Şrift:
Xamneyi, Əhmədinejadın növbəti prezidentliyə namizədliyini irəli sürməsinə müxalif olduğunu təsdiqləyib
27.09.2016 [09:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini lideri Əli Xamneyi sentyabrın 26-da tələbələrinə keçdiyi “xaric-fiqh” dərsində ölkənin keçmiş prezidenti Mahmud Əhmədinejadın növbəti prezidentliyə namizədliyini irəli sürməsinə müxalif olduğunu təsdiqləyib.
Xamneyi öz çıxışında Əhmədinejadın adını çəkmədən deyib ki, o, keçmiş prezidentin növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürməsinin məqsədə uyğun olmadığını onun özünə də bildirib: “Məsələ ilə əlaqədar ağalardan biri (Əhmədinejad) yanıma gəlmişdi. Mən isə bəzi mülahizələrə görə ona dedim ki, yaxşısı budur ki, siz filan məsələyə (prezident seçkilərinə) qatılmayasınız. Çünki bu həm sizin, həm də ölkənin məsləhətinədir. Mən ona əmr etmədim və demədim ki, siz namizədliyinizi irəli sürə bilməzsiniz. Sadəcə olaraq dedim ki, mən bunu məsləhət bilmirəm.

Ona bildirdim ki, ölkənin indiki həssas durumunda sizin namizədliyinizi irəli sürməyiniz, həm sizin, həm də ölkənin ziyanınadır. Çünki bu addım, ölkədə ikiqütblülük yaranmasına gətirib çıxarar. Bu isə ölkəyə ziyandır. Bəli, mən ona belə bir məsləhət verdim. Bu isə çox sadə və təbii bir məsələdir. Bunu isə açıq şəkildə ona görə deyirəm ki, mömin qardaşlarımız bunu müxtəıif şəkillərdə yozmasınlar və sosial şəbəkələrdə məsələnin mahiyyəti barədə bir-biri ilə mübahisə etməsinlər. Aydın məsələdir ki, düşmən bu məsələdən istifadə etməyə çalışır. Biz isə buna yol verməməliyik”.

Son günlər, Xamneyinin keçmiş prezident Əhmədinejadın növbəti prezidentliyə namizədliyini irəli sürməsinə qarşı çıxması barədə xəbərlər yayılsa da, Əhmədinejada yaxın bəzi şəxslər, bunu keçmiş prezidentə qarşı şantaj xarakterli təbliğat adlandıraraq, buna Xamneyiyə yaxın qurumlardan aydınlıq gətirilməsini tələb etmişdilər.

Xatırladaq ki, Mahmud Əhmədinejad 3 avqust 2005-ci ildən, 3 avqust 2013-cü ilə dək 8 il müddətinə prezident vəzifəsində çalışıb. İranda növbəti prezident seçkiləri 2017-ci ilin iyun ayında keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed