Şrift:
Sərdar Cəlaloğlu: Əbülfəz Elçibəy kimi bir adam Əli Kərimlini ölənə yaxın tanıdı
14.05.2015 [12:26] - Xəbərlər, Siyasət
“AXCP iqtidar-müxalitəf dialoqundan imtina etməklə sübut edir ki, bu bir bolşevik partiyasıdır”. Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu qeyd edib ki, əvvəlcədən hamıya məlum idi ki, Azərbaycanda bəzi qüvvələr var ki, onlar ümimiyyətlə hər hansı bir konsensusu qəbul etmirlər:

“Bu qüvvələrı dialoqa dəvət etməyin heç bir mənası yoxdur. AXCP öz qərarı ilə göstərdi ki, konsensus bunların heç marağında da deyil. Yəni iqtidarla hər hansı bir halda masa arxasında oturub ya radikal məsələləri, ya milli məsələləri, ya da adi cari məsələləri belə müzakirə etmək istəmirlər. Bolşeviklər də belə idi”.

ADP sədri bildirib ki, dialoq demokratik bir prosedurdur: “Əgər demokratiya uğrunda mübarizə aparırsansa, demokratiyanın hər bir prosedurunun Azərbaycanda işləməsinə nail olmalısan. Yaxşı sən dialoqu boykot edib demokratiyanın bu prosedurunu gündəmdən çıxartmaqla necə demokratiyaya xidmət edə bilərsən?! Bu suala cavab vermək lazımdır. Bəzi adamların hərəkətləri məntiqsizdir. Sözləri, fikirləri ilə müdafiə etdikləri ideyaları ziddiyyət təşkil edir. Bunun iki səbəbi var - ya bu adamlar demaqoqdur, yalandan deyirlər biz demokratiya tərəfdarıyıq, ya da demokratiyanın nə olduğunu bilmirlər. İndi Əli Kərimli bu ikisinin birini etiraf etməlidir. Ya deməlidir ki, mən demokratiyanın nə olduğunu bilmirəm, ya da deməlidir ki, mən dilimin ucunda deyirəm demokratiya. Mənə demokratiya lazım deyil”.

S.Cəlaloğlu AXCP-nin bu qərarının proseslərə hər hansı bir ciddi təsir göstərməyəcəyi fikrindədir: “Cəmiyyətdə istənilən axmaq adamın da 3-4 nəfər tərəfdarı olar. Bu gün Azərbaycan cəmiyyətində Əli Kərimlinin elə bir ciddi tərəfdarı yoxdur. Azsaylı tərəfdarları da Əli Kərimlini yaxşı tanısa, ümumiyyətlə onun həddən artıq az tərəfdarı olar. Sadəcə olaraq, onun ətrafında olan adamların çoxu bu adamın kim olduğunu bilmir. Amma zaman-zaman ondan aralanan müavinləri, ən yaxın adamları ayrılma səbəblərini dedikdə məlum olur ki, onlar Əli Kərimlini tanıdıqdan sonra kəskin şəkildə öz qərarlarını dəyişirlər. Çünki görürlər ki, bu yanlış tanışlıq olub. Əgər Əli Kərimlinin yanındaklar illər keçəndən sonra onu zorla tanıyırsa, Lerikdə olan bir AXCP üzvü Əli Kərimlini necə tanıya bilər?”.

S.Cəlaloğlu vurğulayıb ki, Əli Kərimlinin yanında oturanlar 10 ildən sonra başa düşürlər ki, bu heç də təqdim olunan adam deyil: “Əbülfəz Elçibəy kimi bir adam Əli Kərimlini yaxşı tanımadı, ölənə yaxın tanıdı, ona görə AXCP-ni Mirmahmud Mirəlioğluna həvalə etdi. Yəni uzaq bir kənddə olan AXCP nümayəndəsi necə Əli Kərimlini tanısın və ondan imtina etsin? Ona görə də tanıma ilə arxasınca getməyin arasında çox böyük fərq var”.
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed