Şrift:
Təbriz və ərdəbilli fəallar ayrıca bəyanat yayaraq ermənilərin Tehranda keçirdiyi aksiyaya icazə verilməsinə etiraz ediblər
28.04.2017 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz və Ərdəbil şəhərlərində bir qrup azərbaycanlı fəal ayrıca bəyanat yayaraq ermənilərin aprelin 24-də Tehranda keçirdiyi aksiyaya icazə verilməsinə etiraz ediblər.

Fəallar İran hökumətini türk milləti ilə düşmənçilik edən Asala və Daşnaksütyun qruplaşmalarının tərəfdarları ilə birgə hərəkət etməkdə günahlandıraraq, Türkiyə səfirliyi qarşısında aksiyaya icazəsi verilməsini sərt şəkildə qınayıblar.
“Aprelin 24-də qətliam və terrorda məşhur olan bədnam Daşnaksütyun və Asala qruplaşmalarının tərəfdarları İran dövlətinin icazəsi ilə Tehranda qardaş Azərbaycan və Türkiyə əleyhinə etiraz aksiyası keçirdilər.
Azərbaycan və Türkiyənin bayraqlarının yandırıldığı və irqçi şüarların səsləndirildiyi aksiyanın keçirməsinə şərait yaratmaq insanda belə bir sual yaradır ki, görəsən ermənilərə belə bir şərait yaradan İslam Cümhuriyyəti nə üçün şiə müsəlmanı olan Əzimi Qədimi məzlum Dağlıq Qarabağ əhalisini müdafiə etdiyinə görə həbsdə saxlayır?! Bəs dini dəyərlər və islamla bağlı iddialar hanı?!
Ermənilərə belə bir icazə verildiyi halda, nə üçün azərbayvanlılara Sel fəlakəti və Təbriz-Məşhəd qatarı hadisələri ilə bağlı aksiya keçirməyə icazə verilmir?! Bütün bunlar İranın Azərbaycan Respublikası, Türkiyə və Güney Azərbaycana olan düşmənçiliyinə işarədir. Biz bir qrup təbrizli Milli Hərəkat fəalı olaraq İran dövlətinin bu hərəkətini kəskin məhkum edir, onu islama deyil, fars millətçiliyinə uyğun görürük və elan edirik ki, İranın irqçi rejimi bu hərəkətinin mənfi təsirini qarşıdakı seçkilərdə görəcək”- deyə təbrizli fəalların yaydığı bəyanatın bir hissəsində qeyd olunub.
Ərdəbilli milli-mədəni fəallar da Türkiyə səfirliyi qarşısında keçirilən aksiya ilə bağlı oxşar bəyanat yayaraq İran rejiminin Asala və Daşnaksütyun qruplaşmalarının tərəfdarları ilə birgə hərəkət etməsini şiddətlə məhkum ediblər.
“Uydurma erməni soyqırımı bəhanəsi ilə keçiriləcək aksiya ilə əlaqədar xəbərdarlıq edilmişdir, buna baxmayaraq ermənilərin fəaliyyəti fars irqçiliyinə uyğun olduğu üçün onlara icazə verildi. Onlar Xomeyni və Xameneinin şəkillərini əllərində tutaraq müsəlman Azərbaycan və Türkiyə ölkələrinin bayraqlarını yandırdılar. Erməni lobbisinin islam ölkəsində belə bir hərəkət etməsi yalan “ariyayi” iddialarına xidmət etməkdən başqa heç nəyə uyğun gəlmir?! Vəziyyət belədirsə, nə üçün özünüzü dini-islami hökumət yerinə irqi-ariyayi hökuməti adlandırmırsınız?!”- deyə bəyanatın bir hissəsində qeyd olunub.
Ərdəbilli fəallar cinayətkar erməni qruplaşmalarının Güney və Quzey Azərbaycanda törətdikləri tarixi cinayətləri xatırladaraq İran rejiminin onlara dəstək verməsini qəbuledilməz adlandırıb və bildiriblər ki, artıq rejimin islami şüarları azərbaycanlılar arasında öz əhəmiyyətini itirib və rejimin bu kimi hərəkətləri azərbaycanlıların seçkilərdəki mövqeyinə təsir edəcək.
“Belə siyasətlərinizlə yaxın gələcəkdə yəqin ki, ikinci Sovet hökumətinə çevriləcəksiniz. Güney Azərbaycan türk milləti isə belə bir vəziyyətdə milli mənafe və məntiq əsasında hərəkət edərək Quzey Azərbaycan təcrübəsini yaşamaya hazır olmalıdır”- deyə ərdəbilli fəalların yaydığı bəyanatda qeyd olunub.

FacebookTwitterGoogle+LinkedInEmailPrintFriendly
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed