Şrift:
Nadir Qazipur azərbaycanlı fəallara verilən ağır cəzaya etiraz etdi
10.04.2017 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son vaxtlar İranda azərbaycanlı milli-mədəni fəallar haqqında çıxarılan ağır məhkəmə qərarı bir çox soydaşımızın kəskin etirazına səbəb olub.

Son məlumata görə, Urmiyə əhalisinin ölkə parlamentindəki millət vəkili Nadir Qazipur İran Məhkəmə Sisteminin rəisi Amoli Laricaniyə məktub yazaraq azərbaycanlı fəallara qarşı çıxarılan ədalətsiz məhkəmə hökmlərinə öz etirazını bildirib.

Məktubda azərbaycanlı fəallar Həmid Mənafi, Əlirza Fərşi və Behnam Şeyxinin adını qeyd edən millət vəkili, fəallar barəsində çıxarılan hökmlərə yenidən baxılmasını tələb edib.

“Bu insanlar əslən azərbaycanlıdılar. Onlar azərbaycanlı olduqlarına görə, ana dili və islam dininə xüsusi əhəmiyyət verirlər”- deyə məktubda yazılıb.

N.Qazipur bildirib ki, “təhlüksizlik qüvvələrinin fəallarla bağlı məhkəməyə təqdim etdiyi raportda məsələlər həddindən artıq şişirdilib, ona görə də məhkəmə qərarına yenidən baxılmalı və adı çəkilən insanlar özlərini yenidən müdafiə etməlidirlər.”

Fevralın 21-i Beynəlxalq Ana Dili Günündə Tehranın Gülüstan İnqilab Məhkəməsi 4 azərbaycanlı fəal haqda qərar çıxarıb. Qərara əsasən Əkbər Azad 10 il, Əlirza Fərşi 15 il, Behnam Şeyxi 10 il və Həmid Mənafi 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onların hər biri 2 il müddətinə sürgün edilmə cəzasına da məhkum edilib. Əkbər Azad sürgün həyatını İlam vilayətinin Dərreşəhr şəhərində, Əlirza Fərşi Xuzistanın Bağmolk şəhərində, Behnam Şeyxi Xuzistanın Məscid-i Süleyman şəhərində, Həmid Mənafi isə Loristanın Azna şəhərində keçirəcək.
Son günlərdə isə azərbaycanlı fəal Süheyla Kargər Qəzvin İnqilab Məhkəməsi tərəfindən 5 il həbs cəzasına məhkum edilib. Bir çoxları S.Kargər haqda çıxarılan həbs qərarını ədalətsiz hesab edir.

Qeyd edək ki, İran məhkəmələrinin azərbaycanlı fəallar haqqında çıxardıqları ağır həbs qərarı, kəskin etirazla qarşılanır. Bununla bağlı Telegram sosial şəbəkəsində xüsusi etiraz kampaniyası kanalı yaradılıb, kanala qısa müddətdə müxtəlif şəkillər və etiraz materialları göndərilib.

Nadir Qazipur azərbaycanlı fəallara verilən ağır cəzaya etiraz etdi
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed