Şrift:
Akademik: -Azərbaycanın Dövlət Himninin redaktəyə ehtiyacı var”
11.12.2014 [12:42] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəylinin və şair Əhməd Cavad tərəfindən tərtib edilən “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilib.

Milli Məclisin 1993-cü il 2 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının Dövlət himni haqqında əsasnamə” təsdiq edilib.

Bu mövzuya dəfələrlə toxunulub. Müxtəlif tədbirlər Dövlət himnimizlə açılır. Amma həmin tədbirə qatılan çox az sayda iştirakçı himni canlı ifa edir. Bəzən müşahidələr belə nəticəyə gəlməyə də əsas verir ki, vəzifə sahiblər – məmurlar iştirak etdikləri tədbirlərdə himni oxumağı özlərinə yaraşdırmırlar.


Deputat Fərəc Quliyev deyir ki, gerb, bayraq, himn milləti ifadə edən simvollar olduğundan onlara hörmət eləmək, millətin özünə hörmət eləmək deməkdir.

“Mərasim və tədbirlərdə dövlətin himni çalınarkən ayağa qalxır və sayğı ilə dinləyirlər. Bu himnin məxsus olduğu dövlətə, millətə olan ehtiramın göstəricisidir. Öz millətinin himninə qarşı etinasızlıq, öz ailəsinə etinasızlıq kimi qəbul olunur. Mənim fikrimcə, kimliyindən asılı olmayaraq hamı himn çalınarkən sayğı duruşunda daynmalıdır”.

Deputat söhbət əsanasında həbsxana illərini xatırlayaraq deyib: “Bir epizod danışım .Mən hətta həbsdə olarkən səhərlər Azərbaycan radiosu himnlə efirə başlayırdı. Kamerada olan hər kəs ayağa qalxıb himni oxuyurdu. Düşünürəm ki, Vətənin ən dar yerində olsan belə, Vətənə sayğını itirməməlisən”.


Deputat İlyas İsmayılovun sözlərinə görə, hamı bir qayda olaraq himnə hörmətlə yanaşmalı və çalınarkən ayağa qalxmalıdır.
“Himni oxumağa “ərinənlər”i isə məzəmmət etmək lazımdır”.

Himnimizin mətninin uzun olduğuna diqqət çəkən deputat, akademik Nizami Cəfərov isə deyir ki, dünya ölkələrilə müqayisədə bizdə vəziyyət pis deyil: “Orta məktəbin ibtidai siniflərindən başlayaraq bütün şagirdlərimiz himni bilir. İştirak etdiyim rəsmi tədbirlərdə görürəm ki, hamı mümkün qədər himni oxumağa çalışır. Bizdə himnə hörmətszlikdən söhbət gedə bilməz. Ancaq bir məsələ var ki, bizim dövlət himnimizin mətni çox uzundur. Bu məsələ müxtəlif vaxtlarda müzakirə olunub. Hesab edirəm ki, mütəxəssislər onun üzərində düşünə bilər. Çünki bəzi sözlər çətindir, arxaikdir, amma bu, o demək deyil ki, biz himnə qarşı çıxaq, onu oxumayaq və s. O ki qaldı başqa dövlətlərlə müqayisəyə, deyərdim ki, himn xaricdə heç bizdəki qədər oxunmur. Düzdür, Türkiyədə çox oxunur. Çünki orada artıq ənənə, təcrübə var, tarix keçilib. Avropa ölkələrində bunun şahidi olmamışam. Bəzi dövlətlər var ki, onlarda heç himnin sözləri yoxdur, sadəcə musiqi çalınır”.


Deputat hər şeyin qaydasında olduğunu vurğulasa da, himnin redaktəyə ehtiyacı oldğunu da deyib: “Mən hər halda düşünürəm ki, Dövlət himninin mətnini müəyyən qədər redaktə etmək olar. Filoloq olaraq bilirəm ki, Dövlət himinin mətnində problem var. Amma gələcəkdə necə olacaq, bu, siyasi iradəyə bağlı bir məsələdir. Siyasət, dövlət bunu həll edə bilər. Amma bunun üçün müzakirələr lazımdır. Mətndə mürəkkəbliyin olması filoloji hadisədir, amma bu mürəkkbəliyin aradan qaldırılmasıyla bağlı qərarın ortaya çıxması filoloji hadisə deyil”.

Gülşən RAUFQIZI
Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed