Şrift:
Kanada İrana yeni sanksiyalar tətbiq edib
02.02.2012 [09:46] - Gündəm
“Kanada 2012-ci il fevralın 1-də İrana qarşı yeni sanksiyalar tətbiq edib”. Bu barədə Kanada xarici işlər naziri Con Beird mətbuata yazılı açıqlamasında bildirib. O, Kanadanın İranın mübahisəli nüvə proqramı ilə bağlı narahatlığının artdığını və ona görə də bu ölkəyə yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb: “İran İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) və İranın Mərkəzi Bankına bağlı olan beş şirkətə və 3 fiziki şəxsə - Əli Əşrəf Nuri (“Sepah” komandanının müavini), höccətülislam Əli Səidi (İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin “Sepah”dakı nümayəndəsi) və Əmirəli Hacızadəyə (“Sepah”ın Hava-Kosmik Qüvvələrinin komandanı) - sanksiya tətbiq edilib. Sanksiyaya məruz qalan şirkətlər və şəxslərin Kanadada olan əmlakı və bank hesabları dondurulub”.

Con Beird əlavə edib ki, İran nüvə silahı əldə etməyə çalışır və bu, beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olur: “İran bölgədə və dünyada sülhü təhlükəyə atır. Ona görə də Kanada İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək”.

Qeyd edək ki, bununla da Kanadanın İrana bağlı olan və sanksiya tətbiq etdiyi hüquqi və fiziki şəxslərin sayı 52-yə çatıb.
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed