Şrift:
Umud Evrən: Qonşu cəmiyyətlərlə dialoq qurmalıyıq (Audio)
16.02.2015 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az güneyli siyasi fəal və ekspert Umud Evrənin Amerikanın Səsi radiosuna müsahibəsini təqdim edir

Güneyli siyasi fəal və ekspert Umud Evrən Amerikanın Səsi ilə söhbətdə müxtəlif ictimai-siyasi hərəkat və toplumlarda zorakılığın mahiyyəti və qaynağını dəyərləndirməklə yanaşı, fərqli siyasi cərəyanlar, etnik və dini cəmiyyətlər arasında dialoq atmosferi və tolerantlıq yaradılmasının önəmi haqqında danışıb. Fərqli dillər və toplumlarda zorakılıq və şiddətin ancaq nüans fərqlərlə tərif edildiyini önə çəkən Evrən mahiyyət və qaynağını müəyyən edərək zorakılığın açıqlanmasının önəmli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bəzi toplumlarda zorakılıq sadəcə fiziki əməl kimi hesab edilsə də, digərləri birinin basqı yolu ilə bir iş görməyə məcbur edilməsini şiddət hesab edir.
Umud Evrənin fikrincə, avtoritar hakimiyyətlər toplum içərisində var olan şiddəti bəhanə edərək özləri daha böyük güc tətbiq edərək nəzarəti ələ keçirə bilirlər: “Toplumda siyasət yürüdənlər bunu düşünməlidirlər ki, müxtəlif siyasi düşüncələr arasında şiddət və qarşıdurmanı böyütmək ancaq totalitar sistemin işinə yarayacaq. Çünki güc və zorakılıq tətbiq etməyin ən böyük vəsaiti hakim sistemin əlindədir və onlar bu kiçik şiddət nümunələrini bəhanə edib, basqı yolu ilə hər nəyə əl qoyub toplumu daha çox qapadacaqlar.”
Onun sözlərinə görə, müxtəlif qruplar, o cümlədən, işçi təbəqəsi, etnik və dini cəmiyyətlər və cinsi azlıqlar hakimiyyət tərəfindən zorakılığa məruz qalırlar. Əslində hakimiyyət toplumda mövcud olan şiddətdən yararlanaraq, bu basqılarına legitimlik qazandırır.
Umud Evrən basqı və şiddətə məruz qalan bir siyasi-ictimai toplumun öz içindəki zorakılıqla mübarizə etməsini onun əsas mübarizəsinin bir hissəsi kimi görür. “Əslində biz hakimiyyətin şiddətinə qarşı mücadilə edirik. Buna görə də əleyhinə mübarizə etdiyimiz bir yöntəmin öz tərəfimizdən işlədilməsi nə strateji,nə də insani dəyərlər açısından doğrudur,” deyə o söyləyir.
Hollandiyada mühacirət həyatı yaşayan fəal etnik qruplar arasında baş verən zorakılığın səbəblərindən birinin bölgədə geo-siyasi dəngələrin yerinə oturmaması olduğunu ifadə edir.
O, toplumda fərqli siyasi-ictimai qruplar və etnik cəmiyyətlərə xoş niyyətlə yanaşmaq və onlarla dialoq qurmağın zərurətini önə çəkir. “İddiamız budur ki, istəyirik federal və ya müstəqil olaraq, böyük bir güc kimi bu dövlətin idarəsində şərik olaq. O zaman bunu göstərməliyik ki, aramızda olan azlıqlara, ermənisinə, bəhayisinə, kürdünə, çeşidli azlıq qruplarına nə qədər haqq verəcəyik..,” deyə Umud Evrən əlavə edib.
Müsahibənin audio yazısını aşağıdakı linkdən dinləyə bilərsiniz:
TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed