Şrift:
Parisdə gənc azərbaycanlı rəssamların sərgisi
27.03.2012 [14:53] - Mədəniyyət
Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi çərçivəsində ölkəmizin Fransadakı səfirliyi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən martın 26-da Parisdə 10-24 yaşlı gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil edilib.

Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirakçıları salamlamış, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği istiqamətində “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən azərbaycanlı gənclərin əsərlərindən ibarət sərgilər təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.
Parisdəki sərgidə 11 rəssamın 49 əsərinin nümayiş etdirildiyini xatırladan səfir iki ölkə arasında diplomatik əlaqələrin yaradılması istiqamətində yalnız səfirliyin deyil, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən müxtəlif təşkilatların da öz töhfələrini verdiklərini qeyd edib.

Bir neçə gün əvvəl Parisdə xalqımızn zəngin tarixi ənənələrin bariz nümunəsi olan və baharın gəlişindən xəbər verən Novruz bayramının təntənəli qeyd edildiyini xatırladan səfir məhz Novruz bayramı və ölkəmizin mədəniyyəti, incəsənəti ilə bağlı “İrs” jurnalının fransız dilində ikinci nömrəsinin çapdan çıxdığını və qonaqlara təqdim edildiyini bildirib.

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev mədəniyyətin sərhəd tanımadığını diqqətə çatdıraraq rəhbərlik etdiyi qurumun istedadlı azərbaycanlı gəncləri öz ətrafında birləşdirməsndən, Azərbaycan incəsənətinin Avropada tanınması istiqamətində görülən işlərdən bəhs edib. O, gənc rəssamların əsərlərinin ilk dəfə 2010-cu ildə Bolqarstanda, 2011-ci ildə Brüsseldə təşkil olunan sərginin Yaponiyada baş verən zəlzələ zamanı həlak olan insanların, 2012-ci ilin fevralında Vyanada nümayiş etdirilən sərginin isə ölkəmizin Avstriyadakı səfiri Fuad İsamyılovun xatirəsinə həsr olunduğunu bildiribr. Dördüncü sərginin dünya mədəniyyətinin beşiyi olan Fransada təşkil edilməsinin xüsusi önəm daşıdığını qeyd edən İslam Baxşəliyev zəngin tarixə, bəşəriyyətə ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində korifeylər vermiş Fransa kimi bir ölkədə gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin təşkilindən məmnunluq hissi keçirdiyini bildirib, bu sərginin fransızların Azərbaycanı tanıtmaq istiqamətində atılan addımlardan biri kimi xarakterizə edib.

Azərbaycanın “Evrovision” beynəlxlaq musiqi yarışmasında dördüncü dəfə iştirakını diqqətə çatdıran İ.Baxşəliyev bu yarışda ölkəmizin uğurla çıxış etdiyini və ötən ilki yarışda isə birinci yerə çıxdığına görə həmin mahnı müsabiqəsinin bu ilin mayında Bakıda keçiriləcəyini və bu sərginin də həmin müsabiqəyə həsr olunacağını bildirib.

İ.Baxşəliyev üzərində xüsusi daşlarla “Eurovision-2012” və “Öz məşəlini alovlandır!” sözlərinin həkk olunduğu tablonu və təşkilatın diplomunu səfirə təqdim edib.
Sərgiyə gələn qonaqlar Leyla İbrahimova, Bəhriyyə Əliyeva, Leyla Babayeva, Sevinc Seyidova, Atilla Rzazadə, Fidan Əliyeva, Leyla Mirişova, Neman Abdullayevin və digərlərinin rəsm əsərləri ilə tanış olublar.

Sərgi martın 29-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed