Şrift:
GAMAC, GAMOH və DİRƏNİŞ təşkilatları “Tərh-i No” qəzetinin türkləri təhqir etməsinə qarşı Etiraz Çağırışlarına dəstək verdilər
28.07.2016 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəallar “Tərh-i No” qəzetinin türk millətini təhqir etməsinə cavab olaraq, soydaşlarımızı dinc etiraz yığıncağına dəvət ediblər.

Sosial şəbəkələr və Azərbaycan Milli Hərəkatının bəzi saytlarında yayılan etiraz çağırışlarına görə, aksiyalar iyulun 28-i (mordadın 7-i) yerlı vaxtla saat 19-da Tehran və Güney Azərbaycan şəhərlərində start götürəcək.

“Tərh-i No” qəzeti türklərlə yanaşı qadınları da təhqir etdiyinə görə, qadın haqları fəallarının bu yığıncaqda aktiv olacağı gözlənilir.

Başqa bir məlumata görə, azərbaycanlı fəallar tərəfindən verilən etiraz qərarı, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC), Azərbaycan Milli Dirəniş Təşkilatı (DİRƏNİŞ) və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) tərəfindən dəstəklənib. Hər üç təşkilat azərbaycanlıları sözügedən etiraz yığıncağına qatılmağa çağırıblar.

GAMAC təşkilatı bundan öncə fars dilində yaydığı Bəyanatda bütün azərbaycanlıları irqçiliyə qarşı keçiriləcək aksiyada aktiv olmağa çağırmışdır. GAMAC-ın yaydığı bəyanatı buradan təfərrüatı ilə oxuya bilərsiniz.

Yığıncaq üçün elan olunmuş məkanlar:

“İyulun 28-i (mordadın 7-i) – Yerli vaxtla saat 19”

Urmiyə - İmam xiyabanı, Əyalətə tərəf

Ərdəbil – Şəriəti dördyolu, Bazara tərəf

Təbriz – Rasta Küçə

Astara – Namaz meydanı

Zəncan – Səbzə meydan

Tehran – Topxana meydanı

Və Azərbaycanın digər şəhərlərinin mərkəzləri.

Xatırladaq ki, “Tərh-i No” qəzeti iyulun 20-də Firdovsinin Şahnamə əsərindən bir hikayə nəşr edərək türkləri bədbəxt, irqi pis və s. kimi adlarla təqdim edib. Müəllif türklərlə yanaşı qadınlara da hörmətsizlik göstərib. “Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındılar. Ey irqi pis olan türk sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get qadınlar kimi əlivə pambıq və mil götür”- deyə qəzetdə dərc olunan yazının bir hissəsində qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed