Şrift:
Ərdəbil, Urmiyə və Tehranın millət vəkilləri: Türk dili bütün məktəb və universitetlərdə tədris olunmalıdır
15.08.2017 [14:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil, Urmiyə və Tehranın millət vəkilləri türk dilinin bütün məktəb və universitetlərdə tədris olunmasını tələb ediblər.

Qardaşlıq və islam ədaləti şüarı ilə çıxış edən islam cümhuriyyətinin ömründən təxminən 40 il keçməsinə baxmayaraq hələ də onmilyonlarla Azərbaycan türkü ana dildə təhsil almaq kimi ibtidai hüquqlarından məhrumdular. Artıq sosial tələbatı nəzərə alaraq bir çox millət vəkili də ölkədə türk dilinin rəsmi tədrisi ilə bağlı tələb irəli sürür.

Bu barədə Ərdəbilin millət vəkili Məhəmməd Feyzi parlamentdə ölkə prezidenti Həsən Ruhaniyə xitabən çıxış edib.

“Konstitusianın 113-cü maddəsinə əsasən prezident konstitusiyanı qorumalı və onu icra etməlidir. Bu gün yerli dillərə diqqət olunmur. Bu o həddə çatıb ki, artıq bizim övladlarımız üçün azəri (türk dili) sözləri özgə sayılır. Hesab edirəm ki, Təhsil, həmçinin İslami İrşad və Mədəniyyət Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir”- deyə millət vəkili qeyd edib.

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, M.Feyzi sözlərinin davamında konkret tələb irəli sürüb: “Ölkə universitetlərinin birində azəri (türk dili) dili tədris olunur, bu yaxşı haldır. Lakin bu iş bütün universitetlərdə görülməlidir.”

Bu arada ana dilinin tədrisi ilə bağlı avqustun 14-də Teleqram kanallarında bir məktubun təsviri yayılıb. Məktub Elm, Tədqiqat və Texnologiyalar nazirinin parlament işləri üzrə müavini İbrahim İbrahimi tərəfindən nazirliyin ali təhsil və təlimi proqramlaşdırma ofisinin rəisinə yazılıb. Məktubda Urmiyənin millət vəkili Nadir Qazipur və Tehranın millət vəkili Əlirza Məhcubun türk dilinin tədrisi ilə bağlı tələbləri əks olunub.

“Urmiyə şəhəri, həmçinin Tehran, Rey, Şemiranat və İslamşəhrin millət vəkili cənab Nadir Qazipur və Əlirza Məhcub türk dilinin bütün məktəb və universitetlərdə tədrisi ilə bağlı xəbərdarlıq ediblər. Xahiş olunur ki, bu məsələyə baxılsın, nəticə parlamentə cavab göndərmək üçün ofisimizə göndərilsin”- deyə məktubda qeyd olunub.

Türk dili Təbriz universiteti istisna olmaqla İranda heç bir təhsil ocağında tədris olunmur. Təbriz universitetində isə azərbaycanlıların uzun illər mübarizəsindən sonra türk dilinin tədrisi mümkün olub. Artıq universitet ikinci ildir ki, türk dili və ədəbiyyatı ixtisası üzrə öyrənci qəbul edir.
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed