Şrift:
Urmiyənin millət vəkili Hadi Bahaduri ofisinin müdirinin öldürüldüyünü təsdiq edib
08.06.2017 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri iyunun 7-də parlamentdə baş verən terror hadisəsində ofisinin müdirinin öldürüldüyünü təsdiqləyib.

O bu barədə “İsna” xəbər agentliyinə danışıb.

“Mənim ofisim millət vəkillərinin ofisi yerləşən binanın ikinci mərtəbəsindədir. Parlamentdə baş verən terror hadisəsi zamanı terroristlərdən biri millət vəkillərinin ofisləri yerləşən mərtəbəyə daxil olub, nəticədə ofisimin müdiri Həmid İmdadi şəhid olub”- deyə o bildirib.

Millət vəkilinin sözlərinə görə, Həmid İmdadi parlament binasına hücumdan dərhal sonra aldığı güllə yarasından dünyasını dəyişib.

Bundan öncə Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjadın ofisinin müdiri, millət vəkilinə müraciət edən bir Mərənd sakininin yaralandığını bildirmişdir. İbrahim Xələfi terror hadisəsində əl nahiyyəsindən yaralanıb, o Tehranın Sina xəstəxanasına çatdırılıb, hazırda vəziyyətinin normal olduğu bildirilir.

İyunun 7-si yerli vaxtla saat 10:15-də Tehranda İran parlamenti və İslam Cümhuriyyətinin qurucusu Ruhulla Xomeyninin məqbərəsinə qarşı silahlı hücum olub. Son məlumata görə, hər iki hücumda 13 nəfər həlak olub, 43 nəfər yaralanıb. İŞİD hücumların məsuliyyətini üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed