloballaşması və güclənməsi, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq arenaya çıxması və insan hüquqları kateqoriyasının transmilliləşməsi nəticəsində "beşinci kolon” müasir şəraitə uyğunlaşaraq yeni forma kəsb edib. Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkəsini yaradıb. Yeni tipli "beşinci kolon” rolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən postsovet məkanındakı ölkələrdə göstərilən strukturlar həmin dövlətlərin qanunvericiliyi ilə hesablaşmadan işləyirlər. Bu təşkilatların əksəriyyəti Qərb dövlətlərinin hökumətlərindən birbaşa və ya xüsusi xidmətlərin formalaşdırdığı müxtəlif fondlar vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alır.
XXI əsrdə Qərbin başqa regionlardakı dövlətlərə münasibəti yalnız forma etibarilə dəyişib. İnkişaf etmiş Qərb dövlətləri, o cümlədən ABŞ bu gün də əvvəlki kimi açıq-aydın ikili standartlar siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə dünyanın əksər ölkələrinin daxili işlərinə qarışır. Onlar məhz bu məqsədlə həmin ölkələrdə yeni tipli "beşinci kolon”lar formalaşdırır və onların köməyi ilə həmin dövlətlərin daxili və xarici siyasətini müəyyən etməyə çalışırlar. Bu praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşması məhz bundan ibarətdir”.
Beləliklə, aydın olur ki, bəzi QHT-lər "beşinci kolon” rolunu oynamaqdadavam edir. Millət vəkili Zahid Oruc bildirdi ki, bəzi QHT-lər xaricilərin hərtərəfli təsiri altında olduğundan "beşinci kolon” rolunda çıxış edirlər: "Akademik Ramiz Mehdiyevin dövlət adamı olaraq keçdiyi yol, təcrübəsi fonunda hər bir yazısı, açıqlama və kitabı ictimai-siyasi həyatda böyük rezonans doğurur, polemikaların tutumu və mahiyyətinə əsaslı dərəcədə təsir göstərir. Eyni zamanda, ölkənin gələcək həyatı quruculuğunda mühüm əhəmiyyət kəsb edir. Paralel şəkildə nəzərə almalıyıq ki, dünyanın qlobal səviyyədə təhlili o qədər də asan deyil. Hər birimiz bu mürəkkəbliyi gündəlik yaşamaqda, görməkdəyik. Çünki, maraqlar kəskin şəkildə bir-birindən fərqlidir və əsas aparıcı ideyaları tutmaq, onun üzərindən ölkənin mənafelərini görmək o qədər də asan deyil. Bu mənada akademik Ramiz Mehdiyevin çox tutumlu, ideyalarla zəngin bu məqaləsini hər birimiz böyük maraqla oxuduq. Düşünürəm ki, bunu qütbündən, yerləşmə yerindən asılı olmayaraq Azərbaycan daxilində, habelə ölkə xaricində də izləyənlər olmamış deyil. Əminəm ki, ABŞ səfirliyi də, Azərbaycan dövlət idarəçiliyində yüksək məqamda olan Ramiz Mehdiyevin irəli sürdüyü fikirlər, əsaslı tənqidlərin məqamlarını öz adminstrasiyalarına çatdıracaq. "Beşinci kolon”məsələsinə münasibətdə ciddi tarixi yazılar ortalığa qoyulub. Ötən əsrin 80-ci illərindən başlayaraq, bu qurumların müxtəlif ölkələr içərisində yerləşdirilməsi və maliyyələşməsinin Dövlət Departamentinə neçə tapşırılmasından bəhs edilib. Həqiqətdə də belədir. Orada konkret maliyyələşən təşkilatların adları, onların fəaliyyətinin əsas istiqamətləri göstərilib, bununla da qeyd olunub ki, kütlənin guya öz dövlətlərini idarə edənləri yıxmaq hüququnu irəli sürüb, bu prinsipləri özlərində həyata keçirmək istəyən istənilən qurumu dərhal sərt şəkildə cəzalandırırlar.
Faktiki olaraq, ABŞ özünün beynəlxalq münasibətlər sistemində hegemon rolunu bir sıra hallarda təcavüzkar dairələri stimullaşdırmaqla həyata keçirir. Ona görə də həmin QHT-lərin ölkədə fəaliyyət göstərmək istədiyi bu platformanın insanların hamısının gözündə saxta olduğu üzə çıxır. Bəllidir ki, onların mübarizəsi heç də vətəndaş hüquqları deyil, siyasi azadlıqların bərqərar olunması ilə bağlana bilməz. Ən başlıca məsələ bir dövlətin nüfuz dairəsi və marağını başqa ölkə içərisində qorumaqdır. Onlara da təsir agentləri deyilir. İspaniya diktatoru Frankonun hakimiyyəti illərində dörd kolonla savaşan dövlətin 5-ci kolon kimi oradakı maraq qruplarına necə deyilirdisə, indi də, başqa bir interpretasiyada müxtəlif ölkələr içərisində belə qurumları görməkdəyik. QHT sektorlarının böyük hissəsi xarici dairələr tərəfindən satın alınıb. Açıq şəkildə onlar digər dövlətlərin mənafelərinə köklənmiş qaydada işləyir. Elə ki, onlara qarşı addım atılır, dərhal insan haqlarının pozulduğu, 3-cü sektorun boğulduğu haqda bəyanatlar verirlər. Ona görə düşünürəm ki, «5-ci kolonu» həqiqi məhbəs kolonuna göndərəndə, vəziyyət bütün mahiyyətilə üzə çıxır. Ancaq bu fikirdəyəm ki, Azərbaycanda bu proseslər xeyli dərəcədə açılıb, cəmiyyət bunun fərqindədir. Ona görə həmin koloniya təmsilçilərinin bütövlükdə bir inqilabi situasiya bərqərar etmək, hakimiyyəti öz diqtəsi altında saxlamaq imkanları yoxdur”.
Millət vəliki Fərəc Quliyev düşünür ki, bəzi QHT-in bu ağılsız hərəkəti onların şəxsi və qrup maraqlarını dövlət və milli maraqlardan üstün tutmalarından qaynaqlanır: "Akademik Ramiz Mehdiyevin bu məqaləsində deyilənlərlə razıyam. Bəzi dövlətlər «soyuq müharibə»dən sonra bir sıra digər ölkələrdə zərərli və heç kimin də irad tuta bilmədiyi vəziyyətdə müəyyən işlər etmək istəyirlər. Daha çox demokratik don geyindirilən formada hansısa dövlətlər öz mənafelərini üstün vəziyyətə gətirmək üçün müəyyən işlər görməyə çalışırlar. Bu, bəzi vaxtlarda kəşfiyyat və hərbi yolla olurdusa, indi daha rahat üsul tapmaq haqqında düşüncələr gündəmdədir. Bu da yerli əhalinin əli ilə, onların təşkilatlanması yolu ilə edilir. Yerlərdə qafası yuyulmuş insanlardan istifadə etmək, nəyinsə əvəzində insanları öz dövlət və millətinə qarşı qoymaq üçün müəyyən qruplar yaratmaq lazım gəlir ki, onları da sahmana salmaq, maliyyə vermək üçün QHT-dən istifadə olunur. Sırf siyasi yönümlü və başqa pərdə adı altında gizlənib ölkə daxilində ziqzaqlar yaratmaq istəyənlər var və onların da çoxu Azərbaycana dost olmayan dövlətlər tərəfindən yaradılır. Məqsəd də həmin dövlətlərin maraqlarını burada üstün vəziyyətə gətirməkdən, özlərinə sadiq qüvvələri iş başına gətirmək, gələcəkdə özləri üçün onları çalışdırmaqdan ibarətdir. Təəssüf ki, bir qrup insanlar bilərəkdən, bir qrup da bilməyərək baltalara sap olur. Görünür ki, bəzi QHT-in şəxsi və qrup maraqları dövlət maraqlarını üstələyir. Həmçinin, dövlətlər belə işlərə iradəcə zəif, maddi qaynaq, gələcəkdə vəd olunan post qarşısında mövqelərini satan, milli maraqları düşünməyən insanları seçirlər. İndi onlar qrant adı altında işlədilir. Belə məsələlərdə əsas olan insanın zehniyyətidir. Göründüyü qədər millət və dövlətinə bağlı olmayan adamlar burada daha çox iştirak edir. Hakimiyyət hərisliyi güdən və onu hədəf kimi götürən insanlar həmin baltalara sap olurlar. Milli Məclisdə son zamanlar QHT-lə bağlı bir çox qanunlar qəbul olundu, bəzi düzəlişlər edildi. QHT-lərin aldığı qrantların mənbəyi, məqsədləri məlum olmalıdır.
Məlum olub ki, milyonlarla dollar qrant alan QHT-lər var və onların da məqsədi heç də Azərbaycanın xeyrinə çalışmaq deyilmiş. Hesab etmirəm ki, demokratiya adı altında ölkədə xaos yaradılmalıdır. Qanunda edilən dəyişikliklərə ciddi əməl olunmalıdır ki, qrantların mənbəyi məlum olsun və QHT-in işləri şəffaflığı ilə seçilsin. Belədə ölkə əleyhinə fəaliyyət göstərən istənilən QHT qanunun imkan verdiyi şəkildə sərt cəzalanmalıdır. Milli maraqlar hər şeydən üstündür, onun əleyhinə olan hər kəs və hər əməl təbii ki, cəzalandırılmalıdır”.



Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed