Şrift:
Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Azərbaycanda səfərdədir
16.06.2017 [11:42] - Xəbərlər, Siyasət
Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Azərbaycana səfərə gəlib.
Birgünlük səfər zamanı Y.Han noyabrda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcək.
"Şərq Tərəfdaşlığı" sammitini, eləcə də yaxın gələcəkdə əməkdaşlığımızı necə genişləndirə və dərinləşdirə biləcəyimizi müzakirə etmək məqsədilə Azərbaycana - Avropa İttifaqı üçün vacib tərəfdaş olan ölkəyə səfər edirəm. Avropa İttifaqı Azərbaycanın vətəndaş cəmiyyətlərini də prosesə cəlb etməklə əhəmiyyətli iqtisadi və demokratik islahatlara nail olmaq üçün göstərdiyi səylərdə dəstək olmağa hazırdır", - Y.Han Bakıya səfərindən əvvəl bildirib.
Səfər zamanı Avropa komissarı Aİ və Azərbaycan arasında yeni saziş üzrə davam edən danışıqlar, eləcə də tərəfdaşlıq prioritetləri və əməkdaşlığın gələcək sahələri barədə müzakirə aparmaq üçün dövlət rəsmiləri ilə görüşəcək.
O, həmçinin iyunun 8-də Bakıda keçirilmiş Aİ-Azərbaycan biznes forumunun nəticələrini müzakirə etmək üçün özəl sektorun və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşəcək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edəcək, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed