Şrift:
Pekin Xarici Dillər Universitetində Azərbaycan dili üzrə tələbə qəbulu nəzərdə tutulur
26.08.2017 [10:26] - Gündəm, Sosial
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Çin Xalq Respublikasının elm və ədəbiyyat qurumları arasında mövcud əməkdaşlıq və gələcək perespektivlər mövzusunda müzakirə keçirilib.

Akademiyadan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Çinlə elmi və ədəbi əlaqələrin müstəqillik illərindəki tarixinə toxunub. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfərini müstəqillik illərində əlaqələrin mühüm başlanğıc nöqtəsi olduğunu xüsusi vurğulayan İ.Həbibbəyli 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri və keçirilən görüşlərin əməkdaşlıq üçün zəngin töhfələr verdiyini bildirib.

“Bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Konfutsi Mərkəzi fəaliyyət göstərir, Çin dili tədris olunur. Dünyanın əhalisinə görə birinci, iqtisadiyyatına görə ikinci yerdə olan nəhəng dövlətlə elmi və ədəbi əlaqələrin qurulması əhəmiyyətlidir. Eyni zamanda AMEA-nın rəhbərliyi də 2015-ci ildə Çinə səfər etmiş və burada İctimai Elmlər Akademiyasında müxtəlif formatda görüşlər keçirmişdir”, – deyə müştərək elmi əməkdaşlıq əlaqələrindən söz açan akademik bundan sonra da qarşılıqlı elmi əlaqələrin uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Çindən 6 aylıq elmi ezamiyyətdən geri dönmüş institutun əməkdaşı Nərgiz Kərimovanın hesabatı dinlənilib. N.Kərimova Çinin Xefey şəhərində yerləşən Anxoy Universitetində Çin dili ilə bağlı kurs keçdiyini, qazandığı təcrübəni əsaslandırıb.

Görüşdə iştirak edən Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika dilləri fakültəsinin dosenti Aqşin Əliyev Çində Azərbaycan elminin təbliğinin müasir vəziyyəti, görülən işlər barədə məlumat verib. Bildirib ki, 2017-ci ilin fevral ayından Pekin Xarici Dillər Universitetində Azərbaycan dili tədris olunmağa başlayıb. 2018-ci ildə Azərbaycan dili üzrə tələbə qəbulu nəzərdə tutulur. Çin-Azərbaycan dili lüğəti hazırlanıb. “Kitabi Dədə Qorqud” dastanı Pekində Çin dilində çap olunub. Gələn il “Kitabi Dədə Qorqud”la bağlı konfrans keçirilməsi nəzərdə tutulur.

İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov çıxış edərək son zamanlar Azərbaycan-Çin ədəbi əlaqələrinin inkişaf etdiyini və bu əməkdaşlığın gələcəkdə ciddi elmi tədqiqatlar aparmağa imkan verdiyini bildirib.

Sonda İ.Həbibbəyli gələcək əməkdaşlığa dair təkliflərini bildirib. Akademik vurğulayıb ki, Azərbaycan dilinin tədrisi ilə bağlı dərslik, kitab, materiallarla bağlı Akademiya tərəfindən hər cür köməklik göstərilməsi, Pekin Xarici Dillər Universiteti ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanması, qarşılıqlı ədəbi-elmi əlaqələrin inkişaf etdirilməsi üçün videokonfranslar keçirilməsi, Pekin Xarici Dillər Universitetində Azərbaycanşünaslıq mərkəzinin açılması gələcək əlaqələrin yüksək səviyyədə inkişafına kömək edə bilər.
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed