Şrift:
Sevil Süleymani: Şiə olduqları üçün İranda ən çox türklər assimilyasiya olunublar (audio)
12.02.2016 [12:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az güneyli fəal Sevil Süleymaninin "Amerikanın Səsi"-nə verdiyi müsahibəni təqdim edir:



Sevil Süleymani İranın 1979 İslam İnqilabı və ondan sonra qurulmuş rejimə münasibətdə ölkədəki müxtəlif etnik və dini qruplar, eləcə də düşüncə cərəyanlarının fərqli mövqe sərgilədiklərini deyir. Güneyli fəal Amerikanın Səsi ilə söhbətdə Pəhləvilər dönəmi və İslam İnqilabını görməyən yeni nəslin düşüncələrini dəyərləndirib.

Sevil Süleymaninin sözlərinə görə, yeni nəslin baxışı birmənalı deyil. "Gənclərin baxışı etnik və dini mənsubiyyət həm də şəxsi ictimai düşüncəsinə görə dəyişir... Siyasətdən uzaq olanlar sadəcə şah dövründən verilən təsəvvürə görə baxırlar ki ictimai bir sıra azadlıqlar var idi və buna görə də bu inqilabı tamamən bir xəta adlandırırlar... Əlbəttə bu düşüncənin sahibləri bir də o fars millətçiləridir ki Pəhləvi dönəmini çox parlaq görürlər. Başqa etniklərdə də misal üçün türklər, kürdlər və ərəblərdə də bu düşüncəni dəstəkləyənlər var.”
O, İslam İnqilabını tamamilə dəstəkləyənlərin “dini millətçiliyə” inananlardan ibarət olduğunu deyir:

“Sonra bir başqa dəstə gəlir - dini millətçiliyə inananlar. Onlar bu inqilabı tamamən yerində görür və bunu əslində bir uğur sayırlar... Bu gün bəzi narazılıqları da olsa bunu hakimiyyətin içində olan bəzi insanların gözündən görürlər ki, bəziləri gəldi və bu inqilabı korladı...”

Sevil Süleymani yeni nəslin artıq inqilabçı deyil, islahatçı ovqatda olduğunu düşünür.

Güneyli fəal İran İslam İnqilabında dini millətçilik və şiə məzhəbinin oynadığı başlıca rola diqqət çəkərək bunun əksəriyyəti şiə olan və xüsusilə Azərbaycan vilayətlərində yaşayan türklərin siyasi mövqeyi üzərində buraxdığı təsiri dəyərləndirib:

“Dini millətçilik Səfəvilər dönəmində gəldi. Şiəlik təməlində bir imperiya quruldu... Bu İnqilab zamanında [yenidən] da bir siyasi gücə çevrilib hərəkatı əlinə ala bildi. Rza Xan dönəmində olan fars nasyonalizmi ilə bu şiə nasyonalizmi biraz fərqliydi. Artıq sənin etnik qrupuna deyil dini mənsubiyyətinə baxırdılar.Türklərin də əksəriyyətinin şiə olduğuna görə onlar bu hakimiyyətdə çox yer ala bildilər. Türklər sonra [İran-İraq arasındakı] müharibəyə də çox getdilər.”

Onun sözlərinə görə, İranda bəziləri türklərin bir hissəsinin hakimiyyət daxilində olmasını önə çəkərək türklərə qarşı yürüdülən ayrıseçkiliyi inkar edirlər. Ancaq bu türklər etnik mənsubiyyətləri sayəsində hakimiyyətin yüksək təbəqələrinə girməyiblər. Bunlar şiə ideologiyası içində əriyiblər... Sünni olan türklər o mövqeyə çata bilməyiblər.”

“Elə bu əsasda mən deyirəm ki İslam Respublikası dönəmində türklərə qarşı assimilyasiya o biri etnik qruplardan daha çox olub,” Süleymani əlavə edir.

Müsahibənin audosunu aşağıdakı linkdən dinləyə bilərsiniz:

TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed