Şrift:
Fərəc Quliyev: -İşğal edilmiş torpaqlarını azad etmək istəyi Azərbaycanın öz hüququdur
29.05.2012 [20:02] - Özəl xəbər, Fərəc Quliyev
Gün.Az-ın Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyevlə müsahibəsi:
- Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bəyan edib ki, Ermənistana hər hansı hərbi müdaxilə olarsa, KTMT İrəvana öz yardımını göstərəcək. Əgər Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək qərarına gələrsə, belə bir müdaxilənin edilməsi beynəlxalq hüquqa nə dərəcədə müvafiq olar?

- Qeyd etmək lazımdır ki, Azərbaycan hal-hazırda kifayət qədər nüfuzlu dövlətdir, dünyanın idarə edilməsi məsələsində də iştirak edən ölkədir.

Axı Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Hal-hazırda da Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi arzusu və cəhdləri üçün də beynəlxalq hüquqa arxalanır.

Azərbaycan həmçinin KTMT-nin üzvü olan Rusiyanın da üzv olduğu BMT TŞ-nın qəbul etdiyi dörd qətnaməyə əsaslanır. Bu qətnamələrdə Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktı və bu torpaqların azad edilməsinin vacibliyi öz əksini tapıb. Bundan əlavə, ATƏT 2005 və 2010-cu illərdə təcavüzkarın işğal etdiyi Qarabağ ərazilərindən geri çəkilməsini bəyan edən sənədlər qəbul edib.

Başqa sözlə desək, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək arzusundan savayı beynəlxalq təşkilatların işğal edilmiş torpaqların azad edilməsinin vacibliyini əks etdirən müvafiq sənədləri də var.

Bununla yanaşı, Azərbaycanla Rusiya arasında bir-birinin ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən bir sıra dövlətlərarası və hökumətlərarası müqavilə və sazişlərin də mövcud olduğunu qeyd etmək lazımdır. Əgər Azərbaycan torpaqlarını öz dövlət sərhədlərindən kənara çıxmamaq şərti ilə azad etmək qərarına gələrsə, Rusiya işğalçıya köməklik göstərməməlidir.

Əgər Azərbaycan öz ərazilərini azad etmək qərarı verərsə və Rusiya bu təqdirdə Ermənistana köməklik edərsə, bu beynəlxalq hüququn bütün prinsiplərinə zidd olacaq. Belə ki, işğal edilmiş torpaqlarını azad etmək istəyi Azərbaycanın öz hüququdur.

- Rəsmi Bakının Nikolay Bordyujanın bəyan etdiklərinə münasibət göstərməsi nə dərəcədə məqsədəuyğun olar?

Azərbaycan Qarabağ münaqişəsinin nizamlanması məsələsində Ermənistanla danışıqlarda maksimalist mövqedən çıxış etmir. Çünki Azərbaycan işğal olunmuş ərazilərdə törətdiyi dağıntılara görə kompensasiyanın ödənilməsi üzrə Ermənistana qarşı tələb irəli sürmür, Azərbaycan Ermənistanın öz dövlətini yaratdığı torpaqları ondan tələb etmir. Azərbaycan yalnız BMT ölkələri tərəfindən tanınmış öz ərazi bütövlüyünün təmin olunmasını istəyir.

Hesab edirəm ki, Azərbaycan Bordüjanın bəyanatına sərt cavab verməlidir. Eyni zamanda, hesab edirəm ki, bu tipli bəyanatlar Azərbaycanı qorxuda bilməz. Həmçinin, rəsmi Bakının bundan sonra torpaqların işğalı faktına passiv yanaşacağını da mümkünsüz hesab edirəm.

Azərbaycan Qarabağ münaqişəsi ətrafında müharibə bərpa olunacağı təqdirdə iştiraksız qalmamaları üçün artıq indidən öz müttəfiqləri ilə danışıqlara başlamalıdır.

- KTMT-nin bir kollegial təşkilat olaraq Qarabağda müharibə bərpa olunacağı təqdirdə Ermənistana yardımın göstərilməsi barədə yekdil qərarın qəbul edilməsi nə dərəcədə realdır?

- KTMT-nin prinsiplərində bu təşkilatın üzvlərindən birinin digər dövlətlərin ərazilərinə qarşı işğalçılıq siyasəti apardığı zaman belə bir yardım ala biləcəyi göstərilmir. Bu təşkilat tərəfindən KTMT üzvlərinə yardım onların ərazilərinə hərbi müdaxilə təqdirində göstərilə bilər.

KTMT Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə bu münaqişəyə müdaxilə edə bilməz və buna heç hüququ da yoxdur. Çünki, Azərbaycan hərbi əməliyyatları dünya ictimaiyyəti, eləcə də, Ermənistandan başqa KTMT-nin bütün üzvləri tərəfindən tanınmış öz əraziləri çərçivəsində aparacaq.

Eyni zamanda, hesab edirəm ki, KTMT yekdil rəyin olmaması səbəbindən Ermənistana yardımın göstərilməsi üzrə qərar qəbul edə bilməz.

- KTMT-nin Qarabağ münaqişəsinə müdaxiləsi Azərbaycana kömək üçün digər hərbi-siyasi bloklara müraciət etmək hüququ verə bilərmi?

- Azərbaycanın təhlükəsizliyi BMT və ATƏT tərəfindən, həmçinin ölkənin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirakı çərçivəsində təmin olunmalıdır. Bununla yanaşı, Azərbaycan hərbi-siyasi bloklarda iştirak imkanlarını nəzərdən keçirməlidir. Eyni zamanda, transkontinental Avrasiya blokunun formalaşdırılmasına və Azərbaycanın orada iştirakına zərurət var. Bu blok Cənubi Qafqaz və Orta Asiya ölkələrinin birgə təhlükəsizlik sistemini formalaşdıra bilər.

N.H.
Bu xəbər oxucular tərəfindən 2155 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed