Şrift:
“Diaspor qurumlarımız dövlətdən umurlar"
11.10.2011 [18:00] - Müsahibə
Əlirza Amanbəyli: "Xarici ölkələrdə diasporun bünövrəsini Güney azərbaycanlılar qoyub"

"Millətçilik duyğularından uzaq olan birinin diaspor qurumlarında çalışmasının millət üçün heç bir xeyri yoxdur"

Müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departementinin sədri Əlirza Amanbəylidir. Onunla söhbətimizdə Güneydə aparılan mübarizədən tutmuş, Azərbaycan diasporunun bugünkü vəziyyətinə qədər bir sıra məsələlərdən danışmışıq.

- İran rejimi tərəfindən təqiblərə, təzyiqlərə məruz qalanlardan, buna baxmayaraq, geri çəkilməyən şəxslərdənsiniz. O günləri necə xatırlayırsınız?
- Güney Azərbaycanlılar hər an İran rejimi tərəfindən təzyiqlərə məruz qalır. Milli fəalların mübarizə meydanında həbsə alınması, günahsız olmalarına baxmayaraq, onların işgəncələrə məruz qalması hər gün rastlaşdığımız bir hadisədir. O dəhşətləri mən də görmüşəm, ağır işgəncələrə məruz qalmışam. 1993-cü ildə müvəqqəti olaraq girov müqabilində azadlığa buraxıldım. Və o gündən etibarən Şimali Azərbaycanda həyatımı və fəaliyyətimi davam etdirirəm.
- Zülmün əlindən qurtulmaq üçün başqa ölkələrə üz tutan güneylilərin apardıqları mübarizə sizi qane edirmi? Ümumiyyətlə, bu gün güneyli-quzeyli Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün diaspor qurumlarının gördükləri işlərdən razısınızmı?
- Öncəliklə əcnəbi ölkələrdəki azərbaycanlıların əksəriyyəti Güneydən olan azərbaycanlılardır və orda yaranan cəmiyyətlərin fəaliyyəti ilə də əsasən güneylilər məşğul olur. Doğrudur, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra müəyyən diaspor qurumları yarandı və bunun nəticəsidir ki, Şimali Azərbaycandan olan soydaşlarımız da hazırda dünyanın müxtəlif ölkələrində cəmiyyətlər yaradaraq fəaliyyət göstərməyə başlayıblar. Ancaq bütövlükdə götürdükdə əcnəbi ölkələrdəki diasporun bünövrəsini Güney Azərbaycanlılar qoyub. Örnək olaraq Qulamrza Səbri Təbrizinin fəaliyyətini göstərmək istərdim. Qulamrza Təbrizi yeganə güneylidir ki, 1945-1946-cı illərdə, Milli Hökumətin dövründə Azərbaycan türkcəsində təhsil alıb. Bu baxımdan da onun milli təfəkkürü daha yüksəkdir. Qulamrza Təbrizi hələ 35-40 il əvvəl İngiltərədə Azərbaycan cəmiyyəti-Ana dili fondu yaratmışdı. Və o vaxtdan etibarən güneylilərin əksəriyyəti-təbii ki, siyasi fəallar ölkədəki haqsızlığa tab gətirmədikləri üçün əcnəbi ölkələrdə mühacir həyatını yaşamaqla yanaşı millət uğrunda mübarizəyə qalxdılar. Bu baxımdan düşünürəm ki, artıq diaspor qurumları formalaşmağa doğru gedir. Doğrudur, burda diaspor yeni yaranıb və yeni yarandığı üçün də çox şey gözləmək olmaz. Yəni, 20 ildir müstəqillik əldə edən bir ölkə gənc olduğu üçün, hələ öz gücünü tam göstərə bilməz. Mən düşünürəm ki, xalqın maariflənməyə ehtiyacı var. Dövlətlə hakimiyyət səhv salınır. Bilirsinizmi, hakimiyyətdə olanlar arasında pis insanlar ola bilər. Ancaq dövlət, dövlətçilik, millətin namusu, qeyrətidir. Axı, dövlətin tarixi var, bu dövlət uğrunda qanlar tökülüb, bu dövlət uğrunda mübarizə aparan, canından keçən qəhrəmanlar var, dövlətin bayrağı, gerbi var. Hakimiyyət isə gəldi-gedərdi. Hakimiyyətə müxalif olan dövlətçiliyə müxalif olmamalıdır. Hakimiyyətə gəlmək naminə dövlətçiliyi təhlükəyə salmaq olmaz. Hakimiyyətə gəlmək üçün xarici qüvvələrə arxalananlar dövlətçiliyimizi təhlükəyə salır. Bu baxımdan deyirəm ki, yeni yaranan, formalaşan bir dövlətdən çox şey gözləmək olmaz. Elə dövlət var ki, 200 illik tarixi var, ancaq yenə də çatışmayan cəhətləri var. 20 illik bir dövlətinsə kifayət qədər çatışmayan cəhətləri olacaq.
- Bu baxımdam diaspor qurumlarının üzərinə böyük iş düşür...
- Diaspor qurumları yeni yaranan dövlətin maraqları üçün əcnəbi ölkələrdə fəaliyyətlərini daha da gücləndirməlidirlər. Öncəliklə diaspor qurumlarında çalışanların millətçilik duyğuları yüksək olmalıdır ki, millət uğrunda apardığı mübarizədə bütün çətinliklərə tab gətirə bilsin, təbliğat məsələsində güclü fəaliyyət nümayiş etdirsin. Yoxsa millətçilik duyğularından uzaq olan birinin diaspor qurumlarında çalışması və fəaliyyətinin də millət üçün heç bir xeyri olmaması nə işə yarar ki? Bu, məsələnin bir tərəfi, ikinci tərəfi isə ondan ibarətdir ki, biz başqa diaspor qurumlarından - yəhudi, fars, erməni və s. nümunə götürməliyik. Baxın görün bəhs etdiyim millətlərin diasporu millət uğrunda nə böyük işlər görür. Hətta haqsızlıq üzərində qurduqları təbliğat belə işə yarayır. Onların maliyyə resursları çox güclüdür. Farsın, erməninin telekanalları elə bir təbliğat aparırlar ki, nəticə etibarilə də bu təbliğat birbaşa milləti üçün xeyir mənbəyi daşıyır. Bütün dünya diasporunda diaspor qurumları dövlətə kömək edir. Ancaq bizdə hər şeyin əksidir, dövlət diaspor qurumlarına kömək edir. Bizdə deyirlər ki, dövlət pul ödəsin, mən də diaspor qurumu yaradım. Biz dövlətdən nəsə umuruqsa, dövlətin maliyyəsi ilə sadəcə öz xeyrimiz üçün çalışırıqsa, demək, millət məfhumu bizim üçün doğrudan da arxa plana keçib. Güney Azərbaycanda millət uğrunda mübarizəyə qalxdığımız zaman heç bir təmənna güdmürdük, təmənnasız millət üçün çalışırdıq. "Bu, bizim milli borcumuzdur" düşüncəsi ilə fəaliyyət göstərirdik.
- Çox təəssüf ki, bizdə "milli borc" məsələsi tamamilə arxa plana keçib, ümumiyyətlə, görünməz olub...
- Yenə də misal olaraq erməniləri göstərmək istərdim. Ermənistan müxalifətinin fəaliyyəti hər zaman dünyanın diqqətindədir. Ermənistan dövlətçiliyi təhlükəyə düşən kimi onların müxalifət qüvvələri dərhal bir araya gələrək birləşir. Ancaq bizdə belə deyil. Bizim müxalif qüvvələrin hamısı sadəcə hakimiyyətə can atır. Dövlətimizin, millətimizin maraqlarını düşünən yoxdur. Eləcə də diaspor qurumları. Bu qurumlarda hamı sadəcə rəhbər olmaq barədə düşünür. DAK-da olanlardan yəqin ki, xəbəriniz var. İki DAK fəaliyyət göstərir, hər ikisində də daima rəhbərlik iddiası hökm sürür. Və nə qədər ki, bu iddialar sürəcək, o zamana qədər də milləti düşünən olmayacaq. Millətimizi iki hiss daima təqib edir və bu iki hiss sanki canımıza, qanımıza işləyib: Özgəçilik və bölgəçilik. Özgəçilik-hələ də ruslaşmadan uzaqlaşa bilmirik, 20 ildir ki, rus dilini yaşadır, hətta getdikcə daha da təkmilləşdirməyə çalışırıq. Hələ də işə qəbulla bağlı müraciət edərkən rus, ingilis dilini bilib-bilmədiyimizi soruşurlar. Ancaq soruşan yoxdur ki, ana dilimizi yaxşı bilirsiniz, ya yox, heç olmasa digər türk dillərini soruşalar. Güney Azərbaycanda 35-40 milyon türk yaşayır, 52 faizi türkdür. İranda istənilən yerdə türkcə danışsan, səni anlayacaqlar. İqtisadi resurslarda da-bazarda türklərdir, hakimiyyətdə də müəyyən türklər var. Ancaq türk olmaq başqa, türkçülüyü dərk etmək bir başqadır. Yəni 40 milyon türkün hamısı millətçilik uğrunda mübarizə aparmır ki. Sadəcə istiqamətlər var. Eləsi var ki, dərk etsə də qorxub səsini çıxarmır, eləsi də var ki, sadəcə susmağa üstünlük verir. Məsələn, şəxsən tanıdığım generallar var ki, təmiz türkçüdür, ancaq susaraq zaman gözləyirlər.
Amma susmaq çarə, çıxış yolu deyil. Əvvəllər də milli oyanış çox olub. Ancaq hazırkı milli oyanış əvvəlkilərdən qat-qat üstündür. Çünki millət özünü dərk etməyə başlayıb. Və bunu başa düşən xarici qüvvələr hər vasitə ilə millət arasında qarışıqlıq salmağa davam edir. Yəni, "Türkə qarşı sadəcə türk çıxa bilər" prinsipindən yararlanırlar. Antitürk güclər birləşərək bütün vasitələrdən istifadə edirlər. Artıq onlar belə başa düşürlər ki, türk millətinin ayağa qalxmasına lap az qalıb, ancaq yenə də son çarələri istifadə edərək bu prosesi ləngitməyə davam edirlər.
- Təsəvvür edin ki, Şimali Azərbaycan, Güney Azərbaycan və Türkiyə nəhayət bir araya gəlir...
- Bu da o deməkdir ki, bu birlik bütün Türk dünyasının bir araya gəlməsində böyük rol oynayacaq. Elə bu səbəbdən də bizi bir tərəfdən deyil, bir neçə tərəfdən vuraraq çaşqın bir vəziyyət yaradırlar. İran dövlətinin zərbəsi bir tərəfdən, beynəlxalq aləmdə bizi türk olduğumuza görə dəstəkləmirlər, bu da digər bir zərbə və s... Bir sözlə, bizə qarşı olan münasibətlərdən bizləri bir-birimizə qarşı qoymaq üçün istifadə olunur. Məhz bu baxımdan dünyadakı türk diaspor qurumlarının öhdəsinə böyük iş düşür. Mən məsləhət görərdim ki, mənəm-mənəmlik davasını bir tərəfə qoyaraq millətin ümumi olam problemləri uğrunda mübarizəyə başlayaq. Bəzi mübahisəli məsələləri ortaya ataraq millətin başını boş şeylərlə aldatmasınlar. Bu gün önəmli olan Güney Azərbaycanı fars şovinizmindən xilas etməkdir. Hazırda qadınlı-kişili minlərlə məhbusumuz va. Onların heç biri silah götürərək İran dövləti ilə döyüşməyib, sadəcə Allahın onlara bəxş etdiyi ana dili uğrunda mübarizə aparırlar. Deyir ki, Allah məni türk yaradıb, sən necə türkü millət olaraq qəbul etməyə bilərsən. Məhəmməd(ə.s) Peyğəmbər Türkə "Allahın ordusu" deyib. O deyirdi: "Türk dilini öyrənin, çünki məhz türklər minillərlə dünyaya hakim olacaq". Türk milləti pis ola bilməz. Baxın, türk yeganə millətdir ki, dağıtmır, məhv etmir, öldürmür. Türk sadəcə yaradır, quruculuqla məşğul olur, türk qonaqpərvərdir.
- Deyəsən, axı həddindən artıq qonaqpərvər olmağımızın nəticəsidir ki, hazırda da belə problemlərlə üz-üzə qalmışıq...
- Həqiqətən də həddindən artıq qonaqpərvər olduğumuza görə bu durumla üz-üzəyik. Mən çox vaxt babamla fikir mübadiləsi aparır, qınaqla deyirdim ki, "niyə vaxtında erməniləri gətirib ev-eşik sahibi etdiniz ki, indi də az qala hər şeyi əlimizdən almaq iddiasıyla dünyanı bizə qarşı döndəriblər?" Babam qınağıma belə cavab verirdi: "Yazığımız gəldi, ev-eşik yox, yeməyə bir şeyi yox, işi-gücü yox, onların bu durumuna qarşı biganə qala bilmədik. Ancaq onlar bizim xoş niyyətimizdən sui-istifadə etdilər ki, bu da onların vicdansız olduğunu göstərir". Həqiqətən də erməni hər zaman türklərin xoş niyyətindən istifadə edib. Bu artıq bizə dərs olmalıdır.

Ulduzə QARAQIZI
Bu xəbər oxucular tərəfindən 2140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed