Şrift:
Əli Həsənov: Azərbaycan jurnalistikasında əsl yarış mühiti yaranıb
17.03.2012 [16:44] - Gündəm
Bu gün Azərbaycan jurnalistikasında əsl yarış mühiti yaranıb. Bunu şənbə günü Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, yaranmış yarış mühiti jurnalistlərin yeni istiqamətdə, yeni sahələrdə araşdırma aparmasına təkan verir.
Həsənov qeyd edib ki, KİVDF-nin elan etdiyi müsabiqə Azərbaycan jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradır, onların yaradıcılıq fəaliyyətinə verilən qiymətdir.
"Azərbaycan jurnalistləri daima dövlət dəstəyini hiss edirlər", - o deyib.
PA rəsmisi bildirib ki, jurnalistlərin sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində onlar üçün yeni bina tikilir.
Həsənov, həmçinin deyib ki, gələcəkdə fərdi jurnalist müsabiqələrinin sayını artırmaq və yaxud mükafat məbləğini artırmaq olar.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb.
Novruz bayramı münasibətilə keçirilən müsabiqənin 10 istiqamət üzrə keçirildiyini xatırladan Fondun icraçı direktoru Vüqar Səfərli ümumilikdə 94 yazının təqdim edildiyini bildirib. Həmin yazıların 8-si informasiya agentliklərindən, 12-si regionlar, 74-ü isə respublika üzrə yayımlanan qəzetlərin əməkdaşları tərəfindən təqdim olunub. 10 istiqamət üzrə ən çox bal toplamış 3 yazı müəyyənləşdirilib və həmin yazıların müəllifləri səsvermə yolu ilə qalib hesab ediliblər.
Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed