Şrift:
GÜNEYLİ DOSTUM
06.04.2012 [17:33] - Gündəm
Bir il öncə təsadüf nəticəsində bir insanı tanıdım. Guneyli bir qardaşımızı. Zamanla alışdım onun varlığına. Vətəni üçün yanaraq dediklərini eşitməyə. İnternetdə hər söhbətimiz mənim üçün maraqla gözlədiyim görüşə çevrilmişdi. Aşıb-daşan vətən sevgisi uzaqdan-uzağa məni riqqətə gətirirdi. Dünyalara sığmayan o vətən sevgisi məni ona bağlayan qırılmaz tellərdən biri oldu. Vətənə olan bu qədər sevgisi və əzmi, heç bir çətinlikdən çəkinmədən öz əqidəsinə sadiq qalması və sonsuz səbri ona hörmətimi gündən-günə artırdı…

Bir söhbətimizdə “çarəsizliyi yaşadınmı” sualıma “ölüm fərmanımı yaşadım” cavabını aldım. Və həmin gündən, ölüm hökmü verildiyini və axtarışda olduğunu eşitdiyi həmin o gündən danışdı, özünün ölümə məhkum olunmuş olduğunu anlatdı mənə. O yazdıqca tüklərim biz-biz olurdu, içim yanırdı. Nə deyəcəyimi belə bilmirdim, sadəcə gözümdən axan yaşı görə bilmədiyinə sevinirdim…

“Bir gün səhər tezdən bir dostumun telefon zənginin səsinə ayıldım. Saat 7-8 radələri olardı. Telefonu yarıyuxulu açdım. Dostumun səsi həyəcanlı və təəccüblü idi. Qırıq-qırıq danışması ilə tələsirdi. Tez ol, get “Müsavat”ı al oxu, sənin haqqında yazılıb, tez ol! Səsinin kəskinliyi yarıyuxulu beynimə öz təsirini göstərdi. Və onun bu həyəcanı yuxudan ayıltdı məni.

Əynimi geyinib evdən çıxdım. Yaxınlıqdakı köşkdən qəzeti aldım… axtarmağa başladım. Həmin an keçirdiyim hissləri indi də unutmuram… Guney Azərbaycandan olan 24 qardaşımla birgə mənə də ölüm hökmü çıxarıldığını oxudum. Biz axtarışdayıq deməli… Mənim adım sıyahıda 4-cü idi. Adımı oxudum, elə qəzet köşkünün önündəcə… Bədənimdən soyuq tər axırdı… Bir də baxdım ki, evdəyəm, necə evə gəldiyimi xatırlaya bilmədim.

İran höküməti bizi öz dilimizdə təhsil almaq istəyimiz, dilimizi və vətənimizi - Azərbaycanımızı sevdiyimiz üçün bu ağır cəzaya məhkum etmişdi. Onda mən BDU-da oxuyurdum, jurnalistika fakültəsində, həm də qəzetdə işləyirdim, yazılarıma görə məni “mükafatlandırmışdılar”… İranda 40 milyondan çox azərbaycanlı yaşadığı halda bizə öz dilimizdə təhsil haqqının verilməməsi məni yandıran başlıca məsələ idi. Mən yazılarımda buna toxunurdum. Azərbaycanlıların hüquqsuzluğu mənim daimi mövzularıma çevrilmışdi.

Mənə tez-tez hədə-qorxu gəlirdilər, amma təbii ki, bu mənim istəyimə və amalıma mane olmurdu. Hətta bir dəfə İranın Azərbaycandakı səfiri də cənab Heydər Əliyevə mənim belə yazılarımın qarşısınının alınması üçün muraciət etmişdi (söhbət 2003-cü ildən gedir). Onda Heydər Əliyev ona çox gözəl cavab vermişdi: “Biz demokratik və azad ölkədə yaşayırıq, mən olkəmdə yaşayan heç kimə deyə bilmərəm ki, bunu düşünməyin, bunu yazmayın”. Beləcə yazılarım və görünür, əsas da vətənə olan sevgim mənə bu hökmün verilməsinə səbəb oldu…

Bizi öldürmək, ya da İrana aparmaq üçün İrandan bir məhbusu azad edərək Bakıya göndəribmişlər sən demə… Bunları bir qədər sona öyrəndim…

Bir müddət sonra anamla danışdım, hadisələri təxmin edirdi, mən də ucundan-qulaqından danışdım, ağladı, Güneyə - yəni vətənə, evimizə dönməməyim üçün mənə and verdi. Anama qıya bilmədim… beləliklə də, qürbətlərdə yaşamalı oldum”.

Özünə kəsilmiş həmin hökmü oxuduğunda adı Şəmruz idi… İndisə adını dəyişərək Azərbaycan mənşəli ad alıb və içində bu azərbaycanlı adının sevincini doya-doya “YAŞAR”am deyir o insan.

Mənim dostum və qəhrəmanım indi Kanadada yaşayır. Bizim ölkəmiz onun təhlükəsizliyinə təminat verə bilmədiyi üçün Kanadaya getməli oldu. Özü ilə birgə dünyaya sığmayan VƏTƏN sevgisini də apararaq getdi…

P.S. Bu gün də həmin ANI yaşayan güneyli soydaşlarımızın sayı az deyil, təəssüflər olsun ki, az deyil!

Gülnar MAYİSQIZI
“Discovery Azerbaijan” jurnalının redaktoru
Bu xəbər oxucular tərəfindən 1135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed