Şrift:
Nəriman Nərimanovun Mehmandarov və Şıxlinskini qorumaq üçün Leninə məktubu - Onlar hərbi mütəxəssis olmaq etibarı ilə əvəzsizdirlər...
17.03.2017 [11:17] - Xəbərlər, Hərb
Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonra bir çox ictimai-siyasi-hərbi xadimlərimiz repressiyaya məruz qaldılar. Azərbaycanı sosialist yönümlü müstəqil dövlət kimi görmək və qurmaq istəyən Nəriman Nərimanov bu qırğınların qarşısını almağa çalışırdı. Bir çoxlarını da ölümün pəncəsindən qurtara bilmişdi. Ancaq N.Nərimanov tək olduğundan bir çoxlarının də öldürülməsindən xəbərsiz olmuşdu. Həttə Nərimanov bolşeviklərin güllələdiyi 12 Azərbaycan generalının dadına çata bilməməsinə heyfslənib deyib ki, onların hər birini yaxşı tanıyırmış.

Nərimanov həbs edilənlər və həbs edilmə təhlükəsi ilə üzləşənlər barədə xəbər tutan kimi onları qorumağa çalışırdı. Qoruya bildikləri də oldu. Onlardan ikisini - Azərbaycan Hərbiyyə Naziri Səməd bəy Mehmandarov və müavini Əliağa Şıxlinsiki olmuşdu. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov hər iki generalın razılığını alandan sonra V.İ.Leninə yazdığı məktub və keşikçi dəstəsilə ayrıca vaqonda hər iki generalı Moskvaya göndərdi. Tədqiqatçı Şəmistan Nəzirlinin araşdırmalarından əldə etdiyimiz N.Nərimanovun Leninə məktubunu və N.Nərimanov tərəfindən hər iki generala verilən vəsiqənin birini - Əliağa Şıxlinskinin vəsiqəsinin mətnini Enter.News təqdim edir:

“Əziz Vladimir İliç!

Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınmışdır. Bu məktubu Sizə təqdim edən məşhur generallar - Mehmandarov və Şıxlinski də onların arasında idi. Diqqətli yoxlama nəticəsində məlum oldu ki, bu generalların üsyanla əlaqəsi olmamışdır. Lakin mövqeyimiz sakitləşənə kimi və ümumi işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik ki, onları qərargahda işləmək üçün Sizin sərəncamınıza göndərək, çünki onlar, hərbi mütəxəssis olmaq etibarı ilə əvəzsizdirlər. Onlardan biri - Şıxlinski Nikolay ordusunda “artilleriyanın allahı” sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər. Sonra Sizdən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsiniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır.

Kommunist salamı ilə: N.Nərimanov, 01 avqust 1920-ci il".

Nəriman Nərimanov hər iki generala 1920-ci il iyulun 31-də öz imzası ilə belə bir vəsiqə də vermişdir. Şıxlinskinin vəsiqəsində yazılmışdı:

“Bu vəsiqənin təqdim edən Əli ağa Şıxlinski yoldaş Azərbaycan İnqilab Komitəsi tərəfindən gələcəkdə döyüş cəbhəsinə yola düşmək üçün Moskvaya - RSFSR inqilabı Hərbi Şurasının sərəncamına göndərilir.

Bütün hərbi və mülkü idarələr, ayrı-ayrı şəxslər yol boyu Əli ağa Şıxlinski yoldaşa mənzil başına maneəsiz çatmağa və ona qanuni kömək göstərməyə çağırılır.

Əliağa Şıxlinski yoldaşa olan əşyalar və ərzaq məhsulları müsadirə və rekvizisiya oluna bilməz

Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov İdarəsi işləri rəisi .............. imza”.

Beləliklə, hər iki general Azərbaycanda olan daşnak-bolşevik təhlükəsindən xilas oldular. Onlar bir il iki ay Moskvada yaşayıb Ali Topçuluq məktəbində müəllim işlədilər. 1921-ci il noyabrın 18-də hər iki generalı Nəriman Nərimanovun xahiş və minnətlə Bakıya qaytara bildi.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed