Şrift:
Azərbaycanın -Avronest siyasəti-ndə bir, Avronestin "Azərbaycan siyasəti"ndə iki standart...
19.03.2015 [11:41] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Bununla sübut edirik ki, heç bir beynəlxalq hüquq normalarına məhəl qoymayan bir dövlətlə eyni masada oturmağa dəyməz"
"Digər vacib bir məqam isə qurumun Ukraynada və digər bölgələrdə baş qaldıran separatçılığı müzakirə etməsi, lakin Dağlıq Qarabağın yaddan çıxarılmasıdır"
Azərbaycan nümayəndə heyəti Ermənistanın paytaxtı İrəvanda keçirilən Avronestin 4-cü plenar iclasına qatılmaqdan imtina edib. Bu xəbəri Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov verib.
O bildirib ki, Azərbaycan nümayəndə heyəti 2011-2014-cü illər ərzində davamlı şəkildə Büro iclaslarında işğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməyənədək Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti şəkildə öz etirazını bildirib: "Bizim bu etirazlara baxmayaraq, Avronest PA-nın plenar sessiyasının Yerevanda keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan nümayəndə heyəti isə haqlı olaraq öz tələblərində israrlılıq nümayiş etdirmiş və Avronest PA-nın Yerevanda keçirilən sessiyasında iştirakdan imtina edib.
Azərbaycan nümayəndə heyəti Yerevanda keçirilən sessiyada iştirak etməkdən imtina etsə də, daimi komitələr üzrə hazırlanmış məruzələrə öz düzəlişlərini irəli sürüb. Bu düzəlişlərin bir çoxu Avronest PA-nın Avropa Parlamentindən olan bir neçə üzvü tərəfindən dəstəklənib və onlar həmin düzəlişləri bizimlə birgə irəli sürmüşlər. Qeyd olunan bu düzəlişlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və bu ərazilərin dərhal qeyd-şərtsiz işğaldan azad edilməsi çağırışları, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələbi və s. öz əksini tapmışdır.
Məlumdur ki, Avronest PA-nın dördüncü sessiyası Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olmasından keçən müddət ərzində keçirilən ilk sessiyadır. Digər tərəfdən, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv olması "Şərq Tərəfdaşlığı" proqramının, o cümlədən Avronest PA-nın məqsədləri ilə ziddiyyət təşkil edir. Odur ki, belə bir vəziyyətdə Avronest PA-nın sessiyasının Yerevanda keçirilməsi ciddi narahatlıq doğurmaya bilməz.
Maraqlıdır ki, Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olmasından keçən müddət ərzində Avronest PA-da yaranmış vəziyyət müzakirə edilmədi. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar sessiyasının Ermənistanda keçirilməsi bu dövlətin qeyd edilən qurumlara daxil olmaq haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi kimi dəyərləndirilməlidir. Digər tərəfdən, sessiyanın Yerevanda keçirilməsi Ermənistan tərəfinə qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı təbliğat üçün əlavə imkanlar yaradır və faktiki olaraq bu beynəlxalq tədbirin Ermənistanda qondarma "erməni soyqırımı"nın təbliğat vasitəsinə çevriləcəyi şübhə doğurmur".
Azərbaycan nümayəndə heyətinin prinsipiallıq göstərərək qəbul etdiyi bu qərarı haqlı saymaq olarmı?
Azərbaycanı Avronest PA-da təmsil edən millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycan tərəfi bir dəfə İrəvənda keçirilən Avronestin tədbirində iştirak edib: "Bu dəfəki imtina üçün Azərbaycanın əlində kifayət qədər əsas var. İmtinanın başlıca səbəbi Ermənistan və onun Avropa təsisatlarında olan tərəfdarlarına etiraz etməyimizlə bağlıdır. Biz Azərbaycanın 2 mülki şəxsinin öz ərazimizdə girov götürülməsinə, danışıqlar prosesində Ermənistanın sülhü pozmasına, həmin ölkəyə qarşı sanksiyaların tətbiq olunmamasına və digər neqativliklərə etiraz edirik. Bununla sübut edirik ki, heç bir beynəlxalq hüquq normalarına məhəl qoymayan bir dövlətlə eyni masada oturmağa dəyməz. Hesab edirəm ki, siyasi fənd olaraq, yerində atılan addımdır. Digər vacib bir məqam isə qurumun Ukraynada və digər bölgələrdə baş qaldıran separatçılığı müzakirə etməsi, lakin Dağlıq Qarabağın yaddan çıxarılmasıdır".



Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed