Şrift:
Türkiyə-Suriya sərhəddində müharibə təhlükəsi
05.04.2012 [14:36] - Xəbərlər
Rusiya dünya birliyinə qarşıdır, bölgədə qanlı toqquşmalar baş verə bilər
Suriya diktatoru Bəşər Əsəd əleyhdarlarının İstanbul toplantısından sonra Suriya ətrafında vəziyyət gərginləşib. Öz xalqının qatilinə çevrilmiş Bəşər Əsəd qırğınların miqyasını genişləndirib, İran Suriyaya hərbi yardımlarını artırıb. Bəşər Əsəd BMT-nin nümayəndəsi Koffi Annanın irəli sürdüyü atəşkəs planına da əməl etməyib. Qeyd edək ki, Annan Suriya müxalifətinə müraciət edərək bildirmişdi ki, atəşkəs rejiminə əməl edildikdən 48 saat sonra müxalifət fəaliyyətini dayandırmalıdır. “Suriyanın dostları” isə BMT nümayəndəsindən rəsmi Dəməşqə atəşkəs rejiminə əməl olunması üçün vaxt verməsini istəyib. Bəşər Əsəd qırğınları davam etdirir, “Suriyanın dostları” isə “Azad Suriya Ordusu”na dəstəyi artırıblar. Ehtimal edilir ki, Qərbin yardımı Türkiyə vasitəsi ilə mümkün olacaq. Daha dəqiqi Türkiyə Silahlı Qüvvələrinin Əsəd diktaturasının zülmü altında inləyən Suriya xalqına yardıma gedəcəyi proqnozlaşdırlır. Bəllidir ki, Əsəd rejimi Suriyanın türklər yaşayan Homs şəhərində daha çox qırğınlar törədib. Bu da Türkiyəyə qarşı atılmış addım kimi nəzərdən keçirilir. Bundan başqa Əsəd rejiminin zülmündən Türkiyəyə xeyli miqdarda suriyalı qaçıb. Bu da bölgədə humanitar fəlakətin yaranması deməkdir. Minlərlə suriyalı ailə Türkiyənin himayəsindədir. Həm dövlət maraqları, həm də Suriya xalqının mənafeyi Türkiyəni qəti addımlara sövq edir. Böyük ehtimalla, Türkiyə riskli addım ataraq Suriya ərazisinə daxil olacaq. Türkiyə Silahlı Qüvvələri Suriyaya daxil olarsa, Əsəd rejimi devriləcək, Bəşər Əsəd və Suriyanı talamış ailəsi məhkəmə qarşısına çıxarılacaq. Əsəd Türkiyənin əli ilə devrilsə, Ankara bölgədə möhkəmlənəcək, super dövlət iddialarını davam etdirəcək. Bu halda Türkiyə İran məsələsinin həllində də vacib rol oynayacaq. Bu isə bölgə dövlətlərini, superdövlət iddialarında olan Rusiya, Çin kimi nəhəng dövlətləri narahat edir. Görünür, Rusiyanln narahatlığı o həddə çatıb ki, Moskva açıq jest etməkdən çəkinmir. Xarici KİV-lər Rusiyanın bir döyüş gəmisini Suriyaya göndərdiyini xəbər verir. Keçən həftə Sevastopol limanından yola çıxan gəmi hazırda İstanbul boğazı yaxınlığındadır. Rusiya Müdafiə Nazirliyi döyüş gəmisinin Aralıq dənizində öncədən planlaşdırılmış vəzifəsinə uyğun olaraq Suriyanın Tartus limanına getdiyini açıqlayıb. Rusiya mətbuatı döyüş gəmisinin Tartus limanına göndərilməsini Moskvanın Bəşər Əsəd hakimiyyətinə dəstək mesajı kimi qiymətləndirir. Rusiyanın bu addımı bimənalı qarşılanmır. Siyasi ekspertlər hesab edirlər ki, bu ciddi dəstək sayıla bilməz. Hesab olunur ki, hakimiyyətinin legitimliyinə Suriyanı satmış Putin iqtidarı bununla Əsəd rejimini reverans edir, yalançı güc və dəstək nümayişi edir. Ehtimal edilir ki, Rusiyanın hərb gəmisi Suriyanın iç siyasətinə heç bir təsir etməyəcək. Görünür, bu arxayınlıq Qərb dövlətlərində var ki onlar da Moskvanın ciddi addımlara atacağına inanmırlar. Bu arada NATO-nun baş katibi Foq Rasmussen bildirib ki, NATO Suriyadakı müxalifətin silahlanmasının əleyhinədir. Baş katibin sözlərinə görə, hər hansı bir qrupa silahların verilməsi regionda potensial təhlükə yaradır. “Suriya NATO ölkəsi olan Türkiyə ilə həmsərhəddir. Buna görə də, oradakı vəziyyəti yaxından izləyirik” - deyə, Rasmussen əlavə edib. NATO rəsmisinin aşıqlaması eyni zamanda Suriya rejimini dəstəkləyən Rusiya və İrana xəbərdarlıq sayıla bilər. Yəni Rusiya hava, quru və ya sularda Suriya hər hansı dəstək nümayiş etdirsə, kəskin cavab alacaq. Bu isə bölgə üçün ciddi problemlər vəd edir. Rusiya Suriya məsləsində NATO ilə qarşı-qarşıya gələcəkmi?

OLAYLAR.AZ saytı
Aslan
Bu xəbər oxucular tərəfindən 1336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed