Şrift:
BMT-nin baş katibi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə müraciət yayıb
07.03.2012 [16:34] - Gündəm
BMT-nin baş katibi Pan Gi Mun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, müraciətdə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması prosesi bütün dünyada uğurla inkişaf etdiyi bildirilib: “Dövlət və hökumət başçısı vəzifəsində çalışan qadınların sayı artmış, nazir vəzifəsində çalışan qadınların sayı ən yüksək həddə çatıb. Qadınlar biznes sahəsində çox böyük nüfuza malikdirlər. Daha çox qız məktəbə gedir, daha sağlam böyüyür və potensiallarından istifadə etmək üçün daha geniş imkanlara malikdirlər. Mövcud müsbət irəliləyişlərə baxmayaraq, qadın və qızların doğulduqları andan etibarən onlara aid olan, rifahlarını təmin edən hüquq və azadlıqlardan tamamilə yararlana bildiklərini söyləyə bilmək üçün hələ çox iş görülməlidir. Kənd yerlərində qadınların vəziyyəti bunun bariz sübutudur. Bu ilki Beynəlxalq Qadınlar Gününün həsr olunduğu kənd qadınları və qızları dünya əhalisinin dörddə birini təşkil etsələr də, gəlir, təhsil, səhiyyədən tutmuş, qərar qəbul etmədə iştiraka qədər istənilən iqtisadi, sosial və siyasi göstəricilərin ən aşağı pilləsində yer alırlar”.

Baş katib bildirib ki, ayrı-seçkiliyə səbəb olan qanun və əməllərdən təkcə qadınlar deyil, bütünlükdə icma və millətlər əziyyət çəkir. Qadınların torpaq sahibkarlığı hüququ və kredit götürmək imkanından məhrum olduqları cəmiyyətlərdə pis qidalanmadan nəzərə çarpacaq dərəcədə daha çox uşaq əziyyət çəkir: “Qadın fermerlərin kənd təsərrüfatı sahəsində biliklərinin genişləndirilməsi xidmətlərinin sadəcə, 5 faizindən yararlana bilmələri qəbul edilməz bir göstəricidir”.

Baş katibin müraciətində daha sonra deyilir: “Bu Beynəlxalq Qadınlar Günündə, mən hökumətləri, vətəndaş cəmiyyəti və özəl sektoru fundamental insan hüquqları və hər kəs üçün faydalı amil olaraq gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsinə çağırıram. Qadınların və qızların enerjisi, bacarığı və gücü bəşəriyyətin faydalanmadığı ən dəyərli təbii sərvətdir”.
Bu xəbər oxucular tərəfindən 1424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed