Şrift:
Azərbaycanın Şabran rayonunda baş verən dəhşətli yol qəzasında bir ailənin 3 üzvü ölüb, 5 nəfər yaralanıb
21.03.2012 [15:17] - Gündəm, Hadisə
Azərbaycanın şimal bölgəsində bir gündə iki ağır yol qəzası olub. İlk hadisə martın 20-si axşam saatlarında Gəndob-Yalama yolunun 10-cu km-də, Şabran rayonunun Ağalıq kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü həlak olub, 5 nəfər yaralanıb. 41 yaşlı Ağalıq kənd sakini Əlibabayev Niyətəli Qəribağa oğlunun idarə etdiyi 17 BC 173 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı minik avtomobili qarşıdan gələn eyni markalı, Rəhimli kənd sakini 23 yaşlı Ələsgərov Sərxan Şakir oğlunun idarə etdiyi 10 BL 884 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində Niyətəli Əlibabayev və 2 yaşlı oğlu Elmir Əlibabayev hadisə yerində keçinib. Onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü Əlibabayeva Telli Tahir qızı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Digər avtomobildə olanlar - Rəhimli kənd sakinləri 21 yaşlı Namiq Poladov, 24 yaşlı Kamran Paşayev, 30 yaşlı Rəhidxan Həmzəyev, 23 yaşlı Sərxan Ələsgərov, 22 yaşlı Cəfər Muradov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın şöbə müdiri Ağayar Quliyev - onların vəziyyəti hazırda qənaətbəxşdir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Martın 20-də saat 19.00 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun 160-cı km-də də ağır yol nəqliyyat hadisəsi baş verib. Yolun Quba rayonu İqrik kəndi ərazisindən keçən hissəsində Quba rayonu 1-ci Nügədi kənd sakini, 41 yaşlı Nəbiyev Elçin Paşa oğlu idarə etdiyi 90 HV 526 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı minik avtomobili yoldan çıxararaq aşıb. Avtomobilin yolun kənarındakı dərəyə düşməsi nəticəsində Elçin Paşayev dünyasını dəyişib. Hadisə zamanı o maşında tək olub.

Hər iki faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed