Şrift:
Ramiz Mehdiyevin bəyan etdiyi platforma Qərbin Azərbaycana münasibətini köklü dəyişə bilər
08.12.2014 [13:26] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: «Hər halda, dövlətdə mühüm postlardan birini tutan şəxsin dövlətin inkişafının qarşısını alan maneələrə işarə edən məqalə yazmağa tam haqqı çatır»

«Yox, münasibətləri buna görə korlamaq istəyən tapılsa, bu, bəhanədən başqa heç nə deyil»


Məlum olduğu kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev «İkili standartların dünya nizamı və müasir Azərbaycan» adlı məqaləsində müxalifətdən və bəzi QHT-lərin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən də söz açıb. Məqalənin «Beşinci kolon»: dağıdıcı fəaliyyətin eskalasiyası cəhdləri» bölümündə Ramiz Mehdiyev yazır:
«Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri tərəfindən radikal müxalifət fəallarının və QHT-lərin dəstəklənməsi bu təşkilatların qeyri-qanuni maliyyələşdirilməsi, onların köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq cəhdləri ilə bağlıdır. Deməliyik ki, bu, Qərbin «beşinci kolon» ilə iş ssenarisinə üzvi şəkildə daxildir. Bu cür qeyri-qanuni siyasi və maliyyə dəstəyi, müvafiq göstərişlər nəticəsində başlıca nümayəndələri qismində, ayrı-ayrı radikallarla yanaşı, Xalq Cəbhəsi və Müsavat partiyalarının çıxış etdiyi «beşinci kolon» öz pozucu hərəkətlərini gücləndirməyə çalışır.
Getdikcə daha da radikallaşan Xalq Cəbhəsi Partiyası artıq çoxdan bəri təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilib. Gerçəkliyi şüurlu surətdə dərk edə bilməyən insanlar da burada kök salıblar. Bunlar öz təfəkkürlərinə görə irrasional adamlardır. Bu partiyaya məxsus olan «Azadlıq» qəzeti yalan və iftira ruporu rolunu yerinə yetirir, onun hər bir səhifəsi intriqalarla, insanların şərəf və ləyaqətini alçaldan materiallar, uydurma və böhtanlarla doludur.
Bu partiyanın imici belədir. Bu gün həmin partiya təşkilati böhran və tam deqradasiya həddindədir. Onun fəaliyyəti o dərəcədə abırsız xarakter alıb ki, hətta «Yeni Müsavat» qəzetinin baş redaktoru da Əli Kərimlinin və onun partiyasının fəaliyyətini kəskin pisləyərək bəyan edir: «Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub. Əli Kərimlinin və partiyasının - siyasi savadı, geridə qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab edirəm». Bax, belə səmimi etiraf...».
Ramiz Mehdiyev daha sonra qeyd edir ki, bu siyasi qrupların fəaliyyətinin təhlili göstərir ki, onların dövlət quruculuğu, ölkənin daxili və xarici siyasəti, geosiyasi reallıqlar və çağırışlar barədə lazımi təsəvvürləri yoxdur: «Radikal müxalifət cəmiyyətə faydalı ideyalar və real proqramlar təklif etmək, vətəndaşların etimadını qazanmaq iqtidarında olmadığından, ölkə hüdudlarından kənarda özünə dayaq axtarmağı üstün tutur. O öz hakimiyyət ambisiyalarını təmin etmək xatirinə beynəlxalq instansiyalara çirkin insinüasiyalar, böhtanlar göndərir, xaricdəki anti-Azərbaycan dairələri ilə əməkdaşlıq edir və dövlətimizin müstəqil siyasətinə xaricin təzyiq aləti kimi çıxış edir. İndiki radikal müxalifətin aqressivliyinin və millətə zidd mahiyyətinin səbəbi onun qisasçılıq cəhdləri, özünün acizliyini etiraf etmək istəməməsidir.
Siyasi naşılıq və vətənpərvərliyin, konstruktivizm qabiliyyətinin olmaması, hakimiyyət hərisliyi, hadisələrə dövlətçilik təfəkkürü mövqeyindən qiymət verməyi bacarmamaq və xaricdəki anti-Azərbaycan qüvvələrindən asılılıq nəticəsində radikal müxalifət hökumətə qarşı mübarizəni dövlətin maraqlarına qarşı mübarizəyə çevirib.
Bugünkü radikal müxalifətin daha bir səciyyəvi antimilli cəhəti cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatında müsbət nə varsa, hamısının tamamilə inkar edilməsində ifadə olunan sosial-siyasi nihilizmdir. O, «nə qədər pis olsa, bir o qədər yaxşıdır» prinsipini rəhbər tutaraq, iqtidarın siyasətini hər vasitə ilə hörmətdən salmağa çalışaraq özünün bütün cüzi resurslarını müstəqillik illəri ərzində ölkəmizdə qazanılmış uğurlara və müsbət dəyişikliklərə qara yaxmağa yönəldir...».
Ramiz Mehdiyevin platforma mahiyyəti daşıyan bu məqaləsi Qərbin Azərbaycana qarşı münasibətini dəyişə bilərmi?
Millət vəkili Fərəc Quliyev «Bakı-Xəbər»ə açıqlamasında bildirdi ki, akademik Ramiz Mehdiyev öz məqaləsində həm də bir vətəndaş mövqeyi ortaya qoyub: «Biz milli və dövləti maraqlarımızın qorunması istiqamətində müəyyən yollar təklif ediriksə, bu, tam normal qarşılanmalıdır. Hər halda, dövlətdə mühüm postlardan birini tutan şəxsin dövlətin inkişafının qarşısını alan maneələrə işarə edən məqalə yazmağa tam haqqı çatır. Belə məqalələrin yazılmasına da dünyanın demokratik dövlətləri məhz fikir plüralizmi nöqtəsindən yanaşmalıdır. Bu məqalənin Qərbə heç bir aidiyyəti yoxdur. Hər bir dövlətin öz milli maraqları var. Bunun qorunmasının da bütün məsuliyyəti həmin dövlətlərin öz üzərinə düşür. Bizim dövlətçiliyimiz üçün təhdid elementi sayılan bütün amillərlə bağlı qabaqlayıcı tədbir görməliyik. Kimsə bir yazını əsas götürüb dövlətlərarası münasibətlərə kölgə salmalı deyil. Yox, münasibətləri buna görə korlamaq istəyən tapılsa, bu, bəhanədən başqa heç nə deyil».

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed