Şrift:
Büdcədən pul istəməyən şəhər və rayonlar - Bakı, Sumqayıt, İmişli, Abşeron və Şirvan
04.02.2015 [12:14] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bu il Azərbaycanda 3 şəhər və 2 rayon, Bakı, Sumqayıt, İmişli, Abşeron, Şirvan Dövlət Büdcəsindən heç dotasiya almayacaq. Bütün işlər daxili imkanlar hesabına həll ediləcək.

Maraqlıdır daxili imkanları hesabına maliyyələşmək deyəndə nə nəzərdə tutulur?

Sumqayıtlıların Milli Məclisdəki təmsilçisi Musa Qasımlı Modern.az-a bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilməyən şəhər və rayonların arasında Sumqayıtın olması onu çox sevindirir: “Bu, həm də cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə xalqımızın rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə aparılan uğurlu sosial-iqtisadi islahatların, yeni müəssisələrin, iş yerlərinin açılmasının, inkişafımızın konkret göstəricisidir. Şəhərdə son illərdə açılmış və fəaliyyət göstərən istehsal müəssisələrinin, fabrik və zavodların, iaşə obyektlərinin və s. ödədikləri vergilərdən formalaşan şəhər büdcəsi özü özünü maliyyələşdirməyə imkan verir”.

Bakı şəhəri 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilən Fərəc Quliyev: “Yerlərdə özünütəminatla bağlı olan rayonların sayı artsa, daha yaxşı olar. Bu, həm büdcədən əlavə vəsaitin alınmasının qarşısını alar, həm yerli idarəetmədə yeni iş yerlərinin açıqlamasına sərf edilər. Hazırda yerlərdə imkanlar var ki, yerli resurslarla özünüidarəetmə olsun.
Mən əvvəlllər də təklif etmişdim ki, Bakı kimi böyük şəhərlərdə ən azından istilik, elektrik, su təchizatı məsələləri dövlət istifadəsindən çıxarılsın və özəl sektora verilsin, təbii ki, mülkiyyət dövlətdə qalmaq şərtilə.
Bu il üçün büdcədən adını çəkdiyim sahələrə xeyli vəsait ayrıldı. Amma mən dediyim formada reallaşdırılarsa, həm özəl sektordan gəlirlər gələr, həm də büdcədən əlavə vəsait ayrılmaz.
Hesab edirəm ki, Azərbaycan ərazisində bu məsələlərə tamamilə əl qoymağı bacarmalıyıq. Bunu həm Azərbayacan aqrar-sənaye ölkəsi olduğu üçün, həm də mərkəzdə və əyalətlərdə kifayət qədər imkanlarımız olduğu üçün etməliyik. Uzunmüddətli və yaxın proqramlar tətbiq etməklə normal şəkildə bunu reallaşdırmaq mümkündür. Bunun nəticəsində büdcəmizi neftdən asılı olmayan büdcə səviyyəsinə qaldırmış olarıq, həm də yerlərə büdcədən ayrılan vəsaitlər başqa istiqamətlərə yönəldilə bilər”.


80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilən Çingiz Qənizadə: “Rayondaxili idarə və müəssisələrin əldə etdiyi mənfəət artıq bu rayonun öz-özünü maliyyələşdirməsi üçün dövlət büdcəsindən nəzərdə tutulan vəsait həcmində olduğuna görə dövlət onlara hansısa formada vəsaitin ayrılmasını dayandırır. Çünki əvvəllər bütün vəsait mərkəzə yığılırdı, hamısı mərkəzdən paylanırdı.
Amma qeyd olunan şəhər və rayonlarda öz-özünü maliyyələşdirmə imkanı olduğuna görə bu məsələlər artıq rayon səviyyəsində tənzimlənir. Bu, həmin yerdə aparılmış uğurlu islahatların, istehsal sahələrinin, müəssisələrinin və onların satışından əldə olunan gəlirlərdən asılıdır. Mən çox arzu edərdim ki, bu say yaxın vaxtlarda 5 yox, 25 olsun”.

Gülşən RAUFQIZI
Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed