Şrift:
Vladimir Sokor: “Fransa parlamentinin qərarı bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasının obyektivliyini şübhə altına salır”
30.12.2011 [12:11] - Xəbərlər
Cənubi Qafqaz üzrə amerikalı analitik, Vaşinqtondakı Ceymstaun Fondunun (Jamestown Foundation) tədqiqatçısı Vladimir Sokor (Vladimir Socor) bu fikirdədir ki, uydurma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanunun qəbulu Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını şübhə altına salır.

APA-nın Vaşinqton müxbiri xəbər verir ki, V. Sokor hazırda Dağlıq Qarabağ sülh prosesindəki son vəziyyət və Minsk Qrupunun fəaliyyətini araşdırır.

“Fransa bu forumda Avropa Birliyini təmsil etmir və həmsədrliyini də Avropa Birliyinə güzəştə getmək fikrində deyil. Avropa Birliyinin Cənubi Qafqaza marağı isə getdikcə artır və danışıqların indiki formatı Avropa Birliyi olmadan köhnəlmiş kimi görünür”.

Sokor bildirir ki, prezident Sarkozi uydurma “erməni soyqırımı” ilə bağlı təşəbbüsü prezident seçkiləri ərəfəsində irəli sürüb.

“Sarkozi prezident seçkilərindəki rəqibi, sosialist namizəd Fransua Ollandı üstələməyə çalışır. Erməni diasporunun səsini qazanmağa çalışan Olland da az əvvəl oxşar təşəbbüslə çıxış etmişdi. Amma bu cür jestlər qısa müddətli seçki kampaniyası kimi asan unudulmur. Bu jestlərin xarici siyasətə, diplomatiyaya, xüsusilə də Türkiyə ilə münasibətlərə böyük təsiri var. Bu qərar Ermənistan-Azərbaycan münaqişəsində Fransanın vasitəçilik missiyasının obyektivliyini də şübhə altına alır”.

Analitikin fikrincə, Rusiya-Gürcüstan müharibəsindən nəticə çıxaran ABŞ və Fransa 2008-ci ildən başlayaraq, vasitəçilik missiyasında liderliyi Rusiyaya güzəştə gediblər.

2009-2011-ci illərdə Rusiya prezidenti Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov Azərbaycandan və Ermənistandan olan həmkarları ilə bir sıra görüşlərə ev sahibliyi ediblər. Görüşlərdə əsas məqsəd Qarabağ münaqişəsinin həlli üçün müəyyən çərçivə işləyib hazırlamaq olub. ABŞ və Fransa prezidentləri Barak Obama və Nikola Sarkozi Rusiya prezidenti ilə görüşlərində dəfələrlə onun vasitəçiliyini dəstəkləyiblər.

“Minsk Qrupunun hər üç həmsədri səfirlər səviyyəsində birgə fəaliyyətlərini davam etdirirlər. Amma Medvedyevlə Lavrov həmsədrlər üçlüyündən kənarda vasitəçilik fəaliyyətlərini davam etdirirlər. Yəqin ki, prezidentliyə namizəd olan Vladimir Putin seçkilərdən sonra danışıqlarda baş arbitr rolunu Medvedyevdən təhvil alacaq”.

Analitikin fikrincə, həmsədrlər üçlüyündə qeyri-simmetriklik yaranıb və tarazlıq Rusiyanın xeyrinə dəyişib. Qeyri-rəsmi razılıqla müəyyən olunmuş bu qayda dəyişə də bilər.

“Rusiya digər həmsədrlərdən aşağıdakı meyarlarla fərqlənir: problemlə daha çox məşğul olur, görüşlərdə tez-tez iştirak edir, müstəqil təşəbbüslər irəli sürür və təsir vasitələri yaradır. Rusiya Ermənistanın müttəfiqidir, onun qoşunları Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın qarantıdır. Moskva bu vəziyyətdən həm İrəvana, həm də Bakıya təsir vasitəsi kimi istifadə edir”.

“Rusiya regiondakı maraqlarından və hərbi üstünlüyündən istifadə edir. Cənubi Qafqaz Vaşinqtondan daha çox Moskva üçün prioritetdir. Maraqlar arasındakı bu qeyri-tarazlıq Rusiyanın xeyrinədir. Amma Avropa Birliyi regionda daha fəal oyunçuya çevrilsə, vəziyyət dəyişər”.

Son hesabatlarından birində digər regional qüvvələr haqqında danışan Sokor bildirib ki, Türkiyə Azərbaycanın tərəfində olan yeganə böyük oyunçudur.

“Türkiyə Minsk Qrupunun üzvüdür, amma prosesdə iştirak edən həmsədrlər qrupuna daxil deyil. Vasitəçilik səlahiyyətlərinin həmsədrlər üçlüyünə həvalə olunması Türkiyəni danışıqlarda birbaşa iştirak etməyə qoymur. Ankara regiondakı gücü və nüfuzuna uyğun rol axtarır”.
Bu xəbər oxucular tərəfindən 1387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed