Şrift:
Məcburi köçkünlər evlə təmin olunur, bu yaxşı haldır... Amma onlar həm də mütləq işlə təmin olunmalıdır.
04.02.2012 [12:14] - Fərəc Quliyev
Fərəc Quliyev: "Bir dəfə də Milli Məclisdə çıxış etmişdim. Orda bildirmişdim ki, nazirliklərdə ehtiyat yerlər saxlanılmalıdır ki, əlillər, kimsəsiz insanlar, məcburi köçkünlər müraciət edəndə işlə təmin olunsunlar"
MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

Ölkəmizdə əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunub. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilsə də, hələ həllini gözləyən məsələlər var. Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin yaz sessiyasının ilk iclasında məhz bu məqama diqqət yönəldib. O, 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planına aztəminatlı ailələr, eləcə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bəzi məsələlərin daxil edilməsini təklif edib.

Məcburi köçkünlər evlə təmin olunur, bu yaxşı haldır...  Amma onlar həm də mütləq işlə təmin olunmalıdır.

















"Şərq"ə açıqlamasında millət vəkili səsləndirdiyi təkliflərin əsasında apardığı geniş araşdırmaların dayandığını diqqətə çatdırıb. F.Quliyev vurğulayıb ki, Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkədə yoxsulluq səviyyəsinin aşağı düşdüyü qeyd olunub. Göstərilib ki, 2003-2011-ci illər arası müddətdə yoxsulluq səviyyəsi 44,7 faizdən 2011-ci ildə 7,6 faizə enib. Aparılan son islahatdan sonra pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. İnsanların rifah halının yüksəldilməsi istiqamətində görülən tədbirləri təqdir edən deputat hesab edir ki, bunlar kifayət etmir. "Azərbaycanın potensialı ölkədə tamam fərqli bir mənzərənin yaradılmasına imkan verir. Elə etməliyik ki, dövlətimiz bir qəpiyini belə kənara atmasın. Məsələn, 2012-ci il dövlət büdcəsi müzakirə olunan zaman bir məsələyə toxunmuşdum. Bildirmişdim ki, 8 milyard manat vəsaiti idxala yönəltmişik. Həmin məhsulların demək olar ki, hamısı ya Azərbaycanda istehsal olunur, ya istehsal olunması mümkündür. Belə bir vəziyyət varsa, biz niyə həmin məhsulları kənardan almalıyıq ki?! Həmin məhsulları Azərbaycanda özümüz istehsal etməklə bir neçə məsələni birdən həll edə bilərik. Əvvəla, 8 milyard manat kənara çıxmaz, ölkədə qalar. İkincisi, bu vəsait nəticəsində istehsal genişlənər və yeni iş yerləri açılar. Üstəlik, ucuzluq yaranar. Bundan başqa, hazırda dünyada elə məhsullar var ki, müəyyən genetik dəyişikliyə məruz qalır. İdxalı azaltmaqla Azərbaycan əhalisinin sağlamlığını da qarantiyə almaq olar. Ən mühümü əyalət siyasəti elə yürüdülər ki, Bakı şəhəri yüklənməz. Hazırda Azərbaycanda xəstə bir urbanizasiya var. Hər bir əyalətdə bir neçə tərəvəz istehsal edən zavodlar olarsa, böyük soyuducular olarsa, həm kənd təsərrüfatı inkişaf edər, həm də yeni iş yerləri açılar. Yəni bizim imkanlarımız var ki, köklü addımlar ataq və bununla sosial siyasəti dəyişək".

F.Quliyev qeyd edib ki, Azərbaycanın on bölgəsində apardıqları araşdırma nəticəsində 15 faiz bahalaşmanın olduğu müəyyən olunub. Millət vəkilinin sözlərinə görə, bunlar baş verirsə, o zaman yaşayış minimumu haqqında düşünmək lazımdır. Deputat vurğulayıb ki, "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının qanununda müəyyən olunmuş məbləğlər istehlak səbətinə uyğun deyil. O deyib ki, qanunda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu məbləği ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 87 manat təşkil edir. Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında hesablanmış minimum istehlak səbətinin dəyəri 169 manatdır. "Ona görə də hesab edirəm ki, biz yaşayış minimumunun məbləğinə yenidən baxmalıyıq və əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumun məbləği ölkə üzrə yenidən müəyyənləşməlidir. İstehlak səbətinin qiyməti dəyişirsə, yaşayış minimumu ilə bağlı da dəyişikliyin zəruriliyi də ortaya çıxır. Artımlar olanda, məsələn, qeyri-ərzaq məhsullarında artım 4.4 faiz olmuşdu. Rəqəmlər araşdırmalar nəticəsində ortaya çıxır, həm də bu, Nazirlər Kabinetinin yuxarıda göstərdiyim tarixli qərarında təsdiq olunmuş normativlərə əsasən müəyyənləşdirilir. Yəni diletant səviyyədə götürülən rəqəmlər deyil. Mən ona görə təklif vermişəm ki, yaşayış minimumu haqqında qərar qəbul olunanda, mütləq o məsələlər nəzərdə tutulsun. Çünki istehlak səbəti ilə yaşayış minimumu haqqında məbləğ uyğun gəlməyəndə, əhali itirməyə başlayır. Lakin təəssüflər olsun ki, mənim bu fikrim nəzərə alınmadı. Bütün məsələlər əhaliyə xidmət müstəvisində qurulmalıdır. Əgər bizim bu gün istehsal səbəti 179 manat civarındadırsa, yaşayış minimumu isə 116 manat civarındadırsa, təbii ki, ciddi problemlər ortaya çıxacaq".

Millət vəkili bir məqamı da qeyd edib ki, 2011-ci il oktyabrın 1-nə olan məlumata görə, Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərin həllinə 807 milyon manat vəsait ayrılıb. Onun qənaətincə, bununla belə görüləsi kifayət qədər işlər var. "Bir dəfə mənə sual verəndə bildirmişdim ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı kompromis məsələsində Azərbaycan tərəfi minimal davranışlar ortaya qoyur. Biz sadəcə ölkəmizdən işğalçı ordunun çıxmasını istəyirik. Biz hələlik deyirik ki, bu qədər dağıdılıb, itirilib, bu səbəbdən təzminat verməlidir, hər şeyi təmir etməlidir və s. Amma görünür, deməyimiz lazımdır. Demədikcə, düşmənlər üstümüzə gəlirlər. Avropa təsisatlarında mən hazırlaşıram o məsələni qaldırım ki, məcburi köçkünlərimizə kompensasiya verilməlidir. İşğal olunmuş ərazilərimizdə dağıdılan hər şeyin təzminatı ortada olmalıdır, başqa cür də ola bilməz.

İndilikdə isə ölkə daxilində məcburi köçkünlərin həm yerləşməsi ilə, düzdür, son zamanlar müəyyən şəhərciklər salınır, insanlar köçürülür və s. Həm də mütləq işlə təmin olunma məsələsi ortada olmalıdır. Mən aztəminatlı ailələrlə bağlı bir dəfə də Milli Məclisdə çıxış etmişdim. Orda bildirmişdim ki, nazirliklərdə ehtiyat yerlər saxlanılmalıdır ki, əlillər, kimsəsiz insanlar, məcburi köçkünlər müraciət edəndə işlə təmin olunsunlar.

Biz aqrar-sənaye ölkəsiyik. Köçkünlərin kompakt yerləşdiyi yerlərdə iki işi görmək mümkündür. Həm orda istehsal müəssisələri açmaq, onlara faizsiz kreditlər ayırmaq mümkündür ki, adamlar işləsinlər. İşləməyən ailələr varsa, onlara yüksək rəqəmlərlə kömək etmək lazımdır. Köçkünlərin aldıqları çörəkpulu 2011-ci ilin dekabr ayına kimi 15 manat idi. Sonra da 10 faiz artıb 16 manat 50 qəpik oldu. Bu gün işi olmayan və ailəsi 4 nəfərdən ibarət olan köçkün hətta aldığı çörəkpulu ilə 1 nəfərin yaşayış minimumunu təmin etmək qabiliyyətinə malik deyil. Ona görə kompleks tədbirlərin görülməsi həddən artıq zəruridir. Bu rəqəmlərdə dəyişikliklər olmalıdır. Mən əvvəlki çıxışlarımda şəhid ailələrinə, müharibə veteranları ilə bağlı da eyni təkliflə çıxış etmişdim. Ondan əvvəl mən gözdən əlillərin müavinətlərinin qaldırılması ilə bağlı məsələ qaldırmışdım. 50 manat müavinətlə onlar neyləsinlər?! Onlar cəmiyyətin üzvləridirlər, biz onlara sahib çıxmasaq, kim çıxacaq. Onlar başqa bir şey istəyirlər ki? Meydan istəyirlər, işləmək üçün yer istəyirlər. Köçkünlər demirlər ki, biz işdən imtina edirik. Həmin insanları işlə təmin etmək lazımdır ki, cəmiyyətə xeyir verə bilsinlər, həm də ailələrini dolandırsınlar".

Millət vəkili hesab edir ki, Azərbaycan özünü təmin etmək yolunu aramalıdır. "Bizim torpağımız var, istehsal etmək üçün məhsulumuz var, tələbat var, onu istehsal edə bilən köçkün kontingentinin özü ən azından işçi qüvvəsi kimi ortadadır. Bu resursları bir araya gətirib son məhsulu əldə etmək lazımdır ki, bir neçə problem birdən həll olunsun".

F.Quliyev onu da qeyd edib ki, Azərbaycanda ailələr öz xərclərinin 73,5 faizini ərzaq alışına yönəldirlər. Onun sözlərinə görə, bu vəziyyət ölkəmizdə orta statistik ailələrin gəlirlərinin ərzaq xərclərinə nisbətən az olduğunu göstərir. Bu isə əhalinin böyük hissəsi üçün yoxsulluq riski probleminin ciddi olduğunun göstəricisidir. "Azərbaycanda ailələrin ərzağa iqtisadi əlçatanlığı səviyyəsi inkişaf etmiş ölkələrdən təxminən 6 dəfə aşağıdır. İnkişaf etmiş ölkələrdə ailələrin ərzaq xərcləri ümumi xərclərin az hissəsini təşkil edir. Almaniyada bu göstərici 13,09 faizə, Yaponiyada isə 14,87 faizə bərabərdir. Azərbaycanla müqayisədə hətta MDB ölkələrində, o cümlədən qonşu ölkələrdə vəziyyət nisbətən yaxşıdır. Məsələn, Rusiyada əhali ərzaq alışına öz xərclərinin 34,3, Qazaxıstanda isə 51,8 faizini sərf edirlər. Bu göstəricilər qonşu Gürcüstanda 47,4 , Türkiyədə isə 32,6 faiz təşkil edir. Təbii ki, hər kəs başa düşür ki, bu, Azərbaycan insanının çox qida qəbulu anlamına bağlı deyil. Sadəcə, istehlak səbəti ilə, yaşayış minimumu məbləği arasında disbalans aradan qaldırılmalıdır. Tutaq ki, əgər ay ərzində 50 manatlıq yeyilirsə, bu 50 manat Azərbaycan insanının gəlirinin 73 faizidir, amma Gürcüstan vətəndaşının 47 faizidir. Mən müqayisə apardığım ölkələrin yerüstü, yeraltı sərvətləri bizdən aşağıdır ki, üstün deyil. Belə vəziyyətdə bizim insanları çörəklə imtahana çəkmək vəziyyətinə gətirib çıxarmaq doğru sayılmaz. Bu mənada əhalinin çox böyük hissəsinin yoxsulluq riskinin olduğunu göstərir. Bunu gizlədə bilmərik. Qeyri-ərzaq xərcləri də var ki, onlar da müəyyən vəsait tələb edir. Həmin qeyri-xərclərlə bağlı da son zamanlar ciddi bahalaşma müşahidə olunmaqdadır. Belə bir vəziyyətdə əhalinin birdən-birə çox kritik səviyyədə pisləşməsi baş verə bilər. Bu rəqəmlərə uyğun olaraq yaşayış minimumu məbləğinin müəyyənləşdirilməsi haqqında fikir ortaya qoymalıyıq".

F.Quliyev deyir ki, əksər hallarda elə yerlərə elə xərclər yönəldilir ki, heç bir əhəmiyyəti olmur. Hansı ki, o vəsaitləri əhalinin sosial təminatlarına istiqamətləndirmək, aztəminatlı ailələrə kömək üçün sərf etmək daha yaxşı olardı. "Azərbaycanda daxili investisiyaların istiqamətləri doğru deyil və ciddi şəkildə yeyintilər mövcuddur. İnvestisiyalarla bağlı gerçək olmayan rəqəmlər var. Məsələn, 2 kilometr olan yola 66 milyon manat vəsait silinib. Bakının işıqlandırılması ilə təmir işlərinə 198 milyon manat pul ayrılıb. Əlbəttə ki, belə yanaşmalar doğru deyil. O vəsaitin bir hissəsini aztəminatlı ailələrə yönəltməklə və ya yaşayış minimumu məbləğini dəyişməklə, sosial narazılığı aradan qaldırmaq mümkündür".


Firdovsi Fərzəliyev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb
Bu xəbər oxucular tərəfindən 2559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed