Şrift:
Firudin Şahbuzlunun fəlsəfi bədii lövhələri
28.01.2015 [10:05] - Gündəm
Firudin Şahbuzlu ədəbi aləmdə istedadlı şair kimi tanınmış, oxucular tərəfindən maraqla qarşılanmış yaradıcı Türk ziyalısıdır. Onun şeirlərində Türkün tarixi, dövlətçiliyi və mədəniyyəti qürurlu bir pafosla tərənnüm olunur. İstedadlı şairin yaratdığı bədii lövhələr bir kompazisiya formasında təqdim olunmaqla, eyni zamanda ibrətamiz süjetlərlə tarixi əyər-əksiklər də nəzərə çatdırılır. Firudin Şahbuzlunun bədii yaradıcılığında gözəlliyin tərənnümü ədəbi təqlid baxımından başqalarından fərqli olaraq özünəməxsus orijinal bir yanaşma ilə fərqlənir: Şairin gözəllik obrazında xarici görünüş gözəlliyi ilə daxili keyfiyyətlər də öz əksini tapır. Bu fikirimə münasib nümunə üçün şairin “Əhsən” şeirindən bir bəndi təqdim edirəm:

Ay Allah, bu bəxtəvər
Görəsən kimdir belə?
İsməti, ləyaqəti
Düşübdür dildən-dilə.
..........................................

Firudin Şahbuzlunun fəlsəfi bədii lövhələri də dünyaya baxış nöqteyi-nəzərdən poetik anlamda digərlərindən öz orijinallığı ilə fərqlənir. Bu baxımdan da şairin “Bu dünyanı biz əymişik” səkkizliyinə nəzər yetirsək, fikirimi əsaslandırmış olarıq:

Bu dünyanı biz əymişik

Hamı tutub bu dünyadan,
Harayına dözmür adam.
Dünya özü düzdü, babam,
Bu Dünyanı biz əymişik.

Yaranmışlar quduzlaşıb,
İnsan yaman ucuzlaşıb.
Daha səbri aşıb-daşıb,
Bu Dünyanı biz əymişik.

İnsaf hanı, mürvət hanı?
Parçalayır, bölür hamı.
Yəqin ağrıyır hər yanı,
Bu Dünyanı biz əymişik

Gücsüzə güc eyləmişik,
Calayıb bic eyləmişik,
Fırlayıb gic eyləmişik,
Bu Dünyanı biz əymişik

Yedikcə yedik doymadıq,
“Zalımsan”,-dedik doymadıq,
Dünyanı rahat qoymadıq,
Bu Dünyanı biz əymişik

Arzuladıq, düşdü üzə,
Nə vermədi dünya bizə?
Oxşatmışıq özümüzə,
Bu Dünyanı biz əymişik.

Körpələr ana əmmədi,
Bağalar qın bəyənmədi,
Dünya bizi əyəmmədi,
Bu Dünyanı biz əymişik.

Firudin Şahbuzlunun “Türk dünyası” poeması müasir poeziyamızda çox dəyərli bir bədii nümunə olaraq Türk tarixini qədim zamanlardan indiyə kimi vərəqləməklə Azərbaycan dövlətçilik tarixini də keyfiyyətləri ilə tərənnüm etmişdir. Poemanın bir bəndində şairin xitabən müraciət ediyi və yaddaşı təzələdiyi məqam da təqdirə layiqdir:

Ey adlanan Azərbaycan,
Ey Massaget yurdlu insan,
Bir soraqlan geriyə bax,
Tomris olub sənin anan!
................................................

Frudin Şahbuzlu altı şeir kitabının müəllifidir və şairin yaradıcılığında Vətən, ana, ülvi məhəbbətin tərənnümü özünəməxsus kefiyyətləri ilə fərqlənən bədii təxəyyül, təfəkkür nümunəsidir.
Firudin Şahbuzluya yaradıcılıq nailiyyətləri, can sağlığı, uzun ömür arzulayıram.

Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed