Şrift:
Gənclərin vətənpərvər ruhda böyüməsinə müsbət təsir edən amillər
18.11.2016 [16:10] - Gündəm, Sosial, Gənclik
Hər bir xalqın gələcəyi onun yetişməkdə olan gənclərindən asılıdır. Bu səbəbdən gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən hesab olunur. Sevindirici haldır ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində təkcə bu sahəyə cavabdeh olan müvafiq dövlət qurumları deyil, eləcə də yerli icra hakimiyyətləri xüsusi diqqət ayırırlar. Bu mənada Lerik Rayon İcra Hakimiyyətinin gördüyü işlər də xüsusi əhəmiyyət daşıyır. Rayonda torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarımızın ruhuna göstərilən yüksək etimad, onların adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər lerikli gənclərin vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir göstərən amillərdəndir. Belə tədbirlərdən biri bir müddət əvvəl Müdafiə Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, uzunömürlülər diyarı Lerikdə aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu və ailə üzvləri ilə rayon ictimaiyyətinin görüşü olub. Gəncə Qarnizonu Zabitlər Evinin "Vətən uğrunda!" səyyar təşviqat maşınının vasitəsi ilə səsləndirilən hərbi vətənpərvərlik mahnı və marşlarının sədaları altında Heydər Əliyev meydanına daxil olan qalib döyüşçüləri rayon rəhbərliyi hərarətlə qarşılayıb. Milli geyimli qızlar və oğlanlar onlara qəhrəmanlıq rəmzi olan dəfnə yarpaqlarından hörülmüş çələnglər, gül-çiçəklər təqdim ediblər. Od-alovdan çıxmış barıt qoxulu igidlər xalqımızın ümummili lideri Heydər Əliyevə bir daha hörmət və ehtiramlarını bildirərək Ulu Öndərin abidəsini ziyarət edib, qarşısına tər gül dəstələri qoyublar. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani hər bir hərbi qulluqçunu tədbir iştirakçılarına təqdim edib və onların aprel döyüşlərində göstərdikləri şəxsi rəşadət və sücaətlərdən söhbət açıb. Böyük insan kütləsi tərəfindən Vətən əsgərləri hərarətlə alqışlanıb. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qonaqları leriklilər adından salamlayaraq bu görüşdən hər bir leriklinin qürur duyduğunu bildirib. O, aprel döyüşlərində Azərbaycan əsgərinin qələbəsinin bütün xalqımız kimi hər bir leriklinin də böyük sevincinə səbəb olduğunu, cəbhədən gələn hər qələbə sorağı lerikliləri də ruhlandırğını, həmin günlər bütün rayon əhalisinin Ali Baş Komandanın əmrini gözləydiyini qeyd edib. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprel döyüşləri haqqında dediyi fikirləri xatırladaraq vurğulayıb ki, həqiqətən aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Qeyd edib ki, Qarabağ məsafə etibarı ilə Lerikdən çox uzaqdadır. Lakin Qarabağda atılan hər güllənin səsi hər bir leriklinin də evində, qəlbində eşidilir. Çünki Heydər Əliyev ideyalarına, Vətəninə, xalqına, dövlətinə, öz Prezidentinə həmişə sadiq olan uzunömürlülər diyarının sakinləri də müstəqil dövlətimizin qayğıları ilə yaşayır və Qarabağ probleminin tezliklə həllini səbirsizliklə gözləyirlər. Tədbirdə bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda təkcə Lerik rayonu 140-a yaxın şəhid verib. Onlardan Valeh Müslümov, Fərhad Ağayev, Fəxrəddin Şahbazov, Əsgər Əliyev və Rövşən Abdullayev Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər. Diqqətə çatdırılıb ki, aprel döyüşlərinin igidləri sıralarında bu diyardan pərvazlanan oğullar da yetərincədir. Hazırda Silahlı Qüvvələrdə yüzlərlə lerikli gənc Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirir. Polkovnik Abdulla Qurbani Azərbaycan Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin şəhid ailələrinə, müharibə əlil və iştirakçılarına daim diqqət, qayğı göstərildiyini və bu işin bu gün də prioritet olduğunu bildirib. Aprel döyüşləri iştirakçılarından polkovnik-leytenantlar Elşən Qarayev, Eldəniz Sadıqov, Vüqar Mirzəliyev, kapitan Hikmət Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından Rövşən Rəhimov, Vüqar Abbasov, Emin Qasımlı və başqaları cəbhə xatirələrini danışıb, onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirib, qazilərin övladları şeirlər söyləyib, ailə üzvləri bu xeyirxah vətənpərvərlik təşəbbüsünə görə tədbirin təşkilatçılarına minnətdarlıq ediblər. Tədbir iştirakçıları adından çıxış edən Bəhruz İbrahimov bu kimi tədbirlərin xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb etdiyini, gənclərin orduya hazırlanmasında, hərbi peşələrə həvəsləndirilməsində və döyüşən oğullarımızın qəhrəmanlıq nümunələri əsasında yetişməsində mühüm önəm daşıdığını qeyd edib. Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib. Səyyar laboratoriyada təcili çap olunan fotolar tədbir iştirakçılarında maraq oyadıb. Tədbirin sonunda aprel döyüşü qəhrəmanlarına rayon icra hakimiyyəti başçısı tərəfindən hədiyyələr təqdim edilib və "Xəyal" turizm və istirahət mərkəzində döyüş iştirakçıları və onların ailə üzvləri üçün ziyafət verilib.

Rayonda hərbi xidmətə çağırılan gənclər də bir qayda olaraq yüksək ruhla yola salınır. Belə ki, Lerik şəhərində gənclərin hərbi xidmətə yola salınması ilə bağlı mərasim keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində keçirilən tədbirdə çağırışçılarla yanaşı, rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, müharibə veteranları, valideynlər də iştirak ediblər. Tədbir iştirakçıları öncə Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edib, abidə önündə gül dəstələri düzüblər. Tədbirdə çağırışçılar və onların valideynləri təbrik edilib və çağırışçılara Vətənə müqəddəs borcun şərəflə yerinə yetirilməsində uğurlar arzulanıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi mayor Fəxrəddin Mirzəliyev məruzə ilə çıxış edərək ordu quruculuğu sahəsində son illərdə Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində respublikamızın regionda ən güclü orduya malik ölkəyə çevrildiyini qeyd edib. Son illər ordu quruculuğu sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırdı. Fəxrəddin Mirzəliyev xidmətə yola salınan gənclərin ordu sıralarında Vətənə ləyaqətlə xidmət edəcəklərinə ümidvar olduğunu bildirib. Cənab Prezidentin sərəncamı ilə həyata keçirilən həqiqi hərbi xidmətə çağırış kompaniyasının həmişə Lerikdə uğurla başa çatdırıldığını, gənclərimizin həvəslə ordu sıralarına getdiyini vurğulayıb. Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov, çağrışçı valideyni Habil Məlikov, Lerik şəhər məscidinin axundu Hacı İlham Əliyev gənclərə xeyir-dua verib, onların hərbi vəzifələrə vicdanla və məsuliyyətlə yanaşmalarını tövsiyə ediblər. Çağırışçılar adından çıxış edən Azər Dadaşzadə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməyə getməyi özlərinə borc və şərəf bildiklərini, öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklərini, Ali Baş Komandan cənab İlham Əliyevin əmri olarsa torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olacaqlarını qeyd edib. O, xidmət etdikləri dövrdə komandirlərin əmrlərini yerinə yetirərək həmişə Lerikin adını uca tutacaqlarını bildirib. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hərbi xidmətin hər bir vətəndaş üçün müqəddəs borc olduğunu vurğulayıb, gəncləri Vətənimizin keşiyində mətanətlə və sayıq dayanmağa çağırıb. O, ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi nəticəsində yaradılan Milli Ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin gündən-günə gücləndirilməsi istiqamətində son illər cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirləri, zabit və əsgərlər üçün yaradılan şəraiti qeyd edib. Bildirib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib və o, hazırda qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək qabiliyyətindədir. Ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirən rayon icra hakimiyyətinin başçısı həqiqi hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayıb. Mərasim konsert proqramı ilə davam etdirilib. Çağırışçılar Azərbaycan Respublikasının Dövlət bayrağını öpərək hərbi hissələrə yola düşüblər

Lerik rayon 2 saylı tam orta məktəbin binasında isə Azərbaycanın Respublikasının Milli Qəhrəmanı Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Valeh Əlizahir oğlu Müslümovun doğum gününə həsr olunmuş xatirə mərasim keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov, Ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib. Tədbir iştirakçıları ilk öncə məktəbdə şəhidin xatirəsinə yaradılmış muzeydə V.Müslümovun qəhrəmanlıq və şücaət yolunu əks etdirən nəfis tərtibatlı fotoguşələrlə tanış olublar və şəhidin abidəsi önünə tər gül-cicək dəstələri qoyublar. Tədbirin əvvəlində dövlət himni səsləndirilib, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 2 saylı tam orta məktəbin müəllimi Əfrail Həmidov giriş sözü ilə çıxış edərək bildirib ki, məktəb bu gün tədrislə yanaşı, həm də gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Şagirdlər hər gün məktəbə gələndə V.Müslümova aid guşə ilə qarşılaşır, hər dəfə onu yad edir, fəaliyyəti, həyat yolu ilə tanış olurlar. Təbii ki, bu, onların vətənpərvərlik hissini coşdurur, onları Vətəni onun kimi sevməyə sövq edir. Sonra Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolu barədə Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov, Ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək onun 1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlaması, Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak etməsi və döyüşlərdə göstərdiyi qəhrəmanlıq barədə söhbət açıblar. Milli Qəhrəman V.Müslümovun atası Əlizahid Müslümov Vətənin azadlığı uğrunda canlarını fəda edənlərin heç vaxt unudulmadığını vurğulayıb və ailəsi adından Milli Qəhrəman Valeh Müslümovun xatirəsinin əbədiləşdirilməsinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib. Rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək bildirib ki, vətənin azadlığı yolunda şəhid olanlar gələcək nəsillərin firavanlığı üçün öz canından keçib. Biz Azərbaycanın bugünkü uğurlu inkişafını görəndə düşünürük ki, qəhrəmanlarımız əbəs yerə canlarından keçməyiblər. Xatirə mərasimində şəhidin təhsil aldığı məktəbin şagirdlərinin iştirakı ilə Milli Qəhrəmana həsr edilən bədii kompozisiya alqışlarla qarşılanıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed